Marketlərin lotoreyaları və aldadıcı bonusları...
“Yaxşı olardı ki, marketlər alıcıları da bir az düşünsünlər”
Bayramqabağı ticarət mərkəzlərində, marketlərdə qələbəlik hiss olunur. Bayramı fürsət bilənlər mallarını satmağa çalışır. Bu məqsədlə də "min cür” fənd işlədirlər. Üzərinə "hədiyyəli” yazılmış ərzaq paketləri göz oxşayır. Amma diqqət edəndə görürsən ki, burada hədiyyədən əsər-əlamət qalmayıb; təkbaşına satılan ərzaqla "hədiyyə” edilən arasında əsaslı bir qiymət fərqi yoxdur, əksinə, "havayı” təklif edilənlərin istifadə müddətinin bitməsinə çox az vaxt qalıb, ya da keyfiyyəti şübhə doğurur.
Marketlərin "gül üstündə bülbül” əməliyyatı öz xeyirlərinə hesablanıb. Deyilə bilər ki, sahibkarların mənfəət əldə etmək istəyi təbiidir. Hansı sahibkar öz xeyrindən əl çəkər?! Belədə, əlac qalır alıcının
da öz xeyrini düşünüb, zərərdən mümkün qədər uzaqlaşması üçün diqqəti əldən verməməsinə. İqtisadçılar da bu fikirdədir ki, hər kəs istehlak səbətinə uyğun alış-veriş etməyə çalışmalıdır. Ailə hansı ərzaqlardan gündəlik istifadə edirsə, məhz onları almalıdır.
Daha "hədiyyələr”ə aldanıb evi lazımsız ərzaqlarla doldurmamalıdır. Başqa bir anlaşılmazlıq isə bonus-kartlarla yaşanır. Məlumdur ki, hazırda bütün iri marketlər bonus-kartlarla satış aparır. Karta tədricən toplanan bonuslarsa vətəndaşa müxtəlif şəkildə qayıdır. Bəzi marketlər toplanmış bonusların qarşılığında müxtəlif əşyalar təklif edir, bəzisi isə toplanmış bonus dəyərində alış-veriş etməyi. Ancaq məsələ burasındadır ki, alıcılar bu təkliflərdən demək olar, daim narazı qalır.
"Çaydan nəyimə lazımdır, onun əvəzində ərzaq versəydilər, daha yaxşı olardı” deyənlər də olur, ümumiyyətlə, bonus kartlardan bəhrələnmədiklərini söyləyənlər də. Elə alıcılar var, bir ildir kartla alış-veriş etdiyini, lakin indiyədək nə qədər bonus toplandığından xəbərsiz olduğunu, marketdə də ona məlumat verilmədiyindən gileylənirlər. Bayram günlərində diqqət çəkən bir məqam da, marketlərin uduş kampaniyaları elan etməsi, lotoreyalar təşkil etmələridir. Məsələn, adını çəkmədiyimiz marketlər şəbəkəsi Yeni il öncəsi uduş kampaniyası keçirir. 5 manatlıq alış-veriş edən alıcılara avtomobil və İstanbula səyahət paketi qazanmaq vəd edir. Marketə gələn alıcılara lotoreya biletləri təqdim olunur. Tanıdığımız bir neçə nəfərdə artıq 5-6 ədəd lotoreya bileti var. Və indi onlar avtomobildən də ötə - İstanbula səyahət edəcəkləri günü gözləməklə məşğuldurlar. Kimisi də, "bunlar hamısı adamları aldatmaq üçündü, sadəlövh adamlar gedib alış-veriş edir ki, bəlkə nəsə qazandılar. Amma indiyədək kiminsə avtomobil qazandığının şahidi olmamışıq. Lap kimisə efirə çıxarıb deməsələr ki, bu adam avtomobil udub, ua da İstanbula səyahət paketi qazanıb, mən inanan deyiləm. Ancaq özləri qazanır, ya da tanışlarına verirlər”.
İqtisadçı Fuad İbrahimov isə "Şərq”ə açıqlamasında bildirdi ki, alıcının müxtəlif üsullarla cəlb edilməsi dünya ticarət praktikasında var:
- Burada qeyri-qanuni bir şey yoxdur. İstehlakçını cəlb etməkdən, iqtisadi dövriyyəni artırmaqdan ötrü sahibkarlar bu cür üsullara əl atır. Məsələ, bu tip kampaniyaların nə dərəcədə şəffaf keçirilməsindədir. Şəxsən mən bir vətəndaş olaraq, bir neçə marketdən alış-veriş edirəm, kartım da var və bir neçə mağazadan hədiyyə də qazanmışam. Yığılmış bonusa çaydan, ütü götürmüşəm. Yəni, mən bir alıcı kimi nöqsan görməmişəm. Lotoreya da, uduş kampaniyaları da elədir ki, burada hamının və ya əksəriyyətin qazanc əldə etməsi onsuz da mümkün deyil. Yadıma qazlı su qablarının qapaqları altında yazılan "bəxtinizi bir də sınayın” sözləri düşür. Bunun özü də cəlbedici bir ifadədir. Yəni, bu dəfə udmadınsa, gələn dəfə udmaq ehtimalı var.
Beləcə, insanlar hansısa malı, məhsulu almağa həvəsləndirilir. Və təbii ki, burada ən çox qazanc əldə edən də marketlər, sahibkarlardır. Qaldı ki, kartlarda nə qədər bonus yığıldığı haqda məlumatlara, vətəndaş bunu alış-veriş etdiyi marketdə yoxlamaq hüququna malikdir. Kassaya yaxınlaşıb kartı təqdim etsinlər və nə qədər bonus yığıldığını öyrənsinlər. Əksər marketlərdə sistem elə qurulub ki, kartla alış-veriş etdikdə, təqdim olunan çekdə - qəbzdə ödənilən məbləğ də, kartda qalan məbləğ də qeyd olunur. Nə qədər bonus yığıldığını bilmək çətin bir iş deyil. Sadəcə, vətəndaşlar alış-veriş etdikdə də, lotoreyalara, uduş kampaniyalarına qoşulanda da diqqətli olmalıdırlar. Şərtləri dəqiqləşdirməlidirlər. Marketlə alıcı arasında elə bir müqavilə yoxdur ki, sən alış-veriş etdikdə, əvəzində sənə nəsə hədiyyə edəcəyik. Bu, yalnız alıcı cəlb etmək üçün istifadə olunan üsullardan biridir. Amma yaxşı olardı ki, marketlər alicənablığı əldən verməsin. Alıcıları da bir az düşünsünlər.
Məlahət Rzayeva