“Bayram günlərinin bu formada sürüşdürülməsi bizə Rusiyadan transfer olunub”
Zahid Oruc: “Biz məsələnin iqtisadi, mənəvi, psixoloji tərəflərini unuduruq. İstirahət günlərinin ardıcıl davam etməsi mənəvi-psixoloji baxımdan insanlara ziyan vurur”
Novruz bayramında 7 gün - 20, 21, 22, 23, 24, 25, 26 martda istirahət edəcəyik. Bu istirahətimizi Əmək Məcəlləsi, (105-ci maddənin 2-ci hissəsi) və Nazirlər Kabinetinin "2018-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 2017-ci il 6 dekabr tarixli 540 nömrəli qərarına "borcluyuq”.
Əmək Məcəlləsi və NK-nin qərarına əsasən bayram günləri həftələrarası qeyri-iş günlərinə - şənbə və bazara təsadüf etdikdə, həmin günlərin əvəzinə də istirahət edirik. İl ərzində bayram təqvimlərinə baxanda, az qala ilin yarıdan çoxunu bayram keçirdiyimiz, istirahət etdiyimiz görünür.
Baxın, təzə il gələr-gəlməz 1, 2 yanvar - Yeni il bayramını qeyd etdik, yanvarın 3-ü də əlavə istirahət günü oldu. Sabah 8 Mart - Qadınlar günüdür. İstirahət edəcəyik. Sonra Novruz bayramı günləri başlayacaq. Mayda iki önəmli bayramımız var: 9 May - Faşizm üzərində Qələbə günü, 28 May - Respublika günü, iyunda da əhəmiyyətli bayramdı - 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş günü. Sonra 15,16 iyun - Ramazan bayramı, 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, 22, 23 avqust - Qurban bayramı, 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü qeyd ediləcək və bu günlərdə, şənbə və bazarlar qeyri-iş gününə düşərsə və bayram tarixlərinə əlavə edilərsə, ilin yarısını istirahətdə olacağıq.
Həqiqətənmi bu qədər istirahətə ehtiyacımız var?
Millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında təqvimin tarixi günlərlə dolu olduğunu dedi:
- Təqvimimiz tarixi günlərlə yüklənib və biz də onunla hərəkət etmək məcburiyyətindəyik. Halbuki, burada zərurət deyilən bir hal yoxdur. Biz sadəcə, bəzi dövlətlərdən bunu örnək almışıq. Hansısa qonşu dövlətdə bu təcrübə varsa, niyə biz də onu təkrarlamalıyıq? Bayram günləri şənbə və bazara təsadüf etdikdə onların əvəzinə 1-2 iş gününün də istirahət günü elan olunması, yəni, bayram günlərinin bu formada sürüşdürülməsi bizə Rusiyadan transfer olunub. Belə əsaslandırırdılar ki, bu nümunə var, ziyanlı da deyil, əksinə, insanlar daha yaxşı bayram keçirir, istirahət günləri ardıcıl olduğundan insanlar daha yaxşı istirahət edir. Amma biz məsələnin iqtisadi, mənəvi, psixoloji tərəflərini unuduruq. İstirahət günlərinin ardıcıl davam etməsi mənəvi-psixoloji baxımdan insanlara ziyan vurur. İnsan iş mühitindən uzun müddət uzaqlaşdıqda, təkrar o mühitə dönməsi, diqqətini iş şəraitinə cəlb etməsi xeyli çətinləşir. İnsan psixoloji varlıqdır. İş şəraitindən uzaqlaşdıqca, onda işləmək həvəsi azalır. İşləməyin o qədər də vacib olmadığı təsviri formalaşır. Belə təəssürat yaranır ki, bir neçə gün işləməsək də, fərq etməz, heç nə dəyişmir, işləməməyin nəyəsə ciddi təsiri olmur. Halbuki, uzun müddət istirahətdən sonra insanların yenidən iş şəraitinə adaptasiyası üçün zamana ehtiyac yaranır ki, bu da vaxt itkisi ilə nəticələnir. İnsanların normal, sistemli fəaliyyəti pozulur.
Millət vəkili bayram və istirahət günlərinin təqvimdə "bolluğu”nun iqtisadi baxımdan da zərərli olduğunu hesab edir:
- Vətəndaşların da gəlirləri azalır, dövlət büdcəsi də ziyan çəkir. Dövlət büdcəsi vergilərdən məhrum olur. Amma heç kim bunu hesablamaq istəmir. Bayram günləri "sayəsində” dövlət büdcəsi milyonlarla manat itirir. Ölkənin gündəmi bundan ziyan çəkir. Təqvimin bu şəkildə tərtibatı ən çox da aztəminatlı ailələrə ziyan vurur. Hansı tərəfdən baxsan, xeyirdən çox ziyan görünür. Yəni, biz tariximizi bu formada yaşamaq məcburiyyətindəyikmi? Biz quruculuq dövrünü yaşamalıyıq. Əmək ənənələrini yaşatmalıyıq. Hər il 140 mindən artıq məzun əmək bazarına daxil olur. Biz onlara hansı əmək ənənələrini ötürürük? İlin yarısını istirahət etmək ənənəsinimi?! Hesab edirəm ki, bu zəruri məsələlər nəzərə alınmalı və Əmək Məcəlləsinə bayram və istirahət günləri ilə bağlı dəyişiklik edilməlidir. Cəmiyyətdən gələn siqnallar da mütləq nəzərə alınmalıdır. Ən gözəl istirahət yaxşı işdir.
Məlahət Rzayeva