"Maşın bazarındakı bahalaşma durğunluq yaratdı"





"Maşın bazarında durğunluq müşahidə olunur”

Bunu "Sherg.az”a maşın bazarındakı qiymətlərlə bağlı danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı deyib. 

O söyləyib ki, ölkəyə gətirilən avtomobillərə gömrük rüsumunun artmasından sonra bazarda qiymət artımı baş verdi:

"Bundan sonra durğunluq başladı. İnsanlar gözləmə mövqeyindədirlər. Qiymət artsa da, alıcılıq qabiliyyəti zəifdir. Ehtimal olunur ki, bu qiymətlər bir müddət sonra öz yerini tutacaq. Hələlik alış veriş prosesi güclü deyil.

Son vaxtlar Çin və Rusiya istehsalı olan avtomobillər bazara daxil olub. Çünki ikinci əl avtomobilə verilən pulun üstünü düzəltsək, Rusiya və ya Çin istehsalı olan yeni maşın almaq olar. Şəhərdə də "Lada” markalı avtomobillərin və Çin istehsalı olan maşınlar çoxluq təşkil edir.

Çin avtomobil sənayesi o qədər inkişaf edib ki, Avropa və digər ölkələrdən Azərbaycana gətirilən avtomobillərin oxşarını istehsal edir. Hazırda "Mercedes Galenvagen”, "Range Rover”, "Hyundai Santa Fe” və s. avtomobillərin müxtəlif modellərini Çin də istehsal edir. Qiymətlər isə xeyli fərqlənir. Alıcılar ucuz və yeni avtomobil almağın əlverişli olduğunu düşünür”.

Aysel Aslan