Moskvanın məqsədi Ermənistanı “Lavrov planı”na razı salmaqdır
“Erməniləri yola gətirəndən sonra rəsmi Moskva Bakını da razı salmağa çalışacaq”
"2-5 aprel tarixli hərbi əməliyyatların başlaması və ordumuzun bir neçə mühüm yüksəkliyi ələ keçirməsi Ermənistana ciddi xəbərdarlıq idi”. Bunu Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən proseslərlə bağlı "Şərq”ə danışan politoloq Sülhəddin Əkbər deyib. Ekspert bildirib ki, qısamüddətli savaşın əsas məqsədi tərəflərə, xüsusən Ermənistana təzyiq göstərməkdir:
"Ermənistanın təxribatı ilə başlayan "dörd günlük” müharibənin arxasında Rusiya dayanırdı. Bu, heç kimə sirr deyil. Azərbaycan dövlət başçısının Vaşinqtonda Nüvə Sammitində olduğu və Rusiya Prezidenti Vladimir Putinin Sammitdə iştirak etmədiyi bir zamanda belə bir olayın baş verməsi ciddi mesaj xarakteri daşıyırdı. Moskva bununla bütün dünyaya, həm Vaşinqtona, həm də Avropaya mesaj verirdi ki, əgər konfliktin həlli sizi maraqlandırırsa, onun açarını Ermənistanda axtarmayın. Burada yeganə söz sahibi Rusiyadır. Yəni atəşkəsi pozan da, yenidən bərpa edən də Moskvadır”.
S.Əkbərin sözlərinə görə, birinci mərhələdə məqsəd Ermənistana təzyiqdir: "Dünyada və regionda baş verən geopolitik qarşıdurmalar həlledici mərhələyə daxil olub. Hazırda Cənubi Qafqaz bölgəsinin siyasi taleyi həll olunur. Əlbəttə, bu istiqamətdə cərəyan edən proseslər Rusiyanı narahat edir. Çünki bugünə qədərki "status-kvo” Rusiyanı qane edirdi. Amma indiki halda qane etmir. Kreml hesab edir ki, daha etibarlı "status-kvo”ya ehtiyac var. Daha əlverişli "status-kvo”, yəni Rusiyaya təminat verən və Cənubi Qafqaza təsir imkanlarını gücləndirən ən mühüm vasitə bölgəyə "sülhməramlı”ların gətirilməsidir. Rusiyanın ən etibarlı aləti rus silahlı qüvvələridir. Moskva qoşunlarını bölgəyə yalnız "sülhməramlı” adı ilə gətirə bilər. Rus ayısının bütün oyunları silahlı qüvvələri Azərbaycana legitim şəkildə gətirməkdir”. Siyasi ekspertə görə, Ermənistan üzərindən ölkəmizə təzyiq göstərməyə çalışırlar: "Qısamüddətli müharibədən və ermənilərin məğlubiyyətindən sonra Kreml Sarkisyan hökumətinə başa saldı ki, Moskvanın dəstəyi olmasa, İrəvan acınacaqlı vəziyyətə düşə bilər. Rusiyanın məqsədi Ermənistanı "Lavrov planı”na razı salmaqdır. Erməniləri yola gətirəndən sonra rəsmi Moskva Bakını da razı salmağa çalışacaq. Azərbaycan bu təzyiqlərə hazır olmalıdır. May-iyun aylarında Rusiyanın təzyiqləri daha da artacaq. Bunun nəticəsinin necə olacağını yaxın zamanda görəcəyik. Hələlik proses davam etməkdədir”. S.Əkbər bəyan edib ki, Ermənistanda çox ciddi proseslər gedir: "Əlbəttə, asan məsələ deyil. Qan tökərək alınmış torpaqların qaytarılması Ermənistandakı hərbi xuntanı və onlara dəstək verənləri ciddi narahat edir. Həmin qüvvələr Ermənistan rəhbərliyinin güzəştə getməsinə qarşıdırlar”.
Politoloqa görə, "Lavrov planları”nın əsasında "Madrid prinsipləri” durur: "Sadəcə olaraq burada bəzi "rusca” korrektələr var. İndiki halda irəli sürülən heç bir təklif Azərbaycanın maraqlarına tam olaraq cavab vermir. Təkliflərin əsas elementi ondan ibarətdir ki, tərəflərin razılığı ilə regiona Rusiyanın "sülhməramlı” qüvvələri yerləşdirilsin. Rusiya hazırda Azərbaycana və Ermənistana ona görə təzyiq göstərir ki, rus qoşunlarının Qarabağda yerləşməsinə etiraz edilməsin. Çünki Minsk Qrupu çərçivəsində rus ordusu təkbaşına bölgəyə gələ bilməz. Ümumiyyətlə, Budapeşt razılaşmasına əsasən həmsədr ölkənin qoşunlarının "sülhməramlı” qüvvələrdə təmsil olunması qanunsuzdur. Ona görə də Moskva tərəflərə təsir edərək onları zorla razı salmağa çalışır, çünki konflikt tərəfləri razılıq verərsə, beynəlxalq birlik heç nə deməyəcək”.
İsmayıl