MDB ölkələri dollardan imtina etməyəcək

Çünki bu ölkələr, xarici ticarət əlaqələrinin dollar və avro ilə aparılmasında maraqlıdırlar




Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri çərçivəsində ticarətin ABŞ dolları ilə aparılmasından imtina edilməsi haqqında Dövlət Dumasına qanun layihəsi təqdim edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Layihəyə əsasən birliyə üzv dövlətlərin inteqrasiya olunmuş "Valyuta bazarının təşkili sahəsində əməkdaşlıq haqqında” saziş çərçivəsində hesablaşmalarda valyuta kimi dollar və avrodan imtina edilməsinə imkan verən mexanizm yaradılacaq. Belə ki, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələr arasında vahid maliyyə bazarının yaradılmasından söhbət gedir. Hətta Avrasiya İqtisadi İttifaqı çərçivəsində sözügedən ölkələr artıq milli valyutalara keçilməsini müzakirə ediblər. Buna əsasən 2025-2030-cu illərdə Rusiya, Belarus, Qazaxıstan və Ermənistan milli valyutalarla ticarət aparacaq. Hazırda ittifaq ölkələri arasında ticarətin təxminən yarısı dollar və avro ilə aparılır.

Rusiya liderinin layihəsini şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, MBD və eyni zamanda Azərbaycanın maraqlarına uyğun gəlmir: "Bundan başqa, MDB ölkələrində xarici valyutanın tərəfdarları mövcuddur. Onlar xarici ticarət əlaqələrinin dollar və avro ilə aparılmasında maraqlıdırlar. Ona görə də, Rusiya ticarət əlaqələrinin xarici valyuta ilə aparılmasına imkan vermək istəmir. Güman edirəm ki, Putinin təklifi Qərbə qarşı bir mesajdır. Amma iqtisadi baxımdan hazırda MDB ölkələrinin xarici valyutaya ehtiyacı var və onlar valyuta ehtiyatlarını xarici valyuta hesabına artırırlar. Hesablaşmaların xarici valyuta ilə aparılması daha məqsədəuyğundur”.

Ayyət Əhməd