Media diqqətli olmalıdır

Jurnalistin əlində dəlil-sübut olsa da, kimisə cinayətkar adlandıra bilməz
Çünki cinayət yalnız məhkəmə prosesində sübuta yetirilir:


Tibb elmləri doktoru, professor Adil Qeybulla bu günlərdə yazmış olduğu bir statusda bir sıra dövlət rəsmilərinin, millət vəkillərinin həkimlərə qarşı aşırı dərəcədə qərəz elementləri ilə qatqılı subyektiv münasibətindən qaynaqlanan pressinqlər və təhdidlər tendensiyasının artmasından narahatlıq duyduğunu qeyd edib. Bəzi həkim ixtisaslı millət vəkillərinin bu prosesi getdikcə körüklədiyini vurğulayan professor media nümayəndələrinin də bu işdə onlara dəstək olduğunu deyib: "Mən dördüncü hakimiyyətin təmsilçiləri sayılan dəyərli jurnalistlərimizi özümə həmkar sayıram, çünki onlarla daim sıx əməkdaşlıqdayam.

Təəssüf ki, artıq mətbuatda həkimlərə "karikatura yaradan” yeni termin və ifadələrin peyda olması diqqətdən yayınmır. Məsələn, götürək mətbuatda tez-tez təkrar olunan "həkim terroru” ifadəsini. Beynəlxalq terminologiyada belə ifadəyə, sözün hər mənasında belə düzəltmə ifadəyə rast gəlməzsiniz. Terror dedikdə, əvvəlcədən planlaşdırılmış qaydada, qəsdən kütləvi qırğın, adam oğurluğu, diversiyalar, siyasi və digər rəqiblərinin ölüm və digər qorxu üsulları ilə təhdid edilməsi nəzərdə tutulur. Belə olan halda, bu ifadə həkimə münasibətdə nə qədər ədalətlidir? Əslində bu, həkimlərə qarşı induksiya olunmuş aqressiyanın sözlə ifadəsidir. Niyə buna yol verilir? Çünki bizdə "təqsirsizlik prezumpsiyası” deyilən bir hüquq sadəcə dəfn edilib. Bu məsələ durdurulmalıdır!”.

Bəs, tibb ekspertinin iddiaları ilə bağlı media nümayəndələri nə düşünür? Təqsirsizlik prezumpsiyası ilə bağlı Azərbaycan mətbuatında problem varmı və bu problemlərin yaranma səbəbləri nəylə bağlıdır?
Əvvəla qeyd edək ki, Konstitusiyanın 63-cü maddəsinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində cinayət qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, həmin insan təqsirsiz sayılır.

"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlının qənaətincə, jurnalistlər kimlərinsə maraqlarına xidmət etmək məqsədi ilə yox, həqiqəti ictimaiyyətə təqdim etmək üçün həkimlərin yol verdiyi nöqsanları tirajlayır:

"Həkimlərə qarşı aqressiyanın olması bəzi tibb işçilərinin konkret əməlləri ilə bağlıdır. Boş yerə heç kimi tənqid etmirlər. Məhkəmə qərarı oldu-olmadı bəzi həkimlərin törətdiyi faciələr ortadadır. Misal üçün, xəstənin salamat ayağı kəsilibsə, hansı ki bu, sübut olunmuş faktdır, məhkəmə hökm verməsə belə bu cür səhlənkarlığa yol verən həkimlər tənqid olunmalıdır. Təqsirsizlik prezumpsiyası o demək deyil ki, faktı inkar edəsən. Əgər biri küçənin ortasında onlarla adamın gözü qarşısında kimisə güllələyirsə və bu fakt videoya çəkilibsə, ona nə deməlidirlər? Günahsız mələk? Bəlkə məhkəmə prosesi 2 il uzanacaq bu adamı cəmiyyət və mətbuat tərifləməlidir ki? Yəni vəziyyətə baxır. 60-lıq yolda 150 ilə maşın sürüb uşağı vurub öldürən adam birmənalı olaraq qatildir. Bunun üçün məhkəməni gözləməyə gərək yoxdur. DYP-nin rəsmi kamerası sübutdur və təkzibedilməzdir. Bu kimi hallar hər sahədə var. Səhiyyədə də kifayət qədərdir. Yaxşı həkimlər çoxdur, lakin bu o demək deyil ki, pis olanları tənqid etməyəsən. Məntiq deyilən şey var”.

E.Bayramlının sözlərinə görə, saxta peşə həmrəyliyi lazım deyil. Ona qalsa, gərək biz də reket jurnalistləri müdafiə edək: 

"Nəinki etmirik, hətta tənqid və ifşa edirik. Ona görə də başqa peşə sahibləri insanlara və dövlətə zərər vuran həmkarlarını lüzumsuz yerə müdafiə etmək əvəzinə, yaxşı olardı ki, onlara qarşı özləri də mübarizə aparsın, çünki onlar vicdanlı həmkarlarının adını ləkələyirlər. Mətbuat cəmiyyətə hər şeyi açıq göstərməlidi. Cəmiyyət özü qiymət verəcək, kim yaxşıdı, kim pisdir. Vicdanlı peşə sahibləri bundan qorxa bilməz, çünki əyri işləri yoxdur. Qoy, əyrilər düzü deyənlərdən qorxsunlar”.

"Lent.az” saytının redaktoru Səbinə Əvəzqızı isə zaman-zaman mətbuatda "Qanqster general”, "qaniçən polkovnik”, "qatil həkim” və s. kimi ifadələrlə rastlaşdığımızı deyib. Onun sözlərinə görə, çox zaman da bu ifadələr hələ barəsində qüvvəyə minməyən məhkəmə hökmü olan insanlar barəsində də deyilir: 

"Halbuki bir cinayət yalnız birinci instansiya məhkəməsinin hökmü elan edildikdən və bu hökmün qüvvəyə minməsi üçün nəzərdə tutulan vaxt (20 gün) ötdükdən sonra sübuta yetirilmiş hesab edilir. Təqsirsizlik prezumpsiyası latın dilində çox maraqlı izah edilir - "Təqsirin sübutu təqsir olunan şəxsin borcu deyil, təqsir edən tərəfin borcudur”.

Səbinə xanım hesab edir ki, mətbuat hər nə qədər 4-cü hakimiyyət hesab edilsə də, əlində kifayət qədər, dəlil-sübut olsa da, kimisə cinayətkar adlandıra bilməz. Çünki cinayət yalnız məhkəmə prosesində sübuta yetirilir: 

"Tibb eksperti haqlıdır, bəzən jurnalistlər hissə qapılıb emosional çıxışlar edir ki, burada da "Təqsirsizlik prezumpsiyası” kobud şəkildə pozulur. Şəxsən mən və çalışdığım media qurumu illərdi bu prinsipi qorumağa çalışırıq. Təsəvvür edin ki, 2005-ci ildə xeyli insanın qətlində və oğurlanmasında ittiham edilən, bir çox vəhşi xarakterli cinayətlərə, işgəncələrə imza atan, demək olar ki, bütün ölkənin nifrətinə səbəb olan DİN polkovniki Hacı Məmmədov barəsində belə qüvvəyə minən məhkəmə hökmünə kimi "filan cinayətlərdə təqsirləndirilən” ifadəsindən o tərəfə keçməməyə çalışdıq. Əgər mətbuat orqanının əlində birinin cinayət əməlinə dair kifayət qədər dəlil-sübut varsa, bunun mütləq hüquq-mühafizə orqanları vasitəsilə təsdiqlənməsinə çalışmalıdır. Nə yazıq ki, həmişə belə olmur. Təsəvvür edin ki, həqiqətən də günahsız bir adamın cinayətkar kimi təqdim edilməsi, onun bütün həyatını məhv edə bilər. Bu haqqı media orqanına kim verib? Hətta bir yalan məlumat yazılandan sonra təkzib edilsə belə, insanların beynində həmişə şübhələr qalır. Bəzi media orqanlarının bu davranışına heç cür haqq qazandırmıram. Bəzən isə ədalətsiz məhkəmə hökmləri jurnalistləri sanki buna vadar edir. Amma bir ədalətsizliyi digəri ilə yumaq olmaz. Nəzərdən qaçırmaq olmaz ki, hadisəyə min bir cür yanaşmaq mümkündür. At gözlüyü taxıb prosesə birtərəfli yanaşmaqdan həmişə qaçmalıyıq”.

Adil Qeybullanın mediaya həssas və hörmətlə yanaşan bir şəxs olduğunu vurğulayan "Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli eyni zamanda onun öz peşəsini sevən, bu yolda uğurları olan bir dost kimi təqdim edib: 

"Onun həkimlərin yerli-yersiz ittiham edilməsi ilə bağlı narahatlığını başa düşmək mümkündür. Çünki gerçəkdən də bəzən həkimlərin qınanılması, ittihamı əsassız olur. Yəni tutaq ki, xəstə ölüm ayağında xəstəxanaya gedir, artıq iş-işdən keçmiş olub. Yəni burada tibbin edə biləcəyi bir şey olmayıb. Amma sonda ona baxan, nəsə etməyə çalışan həkim haqsız olaraq ittiham edilir. Eyni zamanda onu da qeyd etməliyəm ki, Azərbaycanda savadsız həkimlər kifayət qədər çoxdur və xeyli vətəndaş da savadsız həkimlərin qurbanı olub. Mediada yazılan yazılar isə həmin problemlərlə üzləşən vətəndaşların şikayəti əsasında olur əksərən. Bu baxımdan qeyd edilən məsələdə medianı, jurnalisti qınamaq da doğru deyil. Çünki həmin fikirləri başına gələn hadisə kimi vətəndaş nəql edir”.

Konkret olaraq təqsirsizlik prezumpsiyasına gəlincə isə E.Məmmədli deyib ki, bu sırf hüquqi termindir və daha çox istintaqçıların, məhkəmədə çəkişən tərəflərin riayət etməli olduğu məsələdir:

"Tutaq ki, jurnalist vətəndaşa istinadla yazır ki, filan həkim onun qohumunu doğru əməliyyat etməyib və xəstə onun günahı ucbatından ölüb. Bu, təqsirsizlik prezumpsiyasının pozulması hesab oluna bilməz, bu, sadəcə vətəndaşın dedikləridir. Jurnalist istintaqçı deyil axı, o, yalnız vətəndaşın dediklərini yazıb. Həkim isə qarşı tərəf olaraq mövqeyini bildirə və deyilənləri təkzib edə bilər”.
"Azvision.az” xəbər portalının baş redaktoru Vüsal Məmmədov da hesab edir ki, Azərbaycan mətbuatında təqsirsizlik prezumpsiyası ilə bağlı problem yoxdur, ona görə ki, "təqsirsizlik prezumpsiyası” deyilən bir prinsipin özü yerli-dibli yoxdur: "Təkcə həkimlər deyil, hamıya qarşı belə yanaşılır. Mediada da, sosial şəbəkədə də hamı özünü hakim sayır və hesab edir ki, kiminsə haqqında hökm çıxara bilər”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb