Media kapitanları və eləcə də mətbuat nümayəndələri hər zaman diqqət mərkəzindədir. Biz onları daha çox ictimai-siyasi, tarixi və mədəni sahədəki əhəmiyyətli yazıları, müxtəlif sahələrdə önəmli açıqlamaları, jurnalistik fəaliyyətləri ilə tanıyırıq. Bəs maraqlıdır, həmişə diqqət mərkəzində olan bu tanınmışların qeyri-adi bacarıqları, əlavə maraqlı məşğuliyyətləri, fərqli hobbiləri varmı?
Sherg.az-ın bu sorğusuna ilk olaraq "Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev cavab verib. O, jurnalistikadan başqa boş zamanlarında futbolla məşğul olduğunu deyir:"Peşəkar futbolçu olduğumu deyə bilmərəm, amma bir hobbi kimi bu məşğuliyyət diqqətimi çəkir. Başqa xüsusi bacarığım yoxdur”.
"Trend" İnformasiya Agentliyinin direktor müavini Arzu Nağıyev isə müxtəlif musiqi alətlərində ifa edir. Bu hobbisini sevdiyini deyən A.Nağıyev bildirib ki, idmanla da məşğul olur:
"Gitarada və sazda maraqlı musiqilər ifa etməyi sevirəm. Bundan başqa, cavanlıqda taekvando ilə məşğul olmuşam, hətta qara kəmərim də var. Həmçinin yağlı boya ilə şəkillər çəkib, dizayn verməkdən də çox xoşum gəlir. Qədim əşyaların bərpası ilə də məşğul oluram. Məsələn, antik saat və başqa cihazların bərpasını xoşlayıram. Bundan başqa qədim xalçaları da bilirəm”.
Moskva Tikinti Universitetində Kənd təsərrüfat və inşaat fakültəsində təhsil aldığını qeyd edən müsahibimizin sözlərinə görə işə məhz tikintidən başlayıb:
"Tikintinin necə aparılmasını bilirəm, dizayn, çertyojlar çəkirəm. Belə qabiliyyətlərim var. Həmçinin əlbəyaxa döyüş növlərindən məşğul olmuşam. İndi də idman edirəm, hərdən velosiped sürürəm”.
Olke.az saytının baş redaktoru Məmməd Gülməmmədov isə tələbə vaxtı həvəskar formada gitarada ifa edib, həm də xəttatlıq bacarır:"Həmçinin kompütürdə qrafik proqramlarını peşəkar səviyyədə bilirəm. İdman növlərində taekvandoya getmişəm, amma ən zəiflərdən olmuşam həmişə".

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı da musiqi alətlərində ifa etməyi yaxşı bacarır:
"Müxtəlif yerlərdə olub ki, pianinoda yaxşı çıxış etmişəm, maraqla qarşılanıb. Sazı və qarmonu da yaxşı ifa edə bilirəm. Amma elə uşaqlıqdan ən böyük həvəsim jurnalistikaya olub”.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov isə həvəskar səviyyədə gitarada ifa edir:"Amma özümə peşəkar deyə bilmərəm. Özümə görə, tək olanda, ya da dostlarla bir yerə yığışanda hansısa musiqini gitarada ifa edib, oxuyuram”.
Sherg.az