Mediada ictimai qınaq güclü olmalıdır
Belə olarsa hər yerindən duran milli-mənəvi dəyərlərimizə dil uzatmaz
Bu günlərdə Nərmin Şahmarzadə adlı bir gənc qızın Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında xoşagəlməz ifadələr işlədib, onu "cinayətkar” adlandırması cəmiyyətdə ciddi narazılıq doğurub. Hadisə sosial mediada müzakirə mövzusuna çevrilərək sərt şəkildə tənqid olundu.
İctimaiyyət üzvləri, deputatlar, ziyalılar belə psixoloqun məlum statusuna reaksiya verib, onun bu addımını tərbiyəsizlik kimi dəyərləndirdilər. Xalq kütləvi şəkildə onun üzərinə getdi, mətbuatda ictimai qınaq obyektinə çevrildi.
Bu yanaşmalardan sonra Mübariz İbrahimovu təhqir etməsi ilə gündəmə gələn N.Şahmarzadə Milli Qəhrəmanın valideynlərindən üzr istəyib.
Feysbukda canlı yayım vasitəsilə açıqlama yayıb. Nərmin şəhidi təhqir etmədiyini, onun fikirlərinin təhrif olunmuş formada yayıldığını söyləyib:
"Əgər bu xəbər onun valideynlərini incidibsə, pis təsir edibsə, şəxsim adına sırf Mübariz İbrahimovun valideynlərindən üzr istəyirəm. Çünki onlara çatdırılan məlumat təhrif olunub. Mən "qatil” sözü işlətməmişəm”.
Qeyd edək ki, N.Şahmarzadə Azərbaycan xalqının dəyərini aşağıladığına görə üzr istəməyib, yalnız "sırf valideynlərini əgər incidibsə..." deyə, üzr istəyib.
Cəmiyyətdə mövcud problemlərin həlli yollarına fərqli yanaşmalar həmişə mövcud olub. O yanaşmaları müəyyən edən bir çox faktorlar var. Həmin amillərdən biri də ictimai qınaqdır. Əlbəttə, ictimai qınaq ictimai nəzarətin bir formasıdır. Ümumi ictimai rəyin ifadə edilməsinin bir üsuludur. Bu, təsir formasıdır. İnsanları müəyyən yanlış əməllərdən çəkindirmək üsuludur. Hansısa yanlışlığa yol vermiş insan ictimai qınaq nəticəsində bu və ya başqa hərəkətinə son verir.
Onu müəyyən dərəcədə korrektə edir. İctimai rəyin təsiri ilə geri çəkilir. Bu baxımdan cəmiyyətdə ictimai qınağın mövcudluğu çox önəmlidir. Heç kimə sirr deyil ki, ictimai qınağın müxtəlif formaları var. Amma onun ən yaxşı yollarından biri mediada, kütləvi çap məhsullarında, kütləvi yayımda, yəni ictimaiyyətin daha çox baxdığı məlumat mənbələrində verilən qınaqdır. Yəni media ictimai əxlaqa uyğun olmayan məsələləri tənqid edir. Hər hansı bir şəxsin yol verdiyi yanlış hərəkətlərin cəmiyyətə bəxş etdiyi mənfi fəsadları insanların diqqətinə çatdırır. Onları bu cür davranışlardan çəkinməyə çağırır. Çünki media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən və maariflənməyə xidmət göstərən bir ictimai institutdur.
Maraqlıdır, media nümayəndələri necə düşünür? Ölkəmizdə ictimai fikrin formalaşmasında mətbuatın rolunu effektiv hesab etmək olarmı?
Jurnalist Səxavət Məmməd, ümumiyyətlə, Azərbaycanda ictimai qınaq anlayışının olmadığını deyib: "Əgər ictimai qınaq olsaydı, psixoloq xanım heç bu mövzunu açmazdı da. Onsuz da ölkəmizdə buna hansı reaksiyaların veriləcəyi bəllidir. Mübariz İbrahimovun hərbi nizamnaməni pozaraq hərəkət etməsi illərdir müzakirə edilir. Hərbçilər də buna geniş izah veriblər ki, bəli, nizamnamə baxımından Mübariz İbrahimov səhv edib. Ancaq tarixdən də görmüşük ki, həmişə qaydaları pozanlar və məqsədinə çatanlar qəhrəman olurlar.
Psixoloqun çəkdiyi misalda böyük bir səhv, bilməməzlik, başı çıxmadığı sahəyə burun soxmaq var. Deyirlər ki, yatmış erməni əsgərlərini öldürüb. O xanım bilsəydi ki, hərbidə növbətçilər olur, onların yatması qadağandır, hətta döyüş bölgəsi olmayan yerlərdə belə yatdıqda ağır cəzalandırılırlar, o sözləri deməzdi.
Mediamız çox şeyini itirdiyi kimi, ictimai qınaq funksiyasını da itirib. Bu məsələ ilə bağlı mətbuatımızdan daha çox sosial şəbəkə istifadəçiləri qınadılar. Düzdür, bəzən qınağın dozası da artıq olur, təhqir, söyüşlər olur. Ancaq bunu da anlaşılan qəbul etmək lazımdır. Necə ki, o psixoloq xanım bilmədiyi sahəyə girmişdi, eləcə də özlərinə vətənpərvər deyənlər məntiqli cavab yerinə, asıb-kəsdilər. Sırf bu üzdən bu məsələ ilə bağlı sosial şəbəkədə, nə də işlədiyim mətbuat orqanında bir cümlə yazdım. Mətbuatımız dəqiq, məntiqli, tutarlı cavab yerinə, daha çox kim daha sərt danışar, həmin şəxslərə tribuna verdi. Kim deyir ki, əmrlər hamısı yazılı olur? Kim dəqiq bilir ki, Mübariz İbrahimova hansısa xüsusi bir tapşırıq verilməmişdi? Təkrarən deyirəm, bizdə ictimai qınaq olsa idi, heç kim, heç bir fərqli düşüncə sahibi bu mövzuda bir kəlmə belə deməzdi”.
Sosioloq-jurnalist Lalə Mehralı konkret hadisə ilə bağlı mətbuatdan daha çox sadə vətəndaşların qınağının şahidi olduğunu deyib. Onun sözlərinə görə, media nisbətən soyuqluq göstərdi.
Ümumiyyətlə, son illər sosial şəbəkələr ictimai rəyin formalaşmasında KİV-lərdən daha çox iş görürlər:
"Sosial şəbəkədə işləyən insanların hansı vəzifə sahibi olmasının heç bir fərqi yoxdur. Normal analiz qabiliyyəti olan insan başa düşür ki, bu millətin dövlət atributları, Milli Qəhrəmanları toxunulmaz dəyərdir. Onlara dil uzatmaq olmaz! Milli dəyərlərimizə qarşı hörmət etməyən bir insana qarşı etiraz nümayiş etdirmək, onun haqqında yazmağı hər kəs özünün vətəndaşlıq borcu hesab edir. Təbii ki, Mübariz İbrahimov haqqında xoşagəlməz ifadələr yazan gənc qızın söyülməsi, onun şəkillərini montaj edib təhqir edənləri qətiyyətlə qınayıram.
Bu, adekvat deyildi. Hüquqi bir dövlətdə yaşadığımız üçün hər birimizin azad söz demək haqqımız var. Sadəcə olaraq bu xanım bizim milli dəyərimizə toxunduğu üçün onu daha humanist addımlarla doğru yola çağırmalıyıq. Əgər qarşımızdakı insan bizim Milli Qəhrəmanımızı tənqid və ya təhqir edirsə, biz onun yox, öz səviyyəmizə uyğun cavab verməliyik”.
L.Mehralının sözlərinə görə, ancaq bir neçə mətbuat orqanı bu məsələyə yer verib, həmin xanıma arqumentli cavablar verdi:
"Bəlkə də digərləri o xanımın yazdıqlarını ciddi qəbul etmədiyi üçün ictimailəşdirmək istəməyib. Xatırlayırsınızsa, parlamentin plenar iclasında deputatlardan biri bu məsələni müzakirəyə çıxarmaq istərkən spiker ortada Milli Məclis səviyyəsində müzakirə olunacaq ciddi bir mövzu olmadığını ifadə etdi. Yəni spikerə görə, o qızın dediyini ictimailəşdirib ona özünü önəmli hiss etdirməyə ehtiyac yoxdur.
İctimai rəyin formalaşmasında medianın rolunu inkar etmirəm. Bir jurnalist olaraq hansısa istiqamətlərdə mətbuatın nail olduğu uğurlara bələdəm. Mətbuat həmişə cəmiyyətin vuran qolu, görən gözü, qılıncı, qalxanı olub. Demək istədiklərimizi deyib, görmək istədiklərimizi göstərib. Siz də, biz də dəfələrlə şahidi olmuşuq, milli dəyərlərə qarşı hər hansı bir hörmətsizlik olduğu anda mətbuat kampaniyaya başlayıb, o yanlışı düzəldənədək də əlindən gələni edib.
Milli dəyərlərə bəzən köhnəlmiş fikir, bəzən geridəqalmışlıq, bəzən də gərəksiz adət kimi baxanlar üçün media güzgü olub. Görmək istəmədiklərini göstərib, eşitmək istəmədiklərini eşitdirib. Amma etiraf edək ki, bəzən media olaraq elə şeylərə soyuq, laqeyd münasibət göstəririk ki, kənardan baxanda mətbuatın milli məsələlərə reaksiya vermədiyi təəssüratı yaranır. Ona görə deyirəm ki, bəzən medianın edə bilmədiyini sosial şəbəkə istifadəçiləri edir”.
Gənc qızın Mübariz haqqında yazdıqlarına rəğmən onun atasının örnək açıqlamasına toxunan L.Mehralı hesab edir ki, əsl qınaq budur. Bir az abır-həyası olan insan üçün övlad itkisi yaşayan, vətən üçün oğlunu şəhid verən bir valideynin qəhrəman övladına "qatil” deyən birinə cavab olaraq elə bir məsələyə baş qoşmaq əvəzinə, övladlara sevgi, məhəbbət öyrədilməsinin tərəfdarı olduğunu deyib.
"Mənə bir şey də maraqlıdır, o psixoloq kimi təqdim edilən qızın ailəsindən kimisə Xocalıda öldürsələr, hamilə yaxının qarnını yarıb uşağın əvəzinə diri pişik balası qoyub tiksəydilər, körpələri borunun içinə doldurub ağzını möhürləsəydilər, atanın gözü qarşısında qız övladının başına oyun açsaydılar, yenə də bu cür rahatlıqla Milli Qəhrəmanımız haqqında "qatil” ifadəsini işlədə bilərdimi?”
Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyinin sədri Seymur Verdizadə hesab edir ki, Azərbaycanda ictimai qınaq arzuladığımız səviyyədə deyil: "Mediada ictimai qınaq məsələsinə o qədər də yer ayrılmır. KİV ictimai qınaq funksiyasını əvvəllər indikindən daha güclü yerinə yetirirdi. Demək olar ki, bu tipli mövzulara rast gəlinmir. Daha çox sosial şəbəkələrdə belə məsələlərlə bağlı statuslara və müzakirələrə rast gəlinir. Bununla bağlı efirdəki çıxışlarımda da danışmışam. Məncə, mediada ictimai qınaq məsələsinə yenidən diqqət yönəldilməlidir. Belə insanları görəndə ən azı üzümüzü yana çevirməklə onun yanlış etdiyini bildirə bilərik. İnsanlar başa düşməlidirlər ki, onların cəmiyyətin ziyanına olan heç bir hərəkəti cavabsız qalmayacaq.
İctimai qınaq yüksək səviyyədə olsa, cəmiyyətdə fərdi məsuliyyətsizlik bu qədər çox olmaz. İnsanlar hərəkətlərinə, yazıb-pozduqlarına diqqət edərlər.
İctimai qınaq güclü olsa, jurnalist yalan yazmaz. İctimai qınaq güclü olsa, səsi olmayan müğənni musiqi zövqümüzü korlamaz. İctimai qınaq güclü olsa, avtobus sürücüsü həyatımızı təhlükəyə atmaz. İctimai qınaq güclü olsa, ana ana funksiyasını, ata da ata funksiyasını yerinə yetirər. Hər yerindən duran milli-mənəvi dəyərlərimizi təhqir etməz”.
Əslində təkcə media vasitəsilə bu cür problemləri aradan qaldırmaq mümkün deyil. Burada ailə tərbiyəsindən tutmuş, təhsilə qədər mühüm məsələlər rol oynayır. Təhsil sistemindəki bərbad durum, gənclərin təhsildən yayınması, sosial problemlər, işsizlik, mütaliəyə marağın olmaması və bir sıra səbəblər cəmiyyətimizdə arzuolunmaz mənzərə yaradır".
Şəymən