Bilal Əliyev: “İndi hərə balaca bir disklə toya gəlir, oxuyub, pulunu alıb gedir”
“Son illər efirdə elə insanlar səhnədən, musiqidən danışırlar ki, mən onları görəndə müğənni adını daşıdığım üçün xəcalət çəkirəm”
Bu gün efirlərdə bayağı musiqilərin olması hamını narahat etsə də, nədənsə, elə bir çoxları ailə məclislərinə də, efirlərə də daha çox bayağı musiqiləri ifa edən müğənniləri dəvət edirlər. Sənətkarlar isə bəzən kölgədə qalır. Yaxşı musiqi, "çörək gətirən” mahnıların qurbanına çevrilir. Elə xalq artisti Bilal Əliyev də bu səbəbdən son illər efirlərdə az görünməsini bununla izah etdi.
- Bilal müəllim, niyə efirlərdə az görünürsüz. Səhnədən küskün düşmüsüz sanki...
- Qardaşımı itirmişəm deyə bir il efirdə, məclislərdə görünmək istəmirəm. Son vaxtlar görünməməyimin əsas səbəbi budur. El şənliklərinə, efirlərə çıxmayacam.
- Efirlərdə görünməməyinizin tək səbəbi qardaş itkisidir?
- Səmimi desəm, bir az efirlərdən də küskünlüyüm var. Mən heç vaxt heç kimdən xahiş etməmişəm ki, məni verilişə dəvət edin. Dəvət olunan verilişlərə də qatılmağa çalışmışam. Sadəcə, son illər efirdə elə insanlar səhnədən, musiqidən danışırlar ki, mən onları görəndə müğənni adını daşıdığım üçün xəcalət çəkirəm. Nə deyim ki? Əslində hər şey göz önündədir. Hamı bayağı müğənnilərin olmasından gileylənir. Hamı da onları verilişinə dəvət edir, toyunda yuxarı başda yer verir. Bu da sənətkar olaraq mənə təsir edir. Çünki mən Rəşid Behbudov kimi sənətkarları görmüşəm. Onunla bir səhnəni paylaşmışam. Sənətə gəlmək bizim vaxtımızda asan deyildi. Sənin səsin, səhnə mədəniyyətin yox idisə, efirə çıxmağa imkan verməzdilər. Biz özümüzdən böyük sənətkarların yanında danışmağa çəkinirdik. İndikilər isə böyük-kiçik saymırlar. Sənətə dəyər dəyişib. Əvvəllər səsi olan sənətkara hörmət var idi. İndi toyu çox olan, bahalı maşında, ətrafında 3-5 prodüser, disk daşıyana hörmət çoxalıb.
- Sizin prodüseriniz yoxdu? Niyə heç kimlə çalışmırsız?
- Mən gənc yaşlarından səhnədə olmuşam. Bu illər ərzində ustad, karifey sənətkarlarla çalışmışam, qastrol səfərlərində olmuşam, çəkilişlərdə iştirak etmişəm. Amma heç bir karifeyin yanında prodüser görməmişəm. İndi mühafizə ilə toya gəlirlər. Adam görəndə xəcalət çəkir.
- Bir vaxtlar deyirdiniz ki, toya 1 milyona gedirsiz. İndi də o qiymətə sizi toylara dəvət edirlər?
- Mən o sözü əsəbdən demişəm. Sadəcə bir dəfə toya dəvət edirdilər, getmək istəmirdim deyə qonorarı bilərəkdən çox dedim. Toy sahibi də o qiymətə razılaşdı ki, oğlumun toyunda sizin oxumağınızı istəyirəm. Düzdü, o qiymətə getmirəm. Amma həmişə sənətkar olaraq özümə hörmət etmişəm. Toylarda heç vaxt fonoqram oxumamışam, xalqı aldatmamışam. İndi hərə balaca bir disklə toya gəlir, yarım saat oxuyub, pulunu alıb gedir. Görürəm məəttəl qalıram.
- Sənət aləmində sizinlə düşmənçilik edənlər də var? Niyə sizi bəzi həmkarlarınız sevmir?
- Mənim heç kimlə ədavətim, düşmənçiliyim olmayıb. Əgər kimsə məni özünə düşmən hesab edibsə, bu da onun vicdanına qalıb. Məni tanıyanlar bilir ki, çox sadə bir insanam. Heç vaxt qalmaqala, söz-söhbətə maraqlı olmamışam. Mənim səs imkanlarım bəlkə də başqa bir müğənnidə olsaydı, indi o insan özünü dağın başına qaldırmışdı. Bir boğazlıq səsi olmayanlar da özlərini sənətkar kimi görür.
- Deyirlər toylarda olanda çörək yemirsiz, birində qarşınıza çay gətiriləndə içmirsiz. Toya özünüzlə paketlərdə olan çay aparırsız. Nədən ehtiyat edirsiz?
- Toylara gedəndə evdə yeyib gedirəm. Toyda yemək yeyib oxumaq da çətin olur. Amma mən heç vaxt toylarda yemək yemirəm. Çay da içmirəm. Hərənin bir xasiyyəti var. Mən də belə öyrəşmişəm.
- Nədənsə ehtiyat edirsiz? Deyirlər çayınıza toylardan birində zəhər qatmağa çalışıblar. O üzdən ehtiyatı əldən vermirsiz...
- Mən heç vaxt heç bir sənətçiyə paxıllıq etməmişəm. Amma Bilal Əliyevin varlığı, səsi bəzi sənətçiləri narahat edir. Qaldı məni zəhərləməyə, istəyiblər ki, səsimi batırsınlar. Toylarda çalışıblar ki, yeməyimə, çayıma nə isə qatmaqla mənim səsimi zədələsinlər. Ona görə də ehtiyatımı tutmuşam. Hara getsəm də, ən yaxşı halda ağ su içərəm, vəssalam.
Tahirə