“Məgər, ermənilər bayrağımızı az yandırıb?”

Akif Nağı: “Çalışırıq ki, ölkədə Ermənistana qarşı nifrət əhval-ruhiyyəsini gücləndirək”



Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 24 illiyi ilə bağlı Şəhidlər xiyabanını ziyarət edən Qarabağ Azadlıq Təşkilatının (QAT) üzvləri və ictimaiyyət nümayəndələrinin tədbirin sonunda Ermənistan bayrağını tapdalayıb, yandırmaları sosial şəbəkələrdə bir qrup insanın narazılığı ilə qarşılanıb. Bu istiqamətdə müzakirə açan sosial şəbəkə istifadəçiləri bu addımın effektsiz olduğunu qeyd ediblər.

Bayrağın yandırılmasının bütün dünyada qəbul edilmiş demokratik mübarizə üsullarından biri olduğunu vurğulayan Akif Nağı isə "Şərq”ə açıqlamasında deyib ki, burada söhbət hər hansı bir ölkənin yox, Azərbaycana qarşı daim işğalçılıq və təcavüzkarlıq siyasəti yeridən ermənilərin bayrağının yandırılmasından gedir: "Rayonlarımızın işğal günlərində müxtəlif məzmunlu anım mərasimləri, aksiyalar keçirir, düşmən ölkənin bayrağını yandırırıq.

Biz ziyarət zamanı şəhidlərin məzarı üzərinə gül qoyub, ruhlarına dualar oxuduq. Mən həmin tədbirdə də bəyan etdim ki, Azərbaycan torpaqlarının yalnız hərbi yolla düşməndən azad olunacağını düşünürəm. Vyana görüşləri də mənim bu mövqeyimin həqiqət olduğunu bir daha ortaya çıxardı. Azərbaycan danışıqlardan imtina edib, müharibəni başlamalıdır. Minlərlə qurbanın hesabına olsa da, torpaqlarımızı azad etməliyik. Bəli, biz çıxışlar başa çatandan sonra Ermənistan bayrağını tapdalayıb yandırdıq və burada qeyri-adi heç bir şey görmürəm. Bayraq yandırmaq bütün dünyada qəbul olunmuş simvolik etiraz formasıdır. Bayraq ölkənin dövlət atributudur və biz onu yandırmaqla ölkəmizdə Ermənistan dövlətinə nifrət aşılayırıq. Hətta bunu təkcə anım mərasimlərimizdə yox, bütün tədbirlərimizdə, təşkilatın iclaslarında çalışırıq ki, ölkədə Ermənistana qarşı nifrət əhval-ruhiyyəsini gücləndirək. Və bunu da son dərəcə əhəmiyyətli hesab edirik. Düzdür, bu addımlarımıza görə bizi bəzən ermənifobiyada ittiham edirlər. Amma bizim üçün fərq etməz. Burada söhbət torpaqlarımızı işğal edib, yurd-yuvamızı talayan düşməndən gedir və bizim öz cəmiyyətimizdə onlara nifrət aşılamağımız təbii bir şeydir. Məgər, ermənilər bizim bayrağımızı az yandırıb? Elə ötən ay İrəvandakı saxta erməni soyqırımı abidəsinin qarşısında Azərbaycan və Türkiyənin bayraqlarını bir yerdə yandırdılar. Biz niyə onlara qarşı nifrətimizi beynəlxalq təşkilatların nəzərinə çatdırmayaq ki?!”.

Düşmən ölkənin bayrağını yandırmağın və ya onun hər hansı bir atributunun təhqir olunmasının heç bir cinayət məsuliyyəti daşımadığını vurğulayan QAT sədri deyib ki, bu addımlar başqa bir ölkəyə qarşı atılacağı halda qanunda müvafiq cinayət məsuliyyəti ola bilər. Amma Ermənistan bizim düşmənimizdir və düşmənə qarşı atılan bu cür addımlar normal qarşılanmalıdır. Heç bir qanun bunu qadağan edə bilməz.

Şəymən