Elçin Sadıqov: “Qışda məhkumlar soyuqdan, isti havalarda isə havasızlıqdan əziyyət çəkirlər”
Qurban Məmmədov: “Vaxt olub avtomobildə mənim də əhvalım pisləşib, ürəyim bulanıb”
Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunan vəkil İntiqam Əliyev barəsindəki cinayət işi üzrə məhkəmənin hazırlıq iclası zamanı məhkumları daşıyan avtomobillərdəki şəraitdən narazılıq edib. Məlum olub ki, İntiqam Əliyev təqsirləndirilən şəxs qismində məhkumlar üçün nəzərdə tutulmuş avtomobildə tək adamlıq hissədə məhkəməyə gətirilib.
Həmin hissədə isə əyləşmək mümkün deyil, yalnız ayaq üstə dayanılır. Bu halla bağlı təbii ki, Penitensiar Xidmət açıqlama verməlidir. Amma İ.Əliyevin məhkumları daşıyan avtomobillərdən narazılığı ümumiyyətlə, bu avtomobillərdəki şəraiti gündəmə gətirib.
Məsələ ilə bağlı "Şərq”ə danışan hüquqşünas Elçin Sadıqov İ.Əliyevin avtomobildə tək adamlıq hissədə məhkəməyə gətirildiyini təsdiqlədi:
- Avtomobildəki təkadamlıq hissədə ancaq ayaqüstə dayanmaq olur. Qaranlıq, dar yerdir, hava çatışmır. Əlbəttə, belə bir hissədə məhkəməyə gətirilmək istənilən şəxs üçün ağır və çətindir. Məhkumları daşıyan avtomobillərdəki şəraitdən şikayətlər çox edilir. Bu avtomobillərdə soyutma və isitmə sistemlərində də problemlər olur. Qışda məhkumlar soyuqdan, isti havalarda isə havasızlıqdan əziyyət çəkirlər. Bildiyim qədər bu avtomobillər ölkə daxilində yığılır və aidiyyətinə uyğun formaya salınır. Yaxşı şəraiti olan avtomobillər də var. Əlbəttə, ağır şərtlər altında məhkəməyə gətirilmək məhkumların əhval-ruhiyyəsinə də pis təsir edir. Nəfəsi kəsilə-kəsilə məhkəməyə gətirilən məhbus və ya təqsirləndirilən şəxs məhkəmə prosesində özünü lazımi şəkildə müdafiə edə bilməz. Düşünürəm ki, məhkumların məhkəməyə gətirilməsi şəraitinin yaxşılaşdırılması ilə bağlı Penitensiar Xidmət ölçü götürməlidir.
Vəkil Qurban Məmmədov da məhkumları daşıyan avtomobillərdə şəraitin yaxşı olmadığını dedi:
- Özüm də o avtomobillərdə - "voronok”da çox aparılmışam. Hüquqlarını müdafiə etdiyim şəxslər də danışıblar. Ona görə də bu məsələyə bələdəm. Həmin avtomobillərin yaxşı şəraiti, havalandırma sistemi olanları da var, şəraitsiz olan köhnələri də. Problem buradan yaranır ki, ya say azlığından, ya məhkəmə heyətinin qeyri-peşəkarlığından, bəzən də nəzarətçilərin ucbatından məhkumlar köhnə avtomobillərdə məhkəməyə gətirilir. İş elə sistemləşməlidir ki, bir neçə məhkəmə prosesi eyni vaxta təyin edilməsin. Belə olanda məhkəməyə çıxarılan məhkumların sayı çox olur, avtomobil qıtlığı yaranır və köhnə avtomobillər də "marşruta” salınır. Köhnə avtomobillərdə isə havalandırma sistemi yoxdur. 8 nəfərlik avtomobilə 10-15 məhkumu doldururlar. Əlbəttə, sıxlıq yaranır və hava da çatışmır. Yayın istisində adamın nəfəsi kəsilir. Vaxt olub avtomobildə mənim də əhvalım pisləşib, ürəyim bulanıb. Yeni avtomobillər gətirilməlidir, say artırılmalıdır ki, məhkumların daşınmasında problem yaranmasın. Q.Məmmədov isə məhkum daşıyan "voronok”ların Azərbaycanda istehsal edilmədiyini, xaricdən alındığını söylədi.
Məlahət