Məktəblərdə “2” qiymətinin ləğv olunması fəsadlar yaradar

Şagirdlərin qorxub çəkinəcəyi bir cəza növü mütləq olmalıdır



Rusiya məktəblərində şagirdlərin "2” ilə qiymətləndirilməsinin, eləcə də bu və ya digər səbəbdən məktəbdən uzaqlaşdırılmasının qadağan edilməsi təklif edilib. Belə bir təkliflə Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski çıxış edib.

Rusiyanın liberal demokratının sözlərinə görə, bunun vasitəsilə uşaqlarda travmaların qarşısını almaq olar.

V.Jirinovski uşaqlarda yol açan bu travmaların gələcəkdə daha ağır fəsadlar yaratdığını qeyd edib: "Bizdə də, Amerikada da məktəblərdə atışma faktlarını araşdırarkən məlum olur ki, hadisəni törədənlər nə vaxtsa yaxşı oxumadıqları üçün məktəbdən xaric olmuş uşaqlardır”.

Rusiyada təklif olunan bu məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov qiymətləndirmə vasitəsilə nəzarətin təlim prosesinin mühüm ünsürlərindən biri olduğunu deyib. Onun sözlərinə görə, nəzarət yoxlama və qiymətləndirmə ilə birlikdə təlimin son pilləsini təşkil edir: "Nəzarət dedikdə, əldə olunan nəticəni qarşıya qoyulmuş məqsədlə tutuşdurmaq başa düşülür. Müəllim həm təlim prosesinin gedişinə, həm də nəticəsinə şagirdlərin bilik və bacarıqlarının səviyyəsinə nəzarəti həyata keçirir”.
K.Əsədovun sözlərinə görə, təlimdə qiymətləndirmə bir çox cəhətdən əhəmiyyətlidir. 

O, həm şagird və müəllim üçün, həm də valideynlər, məktəb rəhbərliyi və dövlət üçün vacibdir. Şagird bu yolla öz təlim uğurları və ya uğursuzluqları haqda məlumat əldə edir, təlimə səy və məsuliyyətini artırır. Müəllim şagirdlərin təlim səviyyəsi haqda məlumat alır, öz iş metodlarını təkmilləşdirir. Valideynlər, məktəb rəhbərləri və dövlət orqanları nəzarət sayəsində təlim vəziyyəti ilə tanış olur, təlimə nəzarət və rəhbərliyi gücləndirirlər: "Qiymətləndirmə müxtəlif növlərdə olur. Keçirilmə vaxtı və həll etdiyi vəzifələrə görə cari, tematik, dövri və yekun nəzarəti fərqləndirilir. Ona görə də, hesab edirəm ki, iki qiymətinin ləğv olunması ciddi fəsadlar yarada bilər. Belə ki, şagirdin qorxub çəkindiyi nəsə olmayacaq. Bu kimi məsələlər nəticədə təlimin keyfiyyətini aşağı sala bilər.

Aşağı - 2 - qiymət heç də həmişə mənfi fəsadlar törətmir, daha çox 5 biliyə malik olan şagirdə 4 və ya 3 qiyməti vermək fəsad törədə bilər. Düşünürəm ki, şagirdin nəticə etibarilə çəkinəcəyi bir cəza növü mütləq şəkildə saxlanılmalıdır.

Biliyi qiymətləndirmək üçün müxtəlif meyarlardan istifadə olunur. Dünya təcrübəsində müxtəlif bal qiymətləri tətbiq edilir. Məsələn, Şərqi Avropa ölkələrində 5 bal ("5” pis, "1” isə yüksək qiymət sayılır). Bolqarıstanda 6 bal, İtaliya və Hollandiyada 11 bal, Fransa və İranda 20 bal, ABŞ-da 100 bal qiyməti işlədilir”.

Ekspertin sözlərinə görə, Azərbaycanın təhsil sistemində müxtəlif dövrlərdə müxtəlif qiymət sistemi olub: "1920-ci illərdə 2 bal (kafi, qeyri-kafi), 30-cu illərdə 5 bal (sözlə), 40-cı illərdən etibarən rəqəmlə 5 bal qiyməti, 1989-cu ildən isə 4 bal (5,4,3,2) qiyməti tətbiq olunmuşdur. Hazırda orta məktəblərimizdə 9 bal, ali məktəblərimizdə isə 100 bal sistemi eksperimentdən keçirilir.

Qiymət balları müxtəlif göstəricilər əsasında verilir. Qiymətləndirmədə nəzərə alınan cəhətlər bunlardır: a) biliyin həcmi (proqram materialı tam və ya qismən mənimsənilib?); b) biliyin dərk edilməsi (şüurlu, yoxsa mexaniki öyrənilib?); c) biliyin tətbiqi (şagird nəzəri biliyi həyata, çalışmalara müstəqil tətbiq edə bilirmi?); ç) biliyin ifadə olunması (şagird fikirlərini düzgün, ədəbi dildə ifadə edə bilirmi?). Bu göstəricilərdən çıxış edərək qiymət meyarları aşağıdakı kimi müəyyən olunur:
"5” (əla) o halda verilir ki, şagird proqram materialını tam bilsin, şüurlu dərk etsin, biliyi müstəqil tətbiq etsin, onu düzgün ədəbi qaydada ifadə edə bilsin.

"4” (yaxşı) o halda verilir ki, şagird "5” qiymət üçün nəzərdə tutulan tələbləri ödəsin, lakin bəzi cüzi səhvlərə (məs., danışığında və ya yazıda əhəmiyyətsiz səhvlərə) yol versin.
"3” (kafi) o halda verilir ki, şagird proqram materialını əsasən bilsin, nəzəri biliyi müəllimin köməkliyi ilə tətbiq etsin, şifahi və ya yazılı nitqində kobud səhvlərə yol versin.

"2” (qeyri-kafi) o halda verilir ki, şagird materialın çox hissəsini bilməsin, müəllimin yardımçı suallarına inamsız cavab versin, biliyini tətbiq edə bilməsin, fikirlərini ifadə edərkən çoxlu kobud səhvlərə yol versin”.

Şagirdin gündəlik qiymətləri əsasında yekun qiymətlər çıxarıldığını qeyd edən K.Əsədov hesab edir ki, qiymətlər qarışıq olarsa (həm "2”, "3”, həm də "4”, "5”), bu halda orta qiymət çıxarmaq düzgün olmaz: "Bəzi fənlərdən (dillər, riyaziyyat) son qiymətlərə üstünlük vermək olar, çünki bu fənlərdə (xüsusən çalışmalar, cümlə təhlili, məsələ həllində) əvvəlki biliklər də üzə çıxır. Lakin ictimai, humanitar fənlərdə bu qaydanı tətbiq etmək düzgün olmaz. Bu fənlərdən müəllim yekun qiymətləri çıxararkən iri mövzu və bölmələr üzrə şagirdlərin biliyini aşkara çıxarmağa və qiymətləndirməyə çalışmalıdır”.

Şəymən