“Pis vərdişlərin gətirdiyi bəlalardan danışıb, uşaqları ayıltmaq lazımdır”
Ölkəmizin təhsil müəssisələrində xüsusi reydlər keçiriləcək. Məlumata görə, bu, 2014-2025-ci illəri əhatə edən "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda nəzərdə tutulub.
Əsas məqsəd isə gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikasıdır. Bundan başqa, uşaqların icbari dispanserizasiyası layihəsi çərçivəsində yuxarı sinif şagirdləri arasında tibbi testlər aparılacaq. Gənclərin alkoqolizm, narkomaniya və toksikomaniya ilə xəstələnmə səviyyəsi də müəyyən ediləcək. Bu məsələlərin icrası Təhsil, Səhiyyə, Gənclər və İdman, Daxili İşlər nazirliklərinə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb.
Reydlərin səmərəsindən danışan Əməkdar müəllim, təhsil üzrə ekspert Almaz Həsrət "Şərq”ə bildirib ki, belə tədbirlər davamlı olaraq aparılmalıdır. Onun fikrincə, bu, məktəbdən yayınan uşaqlara da aşılanmalıdır: "Təklif edərdim ki, pis vərdişlərin qarşısının alınması üçün bütün avtobus və dayanacaqlarda maarifləndirici tablolar yerləşdirilsin. Bütün efir məkanları bu mövzuya adekvat çarxlar və verilişlər təqdim etsinlər. Orta məktəblərdə, xüsusən yuxarı siniflərdə sinif rəhbəri dərsdən kənar bu mövzuda müzakirələr açsın. Baxın, ölkənin əksər orta məktəbində internetə çıxış var. Bundan faydalanmaq lazımdır. İnternetdə bu halın tənqidinə yönəlik kifayət qədər resurslar mövcuddur. Şagirdlərlə bu məsələ ətrafında mütəmadi söhbətlər aparılarsa, nəticə əldə olunar”.
Ekspertin qənaətincə, gənclərin maarifləndirilməsi üçün, təhsil sisteminin üzərinə böyük yük düşür: "Bütün təhsil verənlər şagirdlərlə gündəlik işləməlidirlər. Auditoriyaya daxil olan müəllim, şagirdlərlə maarifləndirici söhbətlər aparmalıdır. Mən biologiya müəllimiyəm deyib, yalnız dərs keçməli deyil. Uşaqları sosial məsələlərdən də hali etməlidir. Onların həyata baxışlarının müsbət istiqamətə dəyişməsi, dünya görüşlərinin zənginləşməsi və həyatı daha yaxşı dərk etmələri üçün tərbiyəvi müzakirələr təşkil etməlidir. Pis vərdişlərin gətirdiyi bəlalardan danışıb, uşaqları ayıltmaq lazımdır. Belə olan halda o yolun zərərini dərk edib, getməyəcəklər. Uşaqların beyninə hopdurmaq lazımdır ki, sağlam ailə formalaşdırmaları üçün, öncə, özləri sağlam olmalıdırlar”.
A.Həsrət onu da əlavə edib ki, aparılan reydlər yalnız yoxlanmaq üçün deyil, əməli nəticə ortaya qoymaq üçün gerçəkləşdirilməlidir: "Şagirdlər pis əməlləri məktəblərdə yox, kənarda edirlər. Kənarda isə bələdiyyələr, icra strukturları bu işlə məşğul olmalıdır. Onları bu əməllərdən çəkindirməlidirlər. Onlar da bizim övladlarımızdır”.
Ayyət Əhməd