"Məktəblərlə ailələrin əlaqəsi zəifdir" - Direktorların günahı





"Bu gün məktəbdə şagirdlər arasında münasibətlər demək olar ki, xoşagələn vəziyyətdə deyil”.

Bunu"Sherg.az”a Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbdə baş vermiş hadisə ilə bağlı danışarkən təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, məktəblərdə baş verən istənilən insidentdə məktəb rəhbərliyinin, pedaqoji kollektivin günahı var:

"Deməli, məktəbdə müəllimlərlə, şagirdlərlə, həmçinin valideynlərlə maarifləndirici iş aparılmır, məktəblə ailələrin əlaqəsi zəifdir, valideynlərlə görüşmürlər, ailələrlə maraqlanmırlar. Elə ailələr var, eqoistdirlər, öz uşaqlarını hamıdan üstün bilirlər. Bilirsiniz, mən ailələr barəsində "imkanlı, imkansız” ifadələrini işlətmək istəmirəm. Çünki insanlara münasibət insanın tipindən asılıdır. Elə insanlar var, təkəbbürlüdürlər və bu xüsusiyyət onların varlı-kasıb olmasından da asılı deyil. Elə imkanlı ailələr var ki, mərifətli, alicənabdırlar. 

Böyük-kiçik yeri biləndirlər. Bəziləri də fərqlidir. Yəni, insanın müəllimə və ya başqa birisinə münasibəti onun imkanlı-imkansız olmasından asılı deyil. Amma varlı, vəzifə sahibi olan valideynlər də var ki, uşaqlarına bir kimsənin "gözün üstdə qaşın var” deməsinə təhəmmül etmir. Bunlar hamısı ailədə tərbiyədən asılıdır.

Uşağın necəliyi də ailənin göstəricisidir. Hər uşaq bir ailədən çıxır və məktəbdə də, cəmiyyətdə də ailəsini təmsil edir. Ona baxıb ailəsinə, ata-anasına qiymət verirlər. Bəzən şagirdlər müəlliməni hövsələdən çıxarır. 

Amma gərək müəllim təmkinini qorusun, kobud ifadələr işlətməsin, şagirdi təhqir etməsin, mənliyini alçatmasın. Uşaq yeniyetmə yaşında bu cür hallara qarşı həssas olur və alçaldılmasını uzun müddət unuda bilmir. Müəllim valideynlə işləməlidir. Onu məktəbə çağırmalı, söhbət etməli, vəziyyəti bildirməlidir. Uşağın dərsdə özünü necə apardığını valideynə deməlidir. Valideyn uşaqla bağlı birinci özü ölçü götürməli, uşağın tərbiyəsi ilə məşğul olmalıdır. Sinifdə özünü apara bilməyən şagird tənbeh olunmalıdır, amma heç bir halda şagirdə fiziki güc tətbiq etmək olmaz. Buna qətiyyən yol verilməməlidir. Təsəvvür edin ki, son 4 il ərzində orta məktəb şagirdləri arasında bıçaqla xəsarət yetirmə hallarının sayı neçə dəfə artıb. Bu onu göstərir ki, məktəb direktorları, uşaq birliyi rəhbərliyinin, məktəb psixoloqlarının fəaliyyəti normal vəziyyətdə deyil”.

Qeyd edək ki, məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Nəriman İsmayılov ötən həftə bir neçə şagirdin intihar məqsədilə damarlarını kəsməsi ilə bağlı məlumatlara aydınlıq gətirib. Direktor müavininin sözlərinə görə, hadisə məktəbdən kənarda baş verib: "Söhbət intihardan getmir. 2 uşaq öz aralarında zarafatlaşıblar, qollarında cızıq əmələ gəlibsə, bunu intihar kimi qiymətləndirmək olmaz”. Xatırladaq ki, 76 saylı orta məktəbin 6-cı sinif şagirdlərinin "Mavi balina” adlı yeniyetmələr üçün təhlükəli oyunun təsiri ilə damarlarını kəsdikləri iddia olunur.

Aysel Aslan