Məktəblinin intiharı ailədən gəlir...
Ekspertlər uşaqlarla bağlı ən böyük məsuliyyətin valideynlərin üzərində olduğunu deyir
Son illər Azərbaycanda uşaqların intihar etməsi faktları artıb. Böyüklərə nisbətən azyaşlıların intihar xəbərləri cəmiyyətdə daha çox ajiotaj yaradır, suallar doğurur. Eyni ilə Gədəbəydə 11 yaşlı məktəblinin intiharı kimi. Qeyd edək ki, Gədəbəy rayonu Arabaçı kəndində müəllimi tərəfindən döyüldüyü üçün intihar edən 5-ci sinif şagirdi Şahin Gülzalı oğlu Abbasovun təhsil aldığı məktəbin direktoru Tofiq Mirzəyevin açıqlamasına görə, intihar deyildiyi kimi məktəbdə yaranmış problem səbəbindən olmayıb.
Deyilənlərin hamısının məktəbə qarşı təxribat olduğunu vurğulayan direktor qeyd edib ki, Şahin Abbasovun məktəbdə heç bir problemi olmayıb. "Davamiyyəti yaxşı olub. Bacardığı qədər müəllimlərin tapşırıqlarını yerinə yetirməyə çalışıb. Ondan heç kəs narazılıq etməyib. Hadisə baş verən günün səhəri sinfə girib, uşaqlarla bir-bir danışmışam. Uşaqlar da bildiriblər ki, sinif rəhbəri heç kəsi incitməyib”.
Bəs, 11 yaşlı Şahini intihara vadar edən səbəblər nə ola bilər?
Ekspertlərin fikrincə, intihar edən uşaqlar, əsasən, uğursuz ailələrdən çıxanlar, zorakılığa məruz qalanlardır.
Psixoloq, Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov bildirib ki, uşaqlar hansısa problemlərinin həllində cəmiyyətdən dəstək tapa bilmir, valideynlər, uşaqların ətrafında olan yaşlı insanlar onların probleminə öz baxış bucağından baxır. Psixoloq deyib ki, bizim ailələrin çoxunda uşaqların problemlərinə yanaşma tərzi formalaşmayıb: "Valideynlərin dünyagörüşü azdır, uşaqlara az vaxt ayırırlar. Uşaqlar problemlə qarşılaşanda kimə, hara müraciət etmək lazım olduğunu bilmirlər. Valideynlər həmin problemləri yeniyetməlik dövrü ilə izah edir və onların keçici olması ilə əlaqələndirirlər”. Psixoloq uşaqlar arasındakı intiharları stress, ailədə və məktəbdəki ayrıseçkilik, ailədaxili münaqişələr, sevgi stresləri, uşaqlara qarşı seksual zorakılıqlar, uşaqların asudə vaxtının düzgün təşkil olunmaması ilə əlaqələndirir. Onun fikrincə, cəmiyyətdəki fərdiləşmə, insanların bir-birlərinə və ətrafda baş verənlərə soyuqluğu uşaqların özünə qapanmasına səbəb olur.
Kərimov deyir ki, psixoloji problemləri olan, intihara meyilli uşaqlardakı dəyişiklikləri valideyn və müəllimlər çox vaxt müəyyən edə bilmir, bu hallara diqqət yetirmirlər.
A.Kərimovun sözlərinə görə, intihar etməyi fikirləşən uşaqlar özünə qapanır, səliqəsiz geyinir, ya çox yatır, ya da gecələri yatmır, xəyallara dalır, ətrafındakılara və baş verən hadisələrə diqqətsiz olur, gündəlik tutur, ən çox sevdiyi əşyaları başqalarına bağışlayırlar. İntihar etmək fikrində olan uşaqlarda intihar üçün lazım olan alətlərə maraq oyanır, intiharla bağlı məlumatlar toplayır, bu barədə filmlərə baxırlar.
Psixoloq valideynlərə tövsiyə edib ki, uşağı onun problemlərini başa düşməyə, probleminin həllinə kömək etməyə hazır olduqlarına inandırmaq lazımdır: "Valideynlər bu dövrdə uşaqlarına daha yaxın olmalı, onların problemləri ilə çox maraqlanmalı, qapalı olmalarına imkan verməməli, onlarla dostlaşmalıdırlar”. Kərimov kənd və şəhər ailələrində tərbiyə alan uşaqların intiharının səbəblərini fərqləndirir. O deyib ki, kənd yerlərində ailələr daha mühafizəkardır. Belə ki, kəndlərdə yaşayan ailələrdə valideyn atanın, babanın yanında uşağını qucağına götürə, uşağa sevgisini bildirə bilmir.
Kəndlərdə uşaqların problemlərinin olmasını qəbul etmirlər, onlara soyuq münasibət var. Uşaqlara qarşı fiziki, psixoloji ayrıseçkilik var:
"Şəhərdə yaşayan uşaqların informasiya almaq, hər hansı problem olanda kömək üçün müraciət etmək imkanları genişdir. Şəhərdə uşaqlar özünü aktuallaşdıra bilmirlər. Valideynlər uşaqların qərarlarına qarşı çıxırlar. Həmçinin şəhər uşaqları daha çox sevgi stresləri yaşayır”.
Onun sözlərinə görə, hazırda uşaqların psixoloji xidmətlərdən istifadəsində bir çox problemlər mövcuddur. "Eyni zamanda valideyn-məktəb əməkdaşlığı da çox zəifdir. Azərbaycan ailəsinin qapalılığı da buna təsir göstərir. Bu qapalılıq psixoloqların uşaqlarla birgə işləməsinə əngəl olur. Orta məktəblərdə psixoloqların işləməsi üçün lazımi şərait yoxdur. İntihar hallarının azaldılması üçün geniş maarifləndirmə işinin aparılmasına və uşaqlara göstərilən psixoloji yardımın gücləndirilməsinə böyük ehtiyac var”.
Əməkdar müəllim Almaz Həsrətin qənaətincə, bir şagirdin müəllim tərəfindən döyülməsi və bunun üçün də intihara əl atması kifayət qədər mənfi tendensiyalardan xəbər verir: "Amma şəxsən mənim üçün orta məktəbdə bu cür halların qeydə alınması inandırıcı deyil. Görünür, ortada ciddi anlaşılmazlıq var. Hesab edirəm ki, hadisəni araşdırmadan və dəqiq sübutlar əldə etmədən 11 yaşlı uşağın müəllimi tərəfindən döyüldüyü üçün intihara əl atdığını yaymaq doğru deyil”.
Son illər Azərbaycanın təhsil müəssisələrində şagird- müəllim münasibətlərinin müsbətə doğru yönəldiyini əminliklə vurğulayan A.Həsrətin sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq indi müəllimlər şagirdlərə münasibətdə zor gücünə davranış sərgiləmir: "Əgər istisna olaraq, sözügedən məktəbdə belə bir hadisə baş veribsə, deməli, burada əsas məsuliyyəti də məktəb rəhbərliyi daşıyır. Şagirdə əl qaldıran müəllimlə yanaşı, rəhbərlik də cəzalandırılmalıdır. Amma bir daha təkrar edirəm ki, mən belə bir halın baş verdiyinə inanmıram. Bunun üçün də ilk növbədə həmin şagirdin psixoloji durumu, davranışları ilə bağlı məlumat toplamaq lazımdır. Sağlam düşüncəyə sahib, sağlam ailədə tərbiyə alan heç bir uşaq bu yaşda intihara əl atmaz. Ola bilsin ki, həmin şagirdin ailəsində yaşanan gərginlik onu intihra vadar edib. Mümkündür ki, uşağa ailədə edilən psixoloji təzyiqlər onu son həddə çatdırıb, həyatdan bezdirib. Yəni onun intiharını sırf məktəbdəki təlim- tərbiyə mühitinə bağlamaq doğru deyil. Ailədə olan tərbiyədən də çox şey asılıdır. Müəllim döysə belə, buna görə bir şagirdin intihar etməsi inandırıcı deyil. Biz dədə-babadan eşitmişik ki, müəllim şagirdə səsini də ucaldar, danlayar da”.
Şəymən