"Məlahət Abbasova iki il münsif olanda niyə susurdu?"

Fırıldaqçılıqda ittiham olunan Vüsalə Səid susqunluğunu pozdu



Bir müddət əvvəl aparıcı Aysel Nazim tərəfindən "Sinema güzeli” yarışmasına görə fırıldaqçılıqda ittiham olunan Vüsalə Səid ötən gün susqunluğunu pozdu.
Sözügedən layihənin eks-təşkilatçısı müsabiqənin adını dəyişərək yeni layihəyə start verib. Bu barədə o, feysbuk sosial şəbəkəsində məlumat yayıb. Hazırda ayrı-ayrı adlar altında hər iki tərəf müsabiqəyə start verib. Amma adı dələduzluqda ittiham olunan, aparıcı, «Sinemanın kral və kraliçası» müsabiqəsinin Azərbaycan üzrə təşkilatçısı Vüsalə Səid mətbuat konfransı keçirib, məsələlərə aydınlıq gətirib.

Fevral ayının 23-də Türkiyənin məşhur "Sinemanın kral ve kraliçesi yarışması”nın Azərbaycan seçimi keçiriləcək. Bu münasibətlə təşkil olunan mətbuat konfransında "Sinemanın kral ve kraliçesi” layihəsinin qanuni və tək təmsilçisi Vüsalə Səid Əyyubqızı layihə barədə ətraflı məlumat verməyə çalışdı. 

Kütləvi İnformasiya Vasitələri və sosial şəbəkələrdə yayımlanmış əsassız ittihamlara münasibət bildirərək, bu ləkələmə kampaniyasını təşkil edənlərin əsl məqsədlərini üzə çıxarmaq üçün sənədlər, video görüntülər təqdim edərək əsassız suçlandığını bildirdi.

Xatırladaq ki, bir müddət öncə Əməkdar artist Məlahət Abbasova bu kimi müsabiqələri fırıldaqçılıq, pul tələsi adlandıraraq ötən il təşkil olunan "Sinemanın kral və kraliçesi" yarışmasının qaliblərinin ortada olmadığını bildirib. Daha sonra A.Nazim mətbuat konfransı keçirərək o da həmkarını dələduzluqda ittiham edib.

Türkan Şoray, Tarık Akan, Fatma Girik, Cüneyt Arkın, Hülya Koçyigit kimi məşhur sənətçilərin iştirak etdiyi "Sinemanın Kral və Kraliçesi» yarışmasında Azərbaycan gənclərinin də iştirakı üçün şərait yaradılıb. Hətta bundan əvvəl keçirilən yarışmada Məlahət Abbasova Azərbaycandakı seçim turlarında münsif kimi də iştirak edib. 

Bu il Məlahət xanım seçim turlarında münsif olmadıqdan sonra layihə təşkilatçısını dələduzluqda ittiham etməsi də əslində birmənalı qarşılanmadı. Layihənin məqsədi istedadlı gənclərin müsabiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə gənclərə bu sahənin peşəkarları olan tanınmış sənətçilər və münsiflər heyəti qarşısında bacarıqlarını nümayiş etdirmək şansı yaradır.

Mətbuat konfransında Vüsalə Səid müsabiqəyə ilk başlayan gündən bu günə qədər olan sənədləri, görüntüləri media nümayəndələrinə təqdim etdikdən sonra qarşı tərəfin əsassız ittihamlarının gülünc göründüyünü vurğuladı:

 «Mənim üçün maraqlıdır, qarşı tərəf bizi hansı əsaslarla dələduzluqda ittiham edirlər. Məlahət xanım iki il münsif olanda niyə susurdu, əgər müsabiqənin mahiyyəti dəyərli deyildisə, niyə bizimlə əməkdaşlığa ilk gündən razı oldu? Biz ona əməkdaşlıq təklif edəndə mənə deyəydi ki, özünü yorma, Türkiyədə yeni sinema simalarına ehtiyac yoxdu, orda yetərincə bu sahəyə gələnlər var. Müsabiqədən gedəndən sonra böhtan atmaq nə qədər etikdir? Sizcə, bu, nə qədər ədalətlidir?».

Mətbuat konfransında məlum olayla bağlı hüquqşünası da müəyyən məlumatları jurnalistlərə çatdırdı. Bildirdi ki, qarşı tərəfin əsassız ittihamları hüquqi müstəvidə həllini tapacaq, qanun çərçivəsində dələduzluqda ittiham olunan Vüsalə Səidin hüquqları müdaifə olunacaq, qarşı tərəf qanunların imkan verdiyi şəkildə cəzasını alacaq. 

Eyni zamanda bu müsabiqədə digər iştirak edən qurumların nümayəndələri, eyni zamanda «Sinemanın kralı və kraliçası»nın Azərbaycan üzrə qalibi Pərviz Musayev də çıxış edərək müsabiqədə heç bir dələduzluğun olmadığını, qarşı tərəfin ittihamlarının böhtan xarakterli olduğunu vurğuladı. Müsabiqədə iştirak imkanı əldə edib seçilən Pərviz Musayev onu da vurğuladı ki, bu müsabiqəyə qatılmaqla, onun Türkiyə sinemasında fəaliyyəti üçün qapılar açılıb: «Biz həm Türkiyədə olduğumuz bir həftə ərzində peşəkar mütəxəssislər, rejissorlar və bu sahədə olan tanınmış aktyorlar tərəfindən treninqlər aldıq. Azərbaycanda təmənnasız Mehriban Zəki kimi peşəkar bir ustaddan dərslər alırıq. Müsabiqədə iştirakımız bizə şərait yaradır ki, biz kino sahəsində özümüzü təsdiqlədə bilək».

Mətbuat konfransında «Sinemanın kral və kraliçası» yarışmasının təşkilatçısı Atilla Kaplakarslanla da görüntülü bağlantı yaradıldı. Atilla bəy onu da qeyd etdi ki, onun təşkil etdiyi müsabiqə illərdi keçirilir. «Azərbaycanda 3 ildi bu müsabiqənin təşkilatçılığı Vüsalə xanıma həvalə edilib və yüksək səviyyədə keçirilir. Müsabiqənin adına ləkə gətirənlər isə qanun qarşısında cəzalarını alacaqlar».

Müsabiqədə rüşvət məsələsinə də aydınlıq gətirən Atilla bəy qeyd etdi ki, müsabiqəyə qatılmaq ödənişlidir. Bunu hər bir iştirakçı öncədən bilir. Əldə olunan vəsait isə əngəlli uşaqlara yardım məqsədilə istifadə olunur.

Yeri gəlmişkən, Atilla bəy görüntülü bağlantı zamanı Türkiyədə qala gecəsinin martın 31-də keçiriləcəyini qeyd etdi. Yerli jurnalistlər martın 31-də Azərbaycanda soyqırım günü kimi qeyd olunduğunu həm mətbuat konfransının təşkilatçılarına, həm də Atilla bəyin diqqətinə çatdırdılar. Media nümayəndələri tələb etdilər ki, həmin gecənin vaxtı soyqırım gününə təsadüf etdiyindən dəyişdirilsin.

Tahirə Məmmədqızı