Məktəb sadəcə bir binadır, orada çalışanlar hər ay əməkhaqqı alır, vəssalam
Məleykə Abbaszadə təhsilimizin paxırını açdı
Orta məktəblər funksiyasını itirib, məktəb sadəcə bir binadır
Məktəb sadəcə bir binadır, orada çalışanlar hər ay əməkhaqqı alır, vəssalam
Məktəb sadəcə bir binadır, orada çalışanlar hər ay əməkhaqqı alır, vəssalam
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə yenə də orta məktəblərin paxırını açdı. Məlum oldu ki, qiymət şişirtmələri hələ də davam edir, məktəbi "əla” bitirən məzunların yalnız 42 faizi qəbul imtahanlarında attestat qiymətlərini doğruldur. Bunlar azmış kimi araşdırmalar nəticəsində buraxılış siniflərində oxumağı, yazmağı bacarmayan şagirdlərin olduğu da üzə çıxıb.
TQDK sədri 9 və 11-ci siniflərdə oxumağı, yazmağı bacarmayan şagirdlərin rayonlar üzrə sayını da açıqlayıb. Və ilk sıralarda Cəlilabad, Yevlax, Ağcabədi, Masallı rayonlarının dayandığını deyib. Hətta bu siyahıda digər rayonlarla yanaşı, paytaxt Bakı şəhəri də var. Qəbul imtahanlarında ən yüksək nəticəni isə artıq neçə illərdir olduğu kimi, bu dəfə də türk liseyləri göstərib. Bəli, bu da orta məktəblərimizdəki mövcud durumun acınacaqlı mənzərəsi.
TQDK sədrinin son açıqlamalarına münasibət bildirən sabiq TQDK sədri filologiya elmləri namizədi Vurğun Əyyub orta təhsilin səviyyəsinin bu mənzərədən aydın göründüyünü dedi:
- Təhsil bütövlükdə siyasi-ictimai həyatın bir parçasıdır. Təhsilimizin hələ də aşağı səviyyədə olmasının bir yox, bir neçə səbəbləri var və hesab etmirəm ki, bu səbəbləri bir jurnalistin kimdənsə rəy öyrənməsi ilə aşkara çıxarmaq mümkündür. Biz illərdir deyirik ki, Azərbaycanda orta məktəblər öz funksiyasını itirib, məktəb sadəcə bir binadır, orada çalışanlar hər ay əməkhaqqı alır, vəssalam. Şagirdlər yalnız repititor tədrisi ilə fənləri öyrənirlər. Şagirdlər dərsə gəlmir. Müəllimlər dərs keçmək marağında deyil, dərsi elə tərzdə tədris edirlər ki, şagirdlər məcburiyyət qarşısında qalıb əlavə dərs keçmək üçün ona müraciət etsinlər və pul ödəsinlər. Məktəb direktorları da, müəllimlər də öz maraqlarını qoruyur, valideynlər də övladları qəbul imtahanında uğur qazansın deyə, repititor əməyindən istifadə etməyi daha məqsədəuyğun görürlər. Hazırlıq kurslarına, repititor yanına gedən şagirdlərə yazmaq, oxumaq öyrədilmir, onlara ancaq ixtisas qrupuna uyğun hazırlaşdıqları fənlər öyrədilir. Repititor əməyindən istifadə etməyə, hazırlıq kurslarına pul ödəməyə imkanı çatmayanların balaları da təhsildən yayınır. Uşaqlar ya avtoservislərdə təkər qaraltmaqla, ya bazarlarda yük daşımaqla, maşın şüşəsi silməklə, maşın yumaqla məşğuldurlar. Məktəbi atıb ailələrinə çörəkpulu qazanan uşaqlar var. Məktəb də bununla maraqlanmır. Bu məsələlər çox ciddi araşdırmalar tələb edir. Bir dəfə səhv etmirəmsə, Rövşən Ağayev belə bir araşdırma aparmışdı. Amma konkret nəticələrə gəlinmək üçün araşdırmalarda üzə çıxan səbəblərin aradan qaldırılması lazımdır.
Bəs, müəllimlərin əməkhaqqının artırılması problemin həllinə kömək edəcəkmi?
V.Əyyub bildirdi ki, müəllimlərin əməkhaqqı o qədər çox qalxmayıb:
- Mən istənilən halda müəllimlərin əməkhaqqının qalxmasının tərəfdarıyam və bunu müsbət qiymətləndirirəm. Amma əməkhaqqının qaldırılmasının özündə də bəzi müəmmalı məqamlar var. Birincisi, sınaq qiymətləndirilməsi keçirilən zaman bildirildi ki, bunun əməkhaqqına heç bir aidiyyəti olmayacaq, bu yalnız müəllimlərin biliyinin qiymətləndirilməsi məqsədi daşıyır, yəni, nəyə sahib olduğumuzu müəyyənləşdirməyə hesablanıb. Amma sonra məlum oldu ki, biliyin dəyərləndirilməsində iştirak etmiş müəllimlərin əməkhaqqı artırılır. Halbuki, qiymətləndirmə ancaq paytaxt müəllimləri arasında aparılmışdı. Regionlardakı müəllimlər həm biliyin qiymətləndirilməsindən və həm də, təbii ki, əməkhaqqı artımından kənarda qaldılar. Hansı ki, əksinə, regionlarda təhsilin inkişafına və məntiqi olaraq müəllimlərin həvəsləndirilməsinə daha çox ehtiyac vardı. Digər tərəfdən, əməkhaqqının artırılması məsələsində də anlaşılmazlıqlar mövcuddur. Bildirilir ki, müəllimlərin dərs yükü 18 saata qaldırılır. Deməli, müəllimin dərs yükü çoxalır, bunun müqabilində isə əməkhaqqı 2 dəfə artırılıb. Demək ki, müəllimlərin əməkhaqqı o qədər də çox artmayıb. Müəllim çox dərs keçib, artıq əməkhaqqı alacaq. Amma artırılmış əməkhaqqı da hələ müəllimlərə verilməyib. Deyiblər ki, mart ayında artımı alacaqsınız. Niyə? Bir halda ki, ölkənin Prezidenti əməkhaqqının artırılması ilə bağlı sərəncam imzalayıb, niyə məmurlar sərəncamdan irəli gələn məsələləri həll etmir? Başqa məsələ, dərs yükü 18 saatdan az olanlarla bağlıdır. Hazırda paytaxda elə müəllimlər var ki, yarım "stavka” dərs saatı var. Cəmi 6 saat dərs deyir. Bəs onların əməkhaqqı necə artacaq? Qaldı ki, oxumağı, yazmağı bacarmayan şagirdlərin olmasına, bu problem az və ya çox dərəcədə sovet vaxtı da vardı. Demək olar, hər məktəbdə bisavad, kitab oxuya bilməyən uşaqlar olurdu. Oxumaq, yazmaq bilməyən şagirdlərin mövcudluğu sadaladığım digər problemlərlə müqayisədə kiçik məsələdir. Bir-iki nəfərin oxuma-yazmaq bilməməsiylə ölkə tənəzzül etməz, amma əgər ali məktəbə qəbul olan abituriyentlər arasında savadsız, biliksiz tələbələr olacaqsa və onlar da sabah hansısa dövlət və ya qeyri-dövlət strukturunda çalışacaqlarsa, bax, böyük bəlalar o zaman üzə çıxacaq. Məncə, bu sual ətrafında düşünmək lazımdır; nə üçün türk liseylərində tədris yüksək səviyyədədir və bu liseyləri bitirənlər daha üstün nəticələr əldə edir? Təhsil orqanları bəlkə bu suala cavab tapsalar, təhsilimizin səviyyəsinin yüksəldilməsi yollarını da taparlar.
Məlahət Rzayeva