Məleykə Abbaszadənin xəbəri nəticə verəcək

Bundan sonra şagirdlər məktəb dərslərini öyrənməkdə maraqlı olacaqlar




"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kolleclərə qəbul qaydalarını dəyişdirəcək”. Bu barədə qurumun sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2015-ci ildən etibarən 11-ci sinfi həmin tədris ilində bitirən məzunların ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına, o cümlədən orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq.

Komissiya sədrinin addımını dəyərləndirən Əməkdar müəllim, təhsil üzrə tanınmış ekspert Almaz Həsrət "Şərq”ə açıqlamasında qeyd edib ki, son qərar təqdirəlayiqdir. Ekspertin qənaətincə, məktəblinin uğur və nailiyyətləri nəzərə alınırsa, bu, şagirdi məktəbə bağlamağın ən unikal yoludur: "Dünyada gedən proseslərdən geri qalmaq olmaz. Yerli təhsil siyasəti də dünya təhsil siyasətinə uyğunlaşdırılmalıdır. Məlumdur ki, əvvəllər TQDK şagirdlərin nəticələrinə önəm vermirdi. Tələbə isə yalnız qəbul imtahanlarına diqqət ayırırdı. Belə olan halda şagirdlərin dərsə davamiyyəti və oxuma meyilləri zəifləyirdi. Onlar repetitor yanına gedirdilər. Repetitor yanında əldə etdikləri biliklərə müvafiq olaraq ali təhsilini davam etdirməyi düşünürdülər. Bu baxımdan şagird və valideynlər məktəbdəki təhsilə maraq göstərmirdilər. Amma son addım onları bu düşüncələrdən daşındıracaq. İnanıram ki, şagirdlər məktəb dərslərini öyrənməkdə maraqlı olacaqlar ki, bu, da qəbulda öz əksini tapacaq”.

Ayyət Əhməd