Məlumat varsa verilməlidir

Sadəcə intihar, qətl informasiyaları peşəkar hazırlanmalı, etik kodeksə uyğun olmalıdır





(Əvvəli ötən sayımızda)

Son illər ölkəmizdə boşanmaların sayının kəskin şəkildə artması ölkə ictimaiyyətində ciddi narahatlıq doğurur. Sözügedən problemin aradan qaldırılması, boşanmaların sayının minimum endirilməsi məqsədi ilə Milli Məclisdə "Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda dinləmə keçirilib. MM-də çıxış edən deputatlar boşanma xəbərlərinin yayılmasında mətbuatı qınayıb, mediada dərc olunan pis xəbərlərin cəmiyyətdəki aqressiyanı artırdığını bildiriblər.

İddialara görə, boşanmalar barədə xəbərləri mətbuatda yaymaq insanların psixikasına mənfi təsir edir. Yəni ayrılıq xəbəri özü növbəti boşanmaya yol açır. Bu tendensiyanın isə artıq medianın reytinq qazanmaq məqsədinə xidmət etdiyi vurğulanır. Üstəlik, hadisələrin, sadəcə, görünən üzü xəbər obyekti olur, ancaq onun başvermə səbəbləri fonunda cəmiyyətə heç bir maarifləndirici mesaj ötürülmür.
Ailələrin dağılmasının ciddi problemə çevrildiyini vurğulayan hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun sözlərinə görə, mətbuat orqanlarının ailələrin möhkəmləndirilməsində deyil, dağılmasında daha böyük xidmətləri var. Ailədən uzaq insanları mütəmadi olaraq televiziyada efirə çıxarırlar. Bir neçə gün bundan öncə, abituriyentlərin biri bal toplaya bilmədiyi üçün intihar etdi. Mətbuat bu məsələni şişirdən kimi onun ardınca bir neçə nəfər də intihar etdi. Keçmişdə belə halları təbliğ etmirdilər.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə Azərbaycanda ailələrin dağılmasına səbəb kimi sosial şəbəkələri, xüsusən də feysbukun adını hallandırıb. Komitə rəhbəri qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır: "Gənclərə ailə nədir, onu başa salmaq lazımdır”.
Qeyd edək ki, bu iddiada olan tək Siyavuş Novruzov, Hadi Rəcəbli deyil. Hesab edirlər ki, son illərdə zorakı hadisələrin, amansız qətllərin, dəhşətli qəzaların və intihar olaylarının, boşanmaların Kütləvi İnformasiya Vasitələrində (KİV) işıqlandırılması, hətta bəzi media orqanları tərəfindən həddindən artıq tirajlanması ciddi müzakirə mövzularındandır. Digər millət vəkilləri, psixoloqlar və digər ictimaiyyət nümayəndələri da vaxtaşırı ailə-məişət problemlərini gündəmə gətirib, saylarının artmasında medianı günahlandırırlar. Bəs, görəsən, media nümayəndələri və ekspertlər bu barədə nə düşünür?
Boşanmaların, intiharların artmasında mətbuatın rolu varmı?
KİV-lərin kommersiya qurumu olduğunu xatırladan Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərlinin sözlərinə görə, media auditoriyaya, bazara işləyir: "Onlar öz auditoriyalarının maraqlarını cəlb etmək üçün oxucu qazandıran, daha çox gəlir gətirən mövzulara geniş yer ayırırlar. Auditoriya hansı tip xəbərləri oxumağa üstünlük verirsə və hansısa KİV fəaliyyətində bu auditoriyanın maraqlarını ödəməyə çalışırsa, burada problem axtarmağa dəyməz. Bu baxımdan KİV-lər, adətən, kriminal xəbərlərə gen-bol yer ayırırlar. Amma məncə, problemin kökü kriminal xəbərlərin sayının çoxluğunda yox, kriminal xəbərlərin qeyri-peşəkar hazırlanmasındadır. Bəzi KİV-lərin yaydıqları kriminal xəbərlərin strukturu elə həmin kriminal hadisənin özü qədər ağırdır, qanundan, peşə standartlarından kənardır, cəmiyyət üçün ziyanlıdır. Yayılan xəbərlərin cəmiyyətə ziyan vurmaması, fəsad törətməməsi üçün həm qanunlarda, həm də Jurnalistlərin Etik Kodeksində bu halları tənzimləyən məqamlar yer alıb. KİV-lər fəaliyyətlərini kommersiya marağı ilə yanaşı, həm də informasiya vermə, məlumatlandırma, maarifləndirmə prinsipinə uyğunlaşdırmalıdırlar”. Kriminal xəbər hazırlamağın beynəlxalq standartları olduğunu xatırladan JuHİ sədri deyib ki, bu məsələ həm informasiya yayımını həsr edilən qanunlarla, həm də peşə kodeksi ilə tənzimlənir: "Azərbaycan Mətbuat Şurası "Azərbaycan Jurnalistlərinin Peşə Davranış Qaydaları”nın layihəsini hazırlayarkən, bu məqama ciddi nəzər yetirib. Kodeksdə 3-cü Prinsipin əksər bəndləri, demək olar ki, bu mövzuya həsr edilib. Təəssüf ki, bəzi KİV-lər bu prinsipləri öyrənmirlər. Buna görə də, kriminal hadisələr, o cümlədən, intiharlar barədə xəbər hazırlayarkən, bəzən bilərəkdən, ya bilməyərəkdən, həmin hadisələrin təbliğatçısına çevrilirlər. İntihar hadisələri ilə bağlı xəbərlər, kriminal xəbərlərin bir hissəsidir və xəbər standartları burada da pozulur. Bu, təhlükəlidir. İntihar hadisələri ilə bağlı standart belədir ki, hadisənin detallı təsviri verilməməlidir. İntiharçının istifadə etdiyi vasitələr, üsullar, qan izləri, ölümdən sonrakı görüntülər qapalı qalmalıdır. Təəssüf ki, əksər media qurumları bu prinsipləri nəinki tətbiq etmirlər, hətta onların mövcudluğundan da xəbərsizdirlər. Bu baxımdan mən kriminal xəbərlərin ayrı-ayrı tipləri üzərində dayanmaq istəməzdim. Fikrim belədir ki, bu sahədə hazırlanan xəbərlərin əksəriyyəti peşə standartlarından uzaqdır, cəmiyyət üçün ziyanlıdır... Amma burada ciddi bir nüansı nəzərə almaq lazımdır. Məsələ ondadır ki, "bəzi” adlandırdığımız qeyri-peşəkar KİV-lər bu prinsipləri pozsalar da, ənənəvi media qurumları, oturuşmuş, institutlaşmış, nüfuzlu KİV-lər bu prinsipləri nəzərə almağa çalışırlar. Ancaq internet xəbər müstəvisində bu prinsiplərin pozulması çox intensivdir. Yəni ümumilikdə kriminal xəbər, ayrılıqda isə intihar halları ilə bağlı xəbər standartlarını pozanlar daha çox internet xəbər istehsalçıları, konkret desək, sosial şəbəkə istifadəçiləri, sosial mediadır. Burada professional xəbər istehsalçılarını, yəni jurnalistləri qınamağın yeri yoxdur. Hədəf dəqiq göstərilməlidir-sosial şəbəkələr. Fikrimcə, Milli Məclisdə problem düzgün qabardılıb, amma problemə yol açan səbəb, hədəf düzgün göstərilməyib. Azərbaycanda internet istifadəçilərinin sayı, ümumi ölkə əhalisinin 80 faizə yaxınını əhatə edir. Bu əhatəyə daxil olan insanların təhsili, sosial statusları fərqli olduğu kimi, internet üzərindən yaydıqları informasiyaların keyfiyyəti də müxtəlifdir. Yaydıqları informasiyalar "məhdudiyyət prinsipi”nin pozulması baxımdan "zəngindir”. 2013-cü ildən başlayaraq, informasiya yayımındakı məhdudiyyətlərin internet müstəvisinə də tətbiq edilməsi üçün addımlar atılır. 2015 və 2016-cı illərdə "Kütləvi İnformasiya Vasitələri haqqında qanun”a, Cinayət Məcəlləsinə, Mülki Məcəlləyə əlavə və dəyişikliklər edildi. Təcrübə göstərir ki, qanunlara əlavə və dəyişikliklər edilməsilə paralel şəkildə maarifləndirmə işlərinin də aparılmasına ehtiyac var. Onlayn xəbər istehsalçıları yayımına qanunla məhdudiyyət tətbiq edilən informasiyalar barədə bilgiləndirilməli, bu prinsiplərə əməl etmələri üçün müəyyən vərdişlərə yiyələnməlidirlər”.
"Azadinform” informasiya agentliyinin baş redaktorunun müavini Elçin Bayramlı da deputatların dediklərində həqiqət olduğunu deyib. Onun sözlərinə görə, tək səbəb bu olmasa da, səbəblərdən, stimullaşdırıcı hallardan biridir: "20 ildən çoxdur media gecə-gündüz kriminal verilişlər verir, aqressiv filmlər yayımlayır, intiharın detallarına qədər göstərir. Elmi olaraq sübut edilib ki, insanın ətrafdan aldığı hər bir informasiya əbədi olaraq alt yaddaşa yazılır. Bu da insanın şüuruna, psixologiyasına, düşüncəsinə güclü təsir edir, xarakteri formalaşdırır. Eləcə də, teleterror vasitəsilə boşanmalar təbliğ olunur, ailə institutu dolayı yolla lağa qoyulur, qadın azadlığı adı altında hər cür əxlaqsızlığa haqq qazandırılır, seriallar, şoular vasitəsilə insanların psixologiyasına mənfi təsir göstərilir.
Bəziləri burada sosial vəziyyətin təsirini qabartmağa çalışırlar, lakin bu tam əsassızdır. Bu faktorun rolu ola bilər, lakin çox aşağı faizlə. Konkret faktlarla izah edim. Tarix və təcrübə göstərir ki, intiharlarda, boşanmalarda sosial vəziyyətin rolu son dərəcə aşağıdır, əsas faktor mənəvi-psixoloji faktordur. Misal üçün, dünyada ən yüksək intihar və boşanma halları məhz ən çox inkişaf etmiş ölkələrdədir - Amerika, Yaponiya, Almaniya, Rusiya, Britaniya, Fransa, Norveç, İsveç və s. Ən az isə yoxsul ölkələrdədir. Bir də dinin güclü olduğu ölkələrdə - xüsusilə də, müsəlman ölkələrində. Bundan başqa, son 100 ildə ən aşağı boşanma və intihar halları 2-ci Dünya müharibəsi dövründə olub, halbuki o dövr yoxsulluq, aclıq, dağıntı dünyanın yarısını başına götürmüşdü. Göründüyü kimi, intihar və boşanmada sosial faktorun rolu az qala yox səviyyəsindədir, bu sırf mənəvi-psixoloji problemlərin nəticəsidir.
Hesab edirəm ki, mediaya ciddi dövlət və ictimai nəzarəti olmalldır. Çünki KİV kütlələrə ən güclü təsir vasitəsidir. Xüsusilə də televiziyalar. Hansı ki, problemin yaranmasında ən çox pay onlara məxsusdur”.
"Milli.az” saytının baş redaktoru Anar İmanov isə belə deyib:
- Bu kimi məsələlərdə medianın bircə vəzifəsi var - şişirtmədən hadisəni işıqlandırmaq. Deməzdim ki, media bu məsələlərdə katalizator rolunu oynayır. Bəli, bəzi media orqanları İP üçün çalışaraq sanki nağıl yazmağa çalışırlar, amma əksər hallarda jurnalistlərimiz bu işlərdə günahkar olan kəsləri axtarmağa çalışır. Bu da gələcəkdə bu kimi halların baş verməməsinə kömək etmək üçün lazımdır.
Açığı, mən çoxdan fikirləşirəm ki, bu məsələlərdə daha çox sırf insan faktoru önəmlidir. Aşağı bal toplamaq faciə olmamalıdır. Dünən, bu gün, sabah aparıcı qüvvələrin təməlində heç də vaxtilə 700 bal toplamış insanlar durmur. Bəli, 700 bal toplayanlar inanılmazı bacarırlar, aldığı təhsili yüksək səviyyədə nümayiş etdirirlər, amma bu o demək deyil ki, onlardan az bal toplayanlar daha pis çalışıblar, oxuyublar və s. Burada əzbərçi məsələsi də ola bilər, kiminsə bəxti də gətirə bilər, bəzən "mandraja” görə istədiyin balı toplaya bilmirsən və s. Mənə elə gəlir ki, bu məsələlərdə qohum-əqrəba abituriyentlərə çox yüklənir: "Mütləq çox bal toplamalısan”, "Qonşuların yanında biabır olduq”, "Təhsilsiz kimə lazımsan, səni alan olmayacaq!” və s. Bu kimi məsələləri mən daha çox psixoloji amillə bağlayıram.

Şəymən


Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb