Məlumatlar yalandır

Din xadimlərinə əməkhaqqı ayırmaq mümkün deyil
Onlara, sadəcə Fond tərəfindən maddi dəstək göstəriləcək. Bu ödəmələr QMİ tərəfindən rəsmi təsdiqlənmiş siyahı əsasında edilir


"Din xadimlərinə məvacib ödəniləcəyi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir. Söhbət, din xadimlərinə əmək haqqının ödənilməsindən deyil, maddi dəstək verilməsindən gedir”. Bu açıqlamanı "Şərq”ə Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş” məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənli verdi.

H.Ş.Həsənli qeyd etdi ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən din xadimlərinə, guya əmək haqqı ödəniləcəyi barədə yayılan məlumatlar doğru deyil:

- Məlumatda bildirilir ki, məscidlərdə çalışan imamlar 400 manatdan yuxarı, imam naibləri 300 manatdan yuxarı, mütəvəllilər 220-250 manat arası maddi dəstək alacaq. Göründüyü kimi, burada söhbət aylıq əmək haqqından deyil, məhz maddi dəstəkdən gedir. Maddi dəstəyi əmək haqqı kimi qələmə vermək düzgün deyil. Nə komitə, nə də Fond din xadimlərinə əmək haqqı ödəyə bilər. Bu, mümkün deyil. Yalnız maddi dəstək, maddi yardım saxlamaq mümkündür.

H.Ş.Həsənli bildirdi ki, Fond tərəfindən din xadimlərinə verilən əlavə yardımdır. Bu, birdəfəlik də ola bilər, təkrarlana da bilər:

- Qafqaz Müsəlmanları İdarəsinin təqdim etdiyi siyahı əsasında din xadimlərinə maddi yardım ödənilir. Din xadimləri ilə Fond arasında müqavilə imzalanıb artıq. Müqavilədə hansı din xadiminin nə qədər maddi yardım alacağı qeyd olunub. Bu ödəmələr QMİ tərəfindən rəsmi təsdiqlənmiş siyahı əsasında edilir. Yardımların edilməsində məqsəd din xadimlərinin fəaliyyətini stimullaşdırmaq, dövlət-din münasibətlərinin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasında din xadimlərinə dəstək olmaqdır. Proses artıq başlayıb. Yardımlar sayəsində dini icmalar sosial layihələr həyata keçirə, müxtəlif məzmunlu layihələrdə iştirak edə bilər. Məsələn, bizim "Məşədi Dadaş” dini icması indiyədək dəfələrlə sosial layihələrin iştirakçısı olub. Bu maddi yardımlar din xadimlərinə öz fəaliyyətlərini daha da genişləndirmək üçün əlavə imkanlar yaradır. Görülən işlərin, fəaliyyətin nəticəsinə uyğun olaraq bu yardımlar davamlı da ola bilər, birdəfəlik də.

Qeyd edək ki, məscid imamlarının, axundların dövlətdən əmək haqqı alacağı barədə xəbərlər hələ ötən ilin dekabrında yayılmağa başlamışdı. Xəbərin yayılmasına səbəb isə DQİDK sədri Mübariz Qurbanlının "Qafqaz Müsəlmanları İdarəsi tərəfindən məscidlərə təyin olunmuş imamlar, naimlər, mütəvəllilər və bu kimi vəzifə daşıyan şəxslər idarənin öz təqdimatı ilə əmək haqqı alacaqlar. Bunun ictimai-siyasi əhəmiyyəti var. Bu, lazımdır” sözləri idi. Mümkündür ki, komitə sədrinin sözləri düzgün anlaşılmamışdı və ya ifadələrdə hansısa səhvə yol verilmişdi. Lakin elə bu da din xadimlərinin dövlətdən əmək haqqı alacağına dair xəbərlərin "ayaq tutub yeriməsinə” səbəb oldu. Lakin o zaman məsələni "Şərq”ə şərh edən millət vəkili Fazil Mustafa din xadimlərinin dövlətdən məvacib almasının qeyri-mümkünlüyünü bildirmişdi:

- Azərbaycan Konstitusiyasına görə din dövlətdən ayrıdır. Lakin dövlətimiz məhz milli-mənəvi dəyərlərin qorunması prinsipini əsas tutaraq dini sahəyə daim dəstək verir. Eləcə də milli-mənəvi dəyərlərin təbliğinin həyata keçirilməsi üçün dövlətin dəstəyinə ciddi ehtiyac var. Bunu nəzərə alaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu yaradılıb. Dövlət büdcəsindən Fonda vəsait ayrılacaq. Həmçinin Fond kreditlər, qrantlar, texniki yardımlar, ianələr hesabına da fəaliyyətini təmin edə bilər. 

Bunlar hamısı Fondun Nizamnaməsində əksini tapıb. Fond din xadimlərinə sadəcə, maddi dəstək verə bilər. Fond heç bir halda din xadimlərinə rəsmən əmək haqqı ödəyə bilməz, çünki bu, hüquqa zidd addım olar. Din xadimlərinə Fond tərəfindən əmək haqqı ödənməsi üçün gərək din xadimləri də, məsələn, müəllimlər kimi, əmək müqaviləsi bağlasın, məmur statusu alsın. Yalnız bu halda din xadimlərinə dövlət tərəfindən əmək haqqı verilə bilər. Bu da Azərbaycan qanunlarına ziddir. Qafqaz Müsəlmanları İdarəsi mənəvi dəyərlərin qorunması və təbliğində əsas aparıcı fiqurdur. QMİ ictimai təsisatdır. Qeyri-hökumət təşkilatları kimi, QMİ də donorlar vasitəsilə yardım ala bilər. 

Necə ki, QHT-lərə yardım məsələsində əsas donor kimi dövlət özü çıxış edir, dini dəyərlərin təbliği, qorunması, həmçinin zərərli dini təmayüllər, radikalizmə qarşı mübarizədə də QMİ-nin əsas donoru Azərbaycan dövlətidir. Hesab edirəm ki, din xadimlərinə əmək haqqı veriləcəyinə dair açıqlamada bir qədər yanlışlığa yol verilib. Məsələnin məğzi düzgün anlaşılmayıb. Məncə, açıqlamanın daha da cilalanmasına ehtiyac var. Burada söhbət, din xadimlərinə əmək haqqı verilməsindən yox, maddi dəstəkdən gedir.

 Deyək ki, sabah hansısa sosial layihələr təqdim olunar və onların reallaşması üçün Fond - dövlətin timsalında din xadimlərinə maddi dəstək saxlayacaq, təqdim olunan sosial layihələri maliyyələşdirəcək. Azərbaycan dövlətinin din siyasəti bəllidir, dini sektora dəstəyi də məlumdur. Fond fəaliyyətə başladıqdan sonra isə dövlətin dəstəyi artıq rəsmi xarakter alacaq. Milli-mənəvi dəyərlərin təbliği və zərərli dini təmayüllərə qarşı mübarizədə dövlət Qafqaz Müsəlmanları İdarəsinə dəstəyini davam etdirəcək.

Məlahət Rzayeva