“Mənə bir az Bakıdan danış”

Sevinc Telmanqızı: “Hər müsahiblə görüşəndə onların necə ağrıdığını, kövrəldiyini, Vətən həsrəti çəkdiyini görürdüm”
“Onlar azərbaycanlı söhbətinə, səsinə, danışığına ac görünürdülər. Mən ilk dəfə qürbətin bu qədər qorxunc olduğunu o səfərlər zamanı öyrəndim”


"Yeni Müsavat” qəzetinin əməkdaşı, tanınmış jurnalist Sevinc Telmanqızının "Trampın və Sevincin Amerikası” və "Xatirələrin işgəncəyə döndüyü yer” adlı iki kitabı işıq üzü görüb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə nəşr olunan hər iki kitab ötən həftə ictimaiyyətə təqdim olunub.

Biz də "Şərq” qəzeti olaraq Sevinc xanımla əlaqə saxlayıb nail olduğu bu böyük uğur üçün həm onu təbrik etdik, həm də səfər təəssüratlarını öyrənib, kitab yazmaq təşəbbüsünün haradan qaynaqlandığı ilə maraqlandıq.

- Necə oldu ki, kitab yazmaq qərarına gəldiniz?

- Mən sırf kitab yazmaq üçün bu layihəyə başlamadım. Öncə layihəyə başladım və Amerikada yaşayan azərbaycanlıların həyatından, yaşantısından silsilə yazılar hazırlamaq üçün yola düşdüm. Amma layihəyə aid yazılar qəzetdə və saytda dərc olunduqca oxucu marağını görüb, bunu kitab halında çıxarmağa qərar verdik.

- Bəs, niyə məhz mühacirlərin həyatı?

- 2015-ci ildə hazırladığım, amma eks Milli Təhlükəsizlik Nazirliyi məmurlarının "canfəşanlığı” ucbatından sərhəddə saxlanan, ölkədə yayımına imkan verilməyən "Xatirələrin işgəncəyə döndüyü yer” adlı kitab da Avropada yaşayan mühacirlərin həyatından bəhs edirdi. Yeri gəlmişkən, biz hər iki kitabı eyni gündə təqdim etdik. Yəni, dünyanın müxtəlif ölkələrinə, bucaqlarına səpələnmiş azərbaycanlı obrazları, taleləri çox ciddi araşdırma, reportaj mövzusudur. Mən "Yeni Müsavat” qəzetinin layihəsi əsasında bunu etdim. Düşünürəm ki, mühacirət 21-ci əsr Azərbaycanında çox ciddi, araşdırılması vacib olan mövzudur. Gələcəkdə bu dönəmi, bu mövzunu araşdıran araşdırmaçılar, tələbələr üçün də bir vəsait hazırlamaq lazım idi və biz bunu etdik.

- Kitabın adını kim seçib?

- "Trampın və Sevincin Amerikası” Rauf Arifoğlunun ideyasıdır. Kitab çapa hazırlanan son gündə bu adın üzərində dayandı və seçim də belə oldu.

- Maraqlıdır, Sevincin Amerikası ilə Trampın Amerikasının oxşar və fərqli cəhətləri hansılardı?

- Sevincin Amerikası ordakı azərbaycanlıların dünyasından ibarət idi. Mən Amerikanı ordakı 
həmvətənlərimizin gözündən və dilindən tanıdım. Bütövlükdə isə Amerika yeni dünya ilə tanışlıq deməkdir. Ölçü, çəki, zaman vahidlərindən tutmuş hər şeyə qədər... Buraya hətta 10 günlük səfər edən biri üçün belə yenilikləri öyrənmək vacibdir, əks halda "yeriyə” bilməzsən. Amma Amerika sözün böyük mənasında gələnlərə qucaq açan ölkədir. Burada mühacir anlayışı demək olar ki, sıfırlanıb. Çünki burda demək olar ki, yerli yoxdur. Məsələn, sən Nyu-Yorkda Tayms Meydanının ortasında bir neçə dəqiqə dayansan, həmin müddətdə yanından əksər millətlərin nümayəndəsinin keçdiyini görəcəksən. Bu, təkcə Nyu-Yorkun turistik şəhər olması ilə bağlı deyil. Amerika gələnlərə yaşamaq, irəliləmək üçün şans verir, yaşıl işıq yandırır və fürsətlər yaradır.

- Səfəriniz neçə gün çəkdi və xaricdə olarkən harada qalırdınız. Bütün maddi təminatınızı Şura ödədi, yoxsa özünüzün də xərci çıxırdı?

- Səfərim 10 gün çəkdi. Yola düşməzdən əvvəl sosial şəbəkədə elan vermişdim. Və dərhal Amerikada yaşayan həmyerlilərimizdən reaksiyalar gəldi. Bəzi şəhərlərdə onların qonağı oldum, bəzilərində isə oteldə qaldım. Amma səfərin xərclərinin şuraya heç bir aidiyyəti olmayıb. Şura "Trampın və Sevincin Amerikası” adlı kitabın layihə əsasında maliyyələşməsinə yardım göstərib. Səfər 2017-ci ilin fevral-mart aylarında baş tutub. Bunun maliyyəsi isə "Yeni Müsavat” qəzetinin öhdəsində olub. Biz səfərin, səfərdən yaranan yazıların uğurundan həvəslənib, kitab çıxarmağa qərar verdik və kitabın çapının maliyyələşdirilməsi üçün şuraya müraciət olundu.

- Sevinc xanım, qeyd etdiyiniz kimi, kitabda çap olunan məqalələr qəzetdə dərc olunub əvvəlcədən. Sizcə, bu, kitabın oxunma sayına təsir edəcəkmi?

- Bu kitab layihə əsasında dərc olunduğu üçün onun satışı nəzərdə tutulmayıb. Sadəcə, arzu edənlərə paylanacaq. Amma birinci kitab - "Xatirələrin işgəncəyə döndüyü yer” satış üçün nəzərdə tutulub. Odur ki, xüsusi kampaniya təşkil edəcəyik. "Xatirələrin işgəncəyə döndüyü yer” kitabını satın alanlara "Trampın və Sevincin Amerikası” hədiyyə olunacaq. O ki qaldı kitabın oxunma sayına, inanmıram ki, təsir edəcək. Çünki "Yeni Müsavat”ın Amerika layihəsinə aid yazıları ayrı-ayrı oxumaq başqa, onu bir kitab, toplu halında oxumaq bambaşqadır. Təvazökarlıqdan uzaq olsa da, bu günə qədər kitabı oxuyan oxucuların əksəriyyəti deyir ki, bu kitabı oxuyanda sanki Amerikaya kiçik bir səyahət ediblərmiş hissinə qapılıblar. Başda Fazil Mustafa, Pənah Hüseyn, Vüsalə Mahirqızı olmaqla bir çox tanınmış isə bu kitabın gələcək nəsillər üçün də faydalı vəsait olduğunu deyib.

- Qaldığınız müddətdə yəqin ki, müşahidə aparmısınız. Amerika cəmiyyəti ilə Azərbaycan cəmiyəti arasında əsas fərq nədir?

- Azadlıq, azadlıq, bir daha azadlıq... İnsanlara həyatın bütün sahələrində, istisnasız olaraq azadlıq verilib. Cəmiyyət və qanunlar sənə insan kimi yanaşır, bütün hüquqlarını istisnasız olaraq tanıyır və sənə özünü "başqasının boşqabında” kimi hiss etməyə imkan vermir.

- Oradakı mühacirlərimizin durumu necədir? Razıdırlarmı həyatlarından...

- Amerikadakı müsahiblərimin böyük əksəriyyəti Green Card udaraq, Amerikada yaşama şansı qazananlar idi. Qalanları isə ya iş üçün ora gedənlər idi, ya da uzun illər öncədən bu və ya digər ölkələrdən köç edənlər. Amerikada yaşayan azərbaycanlıların Avropadakılardan əsas fərqi onların yaşam şərtləri ilə bağlıdır. Məlum, Avropada köç edənlər öncə qaçqın düşərgələrində yerləşdirilir, bir neçə mərhələli müsahibədən keçir, daha sonra müsabiqədən keçərlərsə, mühacir statusu qazanırlar. Bu müddətdə hökumət onları dil kursuna göndərir, müavinətlə təmin edir və sair. Amma Amerikada bunların heç biri yoxdur. Amerika mühacirlərə qucaq açmış ola bilər, amma onlara heç bir mənada yardımçı olmur. Sən Amerikaya gələndə bunların hamısını göz önünə almalısan. Yüksək səviyyəli bir jurnalist belə burda öz həyatına sıfırdan başlaya bilər, məsələn, qab yumaqla, ofisiantlıq etməklə. Və ya illərlə öz ölkəsində bizneslə məşğul olan şəxs Amerikada Uber taksiçiliklə güzəranını təmin edə bilər. Burda heç bir qəbahət də yoxdur. Çünki Amerikada yaşamağa qərar verən bir çox insanın yolu bu mərhələlərdən keçir, keçməlidir. İnsanlar bunu göz önünə alaraq Amerikanı seçirlər.

- Xatirələri işgəncəyə döndürən səbəblər konkret hansılardır?

- Xatirələri işgəncəyə dönən kəsim... Avropada yaşayan həmyerlilərimiz idi. Burda yaşamaq və işləmək üçün alternativ məkan axtaran həmyerlilərimiz Avropanı özlərinə ikinci ev seçiblər. Amma vətən özlənəcək, yeri doldurulmayacaq məkandır. Bunu pafosdan və hər hansı mübaliğədən uzaq deyirəm. Mən hər müsahiblə görüşəndə onların necə ağrıdığını, kövrəldiyini, Vətən həsrəti çəkdiyini görürdüm. Ağlaya-ağlaya müsahibə verirdilər, keçmiş xatirələri dəfələrlə yada salaraq. Hətta Bakıda olanda heç vaxt görüşmədiyim, uzaqdan-uzağa tanıdığım adamlar belə onlarla görüşəndə illərin doğması kimi sarılır, göz yaşlarını saxlaya bilmir, danışdıqca danışırdılar. Çoxunun da xahişi belə olurdu ki, "mənə bir az Bakıdan danış”. Bəzən tanıdığımız dostlarla saatlarla Azərbaycandan, ölkədəki hadisələrdən, insanlardan danışırdıq. Onlar azərbaycanlı söhbətinə, səsinə, danışığına ac görünürdülər. Mən ilk dəfə qürbətin bu qədər qorxunc olduğunu o səfərlər zamanı öyrəndim. İnsanların gözündə yerini heç nə ilə doldura bilməyəcəkləri bir xiffət, kasıblıq vardı. Nə Avropanın gözəl küçələri, nə şıq restoranları, nə aydan-aya verilən o müavinət həmin kasıblığı "öldürə” bilirdi.

- Mühacirətdə olan azərbaycanlılardan Vətənə qayıtmaq istəyənlər varmı?

- Avropada yaşayanların böyük qismi deyirdilər ki, qayıdacağıq. Çoxu öz vətənində basdırılmaq istədiyini söyləyirdi. Amma Amerikaya gedənlərin əksəriyyəti iş üçün oranı məskən seçənlər idi. O baxımdan onlar üçün geri qayıtmaq heç vaxt problem deyildi və bunu da açıq şəkildə deyirdilər.

Şəymən

P.S. Şərq” qəzetinin kollektivi olaraq, bir daha həmkarımız Sevinc Telmanqızını "Trampın və Sevincin Amerikası” və "Xatirələrin işgəncəyə döndüyü yer” adlı kitablarının işıq üzü görməsi münasibəti ilə təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!