“Məni partiyadan çıxara bilərlər”
Vurğun Əyyub: “Qeyri-legitim orqanların hər cür qərar qəbul edəcəyi gözləniləndir”
Noyabrın 23-də Müsavat Partiyasında keçirilən müşavirəni şərh edən siyasilərin əksəriyyəti müşavirədən sonra tərəflər arasındakı qarşıdurmanın daha da gərginləşdiyini deyirlər. Amma narazı tərəfi ajiotaj yaratmaqda ittiham edən Müsavat başqanı və onun tərəfdarları bu fikirlə razılaşmır.
Onların fikrincə, müşavirə sonrası yeni sədrə və qurultaya etiraz edənlərin sayı və əvvəlki hay-küyləri səngiyib. Hətta partiya rəhbərliyi yaxın günlərdə narazı funksionerlərlə kompramis əldə ediləcəyinə də ümid edirlər. Ancaq göründüyü kimi hələlik qarşı tərəflə Müsavat rəhbərliyinin fikirləri üst-üstə düşmür. Müsavat Partiyasında yaşananlarla bağlı "Şərq”in suallarını cavablandıran partiyanın Divan üzvü Vurğun Əyyub tərəflərin bir araya gəlməsinə və müzakirə aparmasına normal yanaşır.
- Müşavirədən sonra narazılıq tempinin aşağı düşdüyünü iddia edənlər var. Siz bununla razısınızmı?
- Şəxsən narazılığın artmasını və ya azalmasını müşahidə etməmişəm. Daha doğrusu, bu barədə müqayisə aparmamışam. Ancaq bu narazılıq kənd təsərrüfatı məhsulu deyil ki, onun artmasını və ya azalmasını ölçəsən. Elə bir ölçü vahidi yoxdur. Əlbəttə, bunu araşdırmaq olar. Amma biz narazılıq dedikdə nə başa düşürük? Məsələ burasındadır ki, müşavirədən sonra da partiyadan istefalar olub. İstefa etməyi düşünənlərin bəziləri də hələlik gözləyirlər ki, görsünlər müşavirənin nəticəsi olaraq rəhbərlik hansı addımları atacaq. Məgər bunlar narazılıq sayılmır? Faktiki görünən budur ki, müşavirədən sonra yeni istefalar baş verib və çox güman ki, bundan sonra da olacaq.
- Müşavirədə İsa Qəmbərin yeni başqanın tərəfində olduğunu bəyan etməsini necə qarşıladınız?
- Müsavat nizamnamə və proqram əsasında fəaliyyət göstərir, liderlərin arzu və istəkləri əsasında yox. İsa Qəmbər elə əvvəldən Arif Hacılının yanında olub. Belə olacağı gözlənilən idi. Mən kiminsə yanında olduğuna görə kiməsə irad tuta bilmərəm.
- Müşavirədən sonra Arif Hacılı ilə başqanlığa sabiq namizəd Tural Abbaslının görüşməsini necə dəyərləndirirsiniz?
- Partiya üzvlərinin rəhbərliklə görüşməsi, danışması, nəyisə müzakirə etməsi təbiidir. Burda təəccüblü nə var ki?
- Müsavat başqanının müavini Elman Fəttah deyib ki, Vurğun Əyyubun davranışı partiyanın nüfuzuna zərər vurur. Əgər o, məsuliyyətsiz yanaşmasını davam etdirsə, kimliyindən və nüfuzundan asılı olmayaraq nizamnamənin qərarları ona da tətbiq ediləcək. Bu hədəyə münasibətiniz necədir?
- Mən hadisələri qabaqlamaq niyyətində deyiləm. Belə bir şey baş verərsə, münasibətim nizamnamə çərçivəsində olacaq. Əgər Elman Fəttah mənim davranışlarımı məsuliyyətsizlik kimi qəbul edirsə, mən də hesab edirəm ki, onun qeyri-legitim vəzifə ilə başqalarına hədə-qorxu gəlməsi məsuliyyətsizlikdir. Partiyadan çıxarılmaq məsələsinə gəldikdə isə ola bilsin ki, belə şey baş verdi. Məni partiyadan çıxara bilərlər. Çünki qeyri-legitim orqanların hər cür qərar qəbul edəcəyi gözləniləndir. Qeyri-legitim olduqları üçün də onların qərarları mənim üçün heç bir əhəmiyyət daşımır. Mənim üçün Müsavat Partiyasında legitim olan heç bir orqan yoxdur. Partiyadan istefa verən, çıxarılan dostlarım üçün üzülsəm də, bunu böyük faciə hesab etmirəm.
- Müsavatda partiyadaxili fraksiyanın yaradılmasının tərəfdarısınız, yoxsa Qubad İbadoğlunun ətrafında toplanaraq ayrıca bir partiya yaratmağın?
- Bu barədə mövqeyimi dəfələrlə bildirmişəm. Mənim tanıdığım adamların, yəni partiya üçün can qoyan insanların bir çoxunun Müsavatdan getmək niyyəti yoxdur. Onlar partiyada qalaraq qurumun demokratik şəkildə idarə olunmasının tərəfdarıdırlar.
- Deməli, Müsavat Partiyasını AXCP-nin taleyi gözləmir...
- Zənn edirəm ki, yox. Çünki mahiyyət tamamilə fərqlidir. Müsavat Partiyası illər boyu Azərbaycan siyasi həyatı üçün bir çox töhfələr verib. İkincisi, partiyadakı durumun motivləri fərqlidir. Narazı tərəf partiyanın demokratik ənənələrinin inkişaf etdirilməsi tərəfdarıdır, nəinki geri çəkilməsinin. Bir daha vurğulayıram. Bu adamlar hələ Müsavat Partiyasından ayrılıb hansısa siyasi partiya yaratmaq barədə düşünmürlər. Bütün böhtan, qarayaxma kampaniyasına baxmayaraq, qurultaydan keçən müddət sübut edir ki, bu adamlar partiyanı parçalamaq, bölmək, partiya yaratmaq iddiasında deyillər. Əgər belə olsaydı, addımlarını qurultaydan dərhal sonra atardılar. Fikir verirsinizsə, bu adamlar daha çox mövcud qüsurların aradan qaldırılması istiqamətində mübarizə aparırlar.
- Amma narazılara partiya daxilində fraksiya yaratmağa mane olurlar...
- Fraksiya barədə təkliflər və fikirlər varsa, onlara hücum edib xəyanətdə günahlandırmaq lazım deyil. Fraksiya və ya hansısa hərəkat yaratmaq, yaxud da növbədənkənar qurultay çağırmaq barədə təkliflər bir-birinə mane olacaq işlər deyil.
- Növbədənkənar qurultayın keçirilməsi təklifinə münasibətiniz necədir?
- Növbədənkənar qurultayın tərəfdarıyam. Bu, nizamnaməylə də təsbit olunub. Müsavat Partiyasının üzvlərinin belə bir hüququ var.
İsmayıl