Mənzil bazarında ciddi qiymət dəyişmələri...





Yay aylarına nisbətən mənzil bazarında bahalaşma olduğu bildirilir. Binəqədi rayonu ərazisində yerləşən daşınmaz əmlak agentliyinin əməkdaşı Azər Əlimərdanlı deyib ki, ev alqı-satqısında 3000-5 000 manat arasında, kirayədə isə 50-100 manat arasında qiymət artımı müşahidə olunur.
Nəriman Nərimanov rayonu ərazisində yerləşən ev-alqı satqı ofisində çalışan Anar Kazımov isə gələn il qiymətlərdə 4-5 faizə qədər bahalaşmanın mümkün olacağını bildirib.

Mənzil bazarındakı qiymət artımının yanlış məlumat olduğunu deyən Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlının "Şərq”ə açıqlamasına görə, evlərin qiyməti stabil olaraq qalır: 

"Mənzil alqı-satqısında da ciddi qiymət dəyişmələri müşahidə olunmur. Düzdür, bəzi ərazilər üzrə nisbi artımlar olsa da, bir çox ərazilərdə azalmalar var. Yəni orta qiymət stabildir və demək olar ki, qiymət dəyişməsi yoxdur.

Azərbaycanda daşınmaz əmlak bazarında son il yarımkı durumu stabil dövr hesab etmək olar. Burada sadəcə müəyyən istisnalar ola bilər. Bildiyiniz kimi, mənzil bazarındakı qiymətlərə artıq investorlar nəzarət edir. Yəni investorların iradəsindən asılı olaraq qiymətlər artır və ya azalır”.

Yeganə Bayramova