Mənzillərlə bağlı illərdir yaşanan problem həllini tapacaq

Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərman çoxdan qalmış problemlərin həlli istiqamətində atılan mütərəqqi bir addımdır”. 
Bu sözləri iqtisadçı, əmlak məsələləri üzrə ekspert Rəşad Əliyev deyib.
Onun sözlərinə görə, Bakıda tikintisinin başa çatmasına və sakinlərin məskunlaşmalarına baxmayaraq, rəsmi olaraq istismarına icazə verilməmiş kifayət qədər bina var idi. Hansı ki həmin çoxmənzilli binaların rəsmiləşdirilməməsi ilə bağlı bir sıra obyektiv və subyektiv səbəb göstərilirdi: 
"Amma verilən fərman nəticəsində mövcud ola biləcək bütün maneələr aradan qaldırılacaq. Əgər çoxmənzilli binaların keyfiyyət göstəriciləri zəruri tələblərə cavab verirsə, deməli həmin binaların sənədləşdirilməsi ilə bağlı bütün problemlər aradan qaldırılacaqdır. O cümlədən də torpaq sahələrinin kateqoriyalarının müəyyənləşdirilməsi ilə bağlı problemlər öz həllini tapacaq. 2 ay ərzində FHN həmin tikintilər üzrə məlumatları toplayıb, yekun rəy verəcək. Əgər rəy mənfi olsa, həmin problemləri aradan qaldırmaq üçün tikinti çirkətlərinə əlavə olaraq 5 ay müddət veriləcək. 
Bu mənada Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərmanı ancaq müsbət dəyərləndirmək olar”.
R. Əliyevin sözlərinə görə, Bakıda rəsmi olaraq istismarına icazə verilməmiş çoxmənzilli binaların sayı çox olsa da, bu rəqəm fantastik dərəcədə deyil: 
"Həm dəki müvafiq qurumlar artıq bu binalarla tanışdır. Həmin binaların sənədləşmə məsələsinin həlli üçün 2 ay az müddət olsa da, mümkünsüz deyil.
Qeyd edək ki, sözügedən fərmanla çoxmənzilli binaların istismarına icazə verildiyi gündən 1 ay müddətində həmin binalar su, kanalizasiya xidməti, eləcə də işıq və qazla təchiz edilməli və belə binalardakı mənzillər "Çıxarış”la təmin edilməlidir. Bu sənədə əsasən tikinti-quraşdırma işləri başa çatmış və faktiki istifadə edilən çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi sadələşdirilmiş qaydada həyata keçiriləcək. Fərman binalarının sakinlərinin mənafelərini və Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasını təşkil edən humanizm prinsiplərini əsas götürərək, həmin binaların istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək məqsədi daşıyır. Bu fərman 2020-ci il yanvarın 1-dək qüvvədədir.
Şəymən