Merkel Rusiyanın rolunu qabartmaqla mesaj verir

Yəni demək istəyir ki, Qarabağın həllində Avropaya, Almaniyaya bel bağlamayın



Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Almaniyada olarkən səfər etdiyi ölkə də daxil olmaqla bütövlükdə beynəlxalq birliyi Dağlıq Qarabağ münaqişəsinin həllində ikili standartlara son qoymağa çağırıb. Prezident haqlı olaraq dünya birliyini problemə yetərli diqqət ayırmamaqda suçlayıb. Almaniya kansleri Angela Merkel isə konfliktin nizamlanmasında Rusiyanın həlledici rolunu vurğulayıb. Əslində problemin həllində Moskvanın mühüm vasitəçi olduğu dəfələrlə gündəmə gətirilib.

Hətta Azərbaycan tərəfi də bu reallığı açıq şəkildə diqqətə çatdırıb. Bir sıra ekspertlərə görə, Merkelin Qarabağ probleminin nizamlanmasında Rusiyanın açar rolunu vurğulaması Kremlin məsələdə təsir imkanları ilə yanaşı, eyni zamanda Moskvanın üzərinə həlledici məsuliyyətin qoyulması deməkdir. Əgər Rusiya səmimi şəkildə istərsə, konfliktin nizamlanmasına nail ola bilər. Bu açıqlamanın "tərcüməsi” isə odur ki, problemin həllində ən böyük maneə məhz elə Rusiyadır. Ən azı o səbəbdən ki, Ermənistan Rusiyaya arxalanaraq, öz işğalçılıq siyasətini davam etdirir, Azərbaycan ərazilərini boşaltmağa tələsmir. Apreldəki 4 günlük müharibə bir daha sübut elədi ki, Kremlin təcavüzkar ölkənin arxasından çəkilməsi yetər ki, həm torpaqlar qısa zamanda azad edilsin, həm də münaqişə qısa zamanda ədalətli şəkildə həllini tapsın.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Merkel Rusiyanın rolunu qabartmaqla sadəcə hamıya mesaj verir ki, münaqişənin həllində Avropaya, o cümlədən Almaniyaya bel bağlamayın: "Yəni Almaniya demək istəyir ki, bizim problemimiz onsuz da kifayət qədərdir, Dağlıq Qarabağa sərf edəcək vaxtımız və enerjimiz yoxdur. Yaxşı, Almaniya prosesdən kənarda qalmaq istəyirsə, niyə Azərbaycan və Ermənistan prezidentləri qısa zaman kəsiyində Berlinə dəvət edilirlər?”. Digər politoloq Şahin Cəfərli isə açıqlamasında bildirib ki, Almaniya kimi önəmli ölkənin hökumət başçısı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindən xəbərdardır. Onun sözlərinə görə, Merkel 2015-ci ilin yanvarında Azərbaycan Prezidenti ilə görüşdən sonra da Rusiyanın münaqişədəki roluna diqqəti cəlb edib və atəşkəs pozuntularında Rusiyanın barmağı olduğuna işarə vurub: "Problemin yaradıcısının Rusiya olduğunu, Ermənistanın tamamilə Moskvanın iradəsi çərçivəsində hərəkət etdiyini Berlində və digər Qərb paytaxtlarında çox yaxşı bilirlər. Münaqişənin həlli prosesində dominant rol məhz Rusiyaya məxsusdur. Əvvəllər də belə olub, indi də belədir. Qərb müəyyən mərhələdə, 1999-cu ildə ATƏT-in İstanbul sammiti ərəfəsində bu məsələdə təşəbbüsü ələ almaq istədi. Lakin Ermənistan parlamentində baş verən qanlı terror hadisəsi göstərdi ki, Rusiya Qərbin bu tip təşəbbüslərinin gerçəkləşməsinə imkan vermək niyyətində deyil. Həmin hadisədən sonra Qərb bu məsələni tamamilə Rusiyanın öhdəsinə buraxdı”. Ş.Cəfərli vasitəçi ölkələr arasında ən aktiv və təşəbbüskar tərəfin Rusiya olduğuna da diqqət çəkib. Bu mənada o, aprel döyüşlərindən sonra atəşkəsi bərpa edən tərəfin məhz Rusiya olmasını təsadüfi saymır: "Həm Ermənistan, həm də Azərbaycan Kremlin çağırışı ilə öz nümayəndələrini Moskvaya göndərdilər və atəşkəs barədə yenidən razılığa gəldilər. Qərb Moskvanın hər iki münaqişə tərəfinə real təsir mexanizmlərinə sahib olduğunu görür və bundan heç də narahat deyil. Əksinə, onlar Rusiyanın bu məsələni öz üzərinə götürməsindən məmnun görünür. Çünki ABŞ və Avropanın özünün kifayət qədər problemləri var və onlar Qarabağ məsələsi ilə məşğul olmağa həvəsli deyillər. Eyni zamanda, Qərb Qarabağ ixtilafının çox mürəkkəb bir problem olduğunu və həll yolu tapmağın elə də asan olmayacağını anlayır”.

İsmayıl