Merkelin Bakı səfəri Almaniya-Azərbaycan münasibətlərində yeni mərhələ yaradacaq




"Almaniya Federativ Respublikasının Kansleri xanım Angela Merkelin Azərbaycana rəsmi səfəri həm ikitərəfli münasibətlər, həm də Avropa İttifaqı-Azərbaycan əlaqələri baxımından olduca mühüm səfər idi. Ekspertlər və media hər nə qədər bu səfəri siyasi səfər kimi şərh etsə də, heç şübhəsiz ki, səfərin olduqca ciddi iqtisadi tərəfləri də var”.

Bu sözləri "sherg.az”a millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib. Milli Məclisin üzvünün sözlərinə görə, məhz bu məsələyə diqqət çəkən xanım Merkel qeyd etdi ki, "bizim ikitərəfli münasibətlərimiz onunla xarakterizə olunur ki, bu regionda Azərbaycanın simasında ən böyük, ən vacib ticarət tərəfdaşımız var. 
Azərbaycanda xarici ticarət palatamız var, burada 150 alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycan da öz növbəsində iqtisadiyyatın şaxələndirilməsinin həyata keçirilməsində maraqlıdır və Almaniya bu sahədə öz ciddi töhfəsini verə bilər”. 

Deputatın fikrincə, təkcə bu fikir onu deməyə əsas verir ki, Almaniya Azərbaycanla iqtisadi tərəfdaşlığa böyük əhəmiyyət verir. Şaxələndirilən iqtisadiyyatımızda yeni sərfəli iqtisadi perespektivlər görür

"Məsələnin əsl mahiyyəti isə ondadır ki, Almaniya Avropanın iqtisadiyyatı ən böyük olkəsi olmasına baxmayaraq, yeni dünya siyasətinin formalaşması prosesində iqtisadiyyatına uyğun səviyyədə hərbi-siyasi fəallıq nümayiş etdirə bilmir. Çünki İkinci Dünya savaşından sonra götürdüyü bəzi beynəlxalq öhdəliklərə sadiq qalmaq məcburuyyətindədir. Ona görə də Yaxın Şərq və Şimali Afrikada, hətta Şərqi Avropa və Balkanlarda belə baş verən kordinal dəyişikliklər zamanı hadisələrə aktiv hərbi müdaxilə edən ölkələr sırasında görünmür. Bütün bunların əvəzində Almaniya bu boşluğu iqtisadi vasitələrlə konpensasiya etməyə çalışır”.

H.Babaoğlunun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həllində Almaniyanın oynaya biləcəyi rolu ümumi Avropa siyasəti kontekstində nəzərdən keçirmək lazımdır

"Beynəlxalq münasibətlər sistemində Avropa İttifaqına üzv ölkələr İttifaqdan kənar dövlətlərlə bağlı həyata keçirəcəkləri xarici siyasəti ümumavropa maraqları çərçivəsində nəzərdən keçirməklə bir növ koordinasiya edirlər. Xüsusilə münaqişələrə bu nöqteyi-nəzərdən yanaşırlar. Ona görə də Almaniyadan konkret addım və ya təşəbbüs gözləmək hazırkı mərhələdə bir qədər real görünmür. Ancaq Almaniya FR-nın Kansleri xanım Angela Merkelin Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verməsi, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı "Almaniya BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcək” və "aidiyyəti regionlarda insanların vəziyyətinin yaxşılaşması üçün məsələnin həllini tapmağa çalışacaq” şəklində ifadələr işlətməsi Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyət kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, bu səfər ikitərəfli münasibətlərdə yeni mərhələ yaradacaq səfər kimi yadda qaldı. Bu isə Azərbaycanın maraqlarına uyğundur”.

İsmayıl