Məruzəçilər hələ ki, Ermənistana təsir etməyib

Azərbaycan AŞ PA-nın bütün imkanından yararlanmalıdır



Gələn həftə AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisinin adı məlum olacaq. Sabiq həmməruzəçi Cozef Debono Qrexin (Malta) sözlərinə görə, namizədin adı AŞ PA-nın yanvarın 26-30-da Strasburqda keçiriləcək qış sessiyası çərçivəsində məlum olacaq.

Sessiya çərçivəsində Azərbaycan üzrə bir həmməruzəçi təyin olunacaq. Həmməruzəçi Pedro Aqramunt (İspaniya) yeni ildə öz işini davam etdirəcək. Beş il bu postda çalışan C.D.Qrexin səlahiyyəti ötən ilin noyabrında başa çatıb.

AŞ PA həmməruzəçilərinin fəaliyyətini dəyərləndirən Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elman Nəsirli onların bugünə qədərki fəaliyyətinin heç bir nəticə vermədiyini desə də, istənilən halda Azərbaycanın AŞ PA-nın bütün imkanlarından yararlanmasını vacib hesab edir: "AŞ PA Azərbaycandakı vəziyyətlə bağlı hesabatlar hazırlamaq üçün iki istiqamət üzrə məruzəçilər təyin edir. Bir Azərbaycana insan haqları üzrə məruzəçilik institutu müəyyən edilir. Bir də ki, payızda AŞ PA-nın sessiyası zamanı "Dağlıq Qarabağda və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılığın artması” mövzusunda məruzə hazırlamaq üçün britaniyalı Robert Valter məruzəçi təyin olunub. Həmin sənəddə isə Valterin regiona gəlməsi və Dağlıq Qarabağda baş verən proseslərlə bağlı hesabat hazırlaması məsələsi öz əksini tapıb. Ermənistan tərəfi isə hazırda ciddi-cəhdlə çalışır ki, həmin məruzəçinin işinə mane olsun”. AŞ PA-da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı alt Komitənin bərpası məsələsinin də gündəmə gəldiyini vurğulayan politoloqun sözlərinə görə, məruzəçilik institutu və həmməruzəçilərin Azərbaycanla bağlı hazırladığı hesabatlar prinsip etibarı ilə Ermənistanın mövqeyinin dəyişməsinə gətirib çıxarmayıb: "Ancaq məlumunuz olduğu kimi, Azərbaycan tərəfi bütün imkanlarından istifadə edərək münaqişənin həlli ilə bağlı həqiqətlərin maksimum dərəcədə dünyada yayılmasına və beynəlxalq ictimai fikrə çatdırılmasına çalışır. AŞ PA-da mühüm bir təşkilat olduğu üçün Azərbaycan hökuməti onun imkanlarından faydalanmaq istəyir”.

Şəymən