Məscidə atəş düşdüsə, ehtiyatlı olmalıyıq

Hüquq-mühafizə orqanları hadisənin arxasında kimlərin dayandığını, motivlərini və sifarişçilərini ortaya çıxarmalıdır




Azərbaycanda dini zəmində təxribat xarakterli hadisə baş verib. Noyabrın 26-da naməlum şəxslər Qaraçuxur məscidinə içərisində yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə yanğın başlayıb. Hadisəni təsdiqləyən məscidin axundu ibadət evinə xeyli ziyan dəydiyini deyib. Onun sözlərinə görə, ibadətgahı kimlərin yandırdığı bəlli deyil:

"Hadisə şahidlərinin bildirdiyinə görə, həmin adamlar iki nəfər olub. Məscidin içərisinə daxil olaraq od vurublar. Ətrafda yaşayan camaatın köməyi ilə yanğının daha da şiddətlənməsinin qarşısı alınıb”. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məsələnin komitə tərəfindən nəzarətə götürüldüyünü deyib. Qafqaz Müsəlmanları İdarəsi də məsələyə münasibət bildirib. QMİ-nin mətbuat xidmətindən verilən açıqlamada deyilib ki, baş verən hadisə kənar qüvvələr tərəfindən törədilib. Məlumat üçün bildirək ki, Qaraçuxur məscidində sünni və şiə camaatı birlikdə ibadət etsə də, camaat arasında məscid vəhhabi məscidi kimi tanınır. Görünür, hansısa maraqlı qüvvələr Azərbaycanda dini zəmində problemlər, qarşıdurmalar və toqquşmalar yaratmaqda maraqlıdır. Ekspertlər hesab edir ki, hadisə sıradan bir olay deyil. Onların fikrincə, indiki mürəkkəb geosiyasi vəziyyətdə Bakıda məscid yandırılması təhlükəli olayların anonsu sayıla bilər. Bu baxımdan müvafiq dövlət qurumları məsələni ciddi araşdırmalı, gözlənilən təhlükələrin qarşısını almaq üçün səylərini artırmalıdır. Dinin həssas mövzu olduğunu deyən milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər "Şərq”ə bildirib ki, məscidin yandırılması olduqca ciddi və daxilində böyük təhdid potensialı olan bir məsələdir: "Azərbaycanın düşmənləri kifayət qədər çoxdur. Biz əvvəlcədən belə hadisələrin gözlənildiyini deyirdik və islam radikalizmi barədə xəbərdarlıq edirdik. Çünki zaman-zaman qonşu dövlətlər və onların xüsusi xidmət orqanları Azərbaycanda təxribat yaratmağa çalışırdılar. Təəssüflər olsun ki, aidiyyəti orqanlar xəbərdarlığımıza məhəl qoymurdular və təkrar-təkrar deyirdilər ki, Azərbaycanda operativ vəziyyət nəzarət altındadır. Halbuki nəzərə almaq lazım idi ki, əgər qonşuya atəş düşübsə, bu alov gec-tez bizim evə də keçəcək”.

S.Əkbər hesab edir ki, hüquq-mühafizə orqanları bunu ciddi şəkildə araşdırmalı və hadisənin arxasında kimlərin dayandığını, motivlərini və sifarişçilərini ortaya çıxarmalıdır: "Təbii ki, öncə dini sahədə olan problemləri, yəni məzhəb və təriqət arasındakı ziddiyyətləri aradan qaldırmaq lazımdır. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanda bütün sahələrdə, yəni siyasi, iqtisadi, hərbi və dini sahələrdə demokratik islahatların aparılması vacibdir. Çünki demokratik yolla iradəsini ifadə etməyə imkan tapmayan şəxs sözünü başqa üsullarla deməyə məcbur olacaq”.

İlahiyyatçı-alim Hacı Atif İsmayılov da hadisənin arxasında daxili yox, xarici qüvvələrin dayandığını bildirib: "Məscidin yandırılması Azərbaycanda məzhəblərarası ziddiyyət yaratmaq istəyən, özünü qanuni "din müdafiəçisi” kimi ortaya atan xəvariclər və bəzi dairələr üçün fürsət yaratmaq məqsədi daşıyır. Əlbəttə, onların hədəfi və planı böyükdür. Amma ilkin məqsədləri ölkədə çaxnaşma yaratmaqdır. Yerindən və dini icmasından asılı olmayaraq, ibadət evinə edilən təcavüz olduqca çirkin əməldir. Bu günə qədər Azərbaycanda heç kim Allahın evini yandırmağa cürət etməyib. Çünki ölkəmizdə belə düşüncədə, təfəkkürdə və mənəviyyatda adamlar yoxdur. Açıq-aşkar hiss olunur ki, burda xarici əl var. Görünür, Azərbaycandakı tolerant mühit kimlərinsə xoşuna gəlmir və onlar hər vəchlə ölkəmizdəki sabit dini mühitə zərbə vurmağa çalışırlar. Buna qətiyyən yol vermək olmaz”.

İsmayıl