“Dövlətçilik və vətənpərvərlik ideyalarının oturuşmasında MŞ-nin böyük rolu var. Düşünürəm ki, əgər qurumun səlahiyyətləri bir qədər də artırılsa, bu istiqamətdə nailiyyətləri daha çox olar”
Mətbuat Şurasının dövlətləşməsi gündəmdə deyil
Burada nəzərdə tutulan, sadəcə səlahiyyətlərin artırılmasıdır
“Dövlətçilik və vətənpərvərlik ideyalarının oturuşmasında MŞ-nin böyük rolu var. Düşünürəm ki, əgər qurumun səlahiyyətləri bir qədər də artırılsa, bu istiqamətdə nailiyyətləri daha çox olar”
“Dövlətçilik və vətənpərvərlik ideyalarının oturuşmasında MŞ-nin böyük rolu var. Düşünürəm ki, əgər qurumun səlahiyyətləri bir qədər də artırılsa, bu istiqamətdə nailiyyətləri daha çox olar”
Xəbər verdiyimiz kimi, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov parlamentin ötən iclasında rəhbəri olduğu təşkilatla bağlı ayrıca qanunun qəbul edilməsi, qurumun hüquqi statusunun dəyişdirilməsi təklifini səsləndirib. Amaşov bildirib ki, Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılması zəruridir. Millət vəkilinin sözlərinə görə, Şuranın hüquqi statusuna yenidən baxılarsa, medianı daha yaxşı balanslaşdırmaq mümkün olar. Bundan əlavə, medianın adından sui-istifadə halları da azalar. Xatırladaq ki, Əflatun Amaşovun təklifi media aləmində müxtəlif cür dəyərləndirilib.
Əksəriyyət təklifə dəstək versə də, bəzi şəxslər bunu MŞ-nin dövlət qurumuna çevrilməsi və medianın özünütənzimləmə funksiyasının itirilməsi kimi şərh ediblər. Bundan sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya müsahibəsində verdiyi təklifə aydınlıq gətirib və məsələnin detallı izahını verib. MŞ sədri bildirib ki, qurum yarananda onun sədrinin otağı birotaqlı evin mətbəxində yerləşirdi. Halbuki, MŞ-nin çiyinlərinə götürdüyü yük ağır idi: "Bu ağırlıq bizim heç zaman üzərimizdən ata bilməyəcəyimiz, daşımağa bir növ məhkum olduğumuz ağırlıqdır. Bu ağırlıq, eyni zamanda, ictimai əhəmiyyət daşıyır, cəmiyyət üçün faydalı və zəruridir. Mətbuat Şurası haqqında qanunun olmasının, onun hazırkı statusunun dəyişdirilməsinin fəlsəfəsi buna söykənir. Bildiyiniz kimi, Mətbuat Şurası qeyri-hökumət təşkilatıdır, 2003-cü ildə medianın özünütənzimləmə orqanı kimi formalaşıb. Özünütənzimləmənin fəlsəfəsi isə dərindir. Avropa və dünya təcrübəsində bunun müxtəlif formaları var. Azərbaycanda da Şura yaradılanda həmin fəlsəfəyə istinad edildi.
Qurum mətbuatın dövlətsizləşdirilməsi xəttinə uyğun şəkildə meydana çıxdı. Yəni Şuranı jurnalistlər yaratdı və strukturunu da formalaşdırdı. Bu, çox gözəl ənənədir. Heç bir halda bu prosedurdan kənar dayanmaq olmaz. Çünki jurnalistika cəmiyyətin demokratik institutudur və ali orqan kimi ölkə jurnalistlərinin qurultayı da jurnalistikanın cəmiyyətə demokratiya mesajıdır. Təklifim ilk olaraq özündə bunu ehtiva edir ki, istənilən fərqli hüquqi statusundan asılı olmayaraq, Şura medianın özünütənzimləmə qurumu, seçkili orqan olaraq qalmalıdır. Burada qərarlar kollegial şəkildə qəbul edilməlidir”. Deputat düşünür ki, bu məsələni zəruri edən səbəblər yetərincədir: "Media ilə bağlı şikayətlər qaçılmazdır. Lap hesab edək ki, Azərbaycanın bütün media orqanları tam peşəkar şəkildə fəaliyyət göstərirlər. Şikayət olmayacaqmı? Olacaq. Baxın, Almaniya Mətbuat Şurası il ərzində 1800-2000, İsveç və Norveçdə fəaliyyət göstərən eyni adlı qurumlar 500-600 şikayətə baxır. Böyük Britaniyada isə bu rəqəm 30 minə yaxındır. Azərbaycanda bu baxımdan hazırda nisbətən kiçik göstərici var. Sözüm ondadır ki, cəmiyyətin maraqlarının daha ardıcıl şəkildə qorunması vacibdir. Mətbuat Şurası bir institut kimi bu missiyanı yerinə yetirir. Həm medianın, həm də cəmiyyətin maraqlarını balanslı şəkildə təmin edir. Digər məqam isə medianın özü ilə bağlıdır. Yuxarıda qeyd etdim ki, Şura yaranmazdan öncə media ilə bağlı məhkəmə proseslərinin sayı həddən artıq çox idi. Bundan jurnalistlər ziyan çəkirdi. Biz bu fikirdəyik ki, media ilə bağlı mübahisələr hər zaman media müstəvisində həllini tapsın, məhkəmələrə daşınmasın. Hüquqi statusunun necə olmasından asılı olmayaraq, Şuranın mahiyyətində bu amil dayanır. Təkcə Azərbaycanın deyil, dünyanın bir çox ölkələrinin təcrübəsi göstərir ki, media cəmiyyətlə daha çox təmasda olduğu üçün bu sahədən narazılıqların mövcudluğu təbiidir. Ancaq bu təbiilik məhkəmələrin yüklənməsinə gətirib çıxara bilər. Əsas olan medianın və media ilə birgə cəmiyyətin də marağının daha səmərəli şəkildə qorunmasıdır”.
Ə.Amaşov bəyan edib ki, Mətbuat Şurası mahiyyətcə həm də medianın saflaşmasına çalışan qurumdur:
"Ölkəmizdə qəzet və sayt bolluğu media fəaliyyəti üçün yaradılan münbit şəraitin nəticəsidir. Hər kəs qəzet və sayt açıb ona rəhbərlik edə bilər. Ancaq biz bunun mənfi cəhətlərini görürük. Şəraitin münbitliyi heç də hər kəs tərəfindən söz və ifadə azadlığının gerçək mahiyyətinə adekvat şəkildə dəyərləndirilmir. Çoxsaylı sui-istifadə halları var. Bundan ziyanı isə cəmiyyət çəkir. Cəmiyyətlə birgə media da zərər görür. Cəmiyyət-media təması kimlərəsə görə pozulur. Birincinin ikinciyə inamı azalırsa, dövlətə inamında da şübhələr yaranacaq. Bu, zəncirvari prosesdir. Mətbuat Şurası təkcə ona görə mövcud deyil ki, "reket jurnalistika” ilə məşğul olsun. Bütün cəmiyyətlərdə mediadan şikayətlər var. Ancaq iş elə gətirib ki, biz həm də sui-istifadələrə qarşı mübarizə aparırıq və bu kimi hallar bütövlükdə cəmiyyətin problemidir. Mətbuat Şurasının hüquqi statusunun dəyişdirilməsi yalnız "reket jurnalistika” ilə mübarizə üçün lazım deyil. Hüquqi status dəyişdirilirsə, qurum missiyasından uzaqlaşmaya, müstəqilliyini itirməyə bilər”.
Qurum sədri bildirib ki, hazırda Danimarkada, Lüksemburqda və Litvada Mətbuat Şuralarının iş prinsipi xüsusi qanunlarla tənzimlənir. Avstriyada Mətbuat Şurasının maliyyəsinin yüz faizi dövlət tərəfindən ödənilir:
"Almaniya, Finlandiya və Belçikada şuraların fəaliyyətinin əsas hissəsini dövlət yardımları təşkil edir. Avropadakı mətbuat şuralarının bəzilərinin büdcələri mübahisədə uduzan tərəfin ödədiyi cərimələr hesabına müəyyənləşdirilir. Məsələn, İsveçdə Mətbuat Şurasının büdcəsinin 20 faizi mediaya tətbiq edilən cərimələrdəndir. Kanadada mediadan şikayət verən tərəf məsələyə baxma prosedurunun haqqını ödəyir ki, bu da ölkədəki Mətbuat Şurasının büdcəsinin formalaşmasında vasitədir. Göründüyü kimi, müxtəlif formalar var. Düşünürəm ki, əsas məsələ cəmiyyət və medianın maraqlarından irəli gələn daha faydalı mexanizmin seçilməsidir”.
Mövzu ilə bağlı "Şərq”ə danışan "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev indiyə qədər Mətbuat Şurasının xeyli faydalı iş gördüyünə diqqət çəkib. Baş redaktorun sözlərinə görə, indiki halda Mətbuat Şurasının səlahiyyətlərinin artırılması vacibdir:
"Məmurlarla mətbuatın münasibətlərinin tənzimlənməsində, mediada peşəkarlığının yüksəlməsində, mətbuat-cəmiyyət əlaqələrinin nizamlanmasında, eyni zamanda dövlətçilik və vətənpərvərlik ideyalarının oturuşmasında MŞ-nin böyük rolu var. Düşünürəm ki, əgər qurumun səlahiyyətləri bir qədər də artırılsa, bu istiqamətdə nailiyyətləri daha çox olar. Doğrudur, Əflatun Amaşov bu məsələni qaldıranda bəziləri ehtiyat etdilər ki, birdən bu genişlənmələr Mətbuat Şurasının dövlətləşməsinə gətirib çıxarar. Söhbət qətiyyən bu istiqamətdə qoyulmayıb. Mətbuat Şurası ictimai təşkilat olaraq, həm də mediada özünütənzimləmə qurumu olaraq öz statusunu qoruyub saxlayır. Qurumun hansısa dövlət strukturuna çevrilməsi gündəmdə deyil. Burada nəzərdə tutulan, sadəcə səlahiyyətlərin artırılmasıdır. Nəzərə alaq ki, səlahiyyətlərin artırılması həm də Mətbuat Şurasının nüfuzunun artırılmasına xidmət edəcək. İndiki şəraitdə, xüsusən "reket jurnalistika” ilə mübarizə aparıldığı bir dövrdə jurnalistlərin hörmətinin qaldırılmasında MŞ-nin geniş funksiyalı olması önəmli faktor olacaq”.
A.Quliyev vurğulayıb ki, qurumun səlahiyyətlərini artırmaq üçün ayrıca qanun qəbul etmək olar:
"Məsələn, "İctimai təşkilatlar haqqında” qanuna Mətbuat Şurası ilə bağlı ayrıca bir maddə daxil etmək mümkündür. Medianın spesifik bir fəaliyyət sahəsi olduğunu nəzərə alsaq, bu dəyişikliyi etməyin zərurəti ortaya çıxar. Əlbəttə, başqa üsulları da fikirləşmək mümkündür. Amma hesab edirəm ki, səlahiyyətlərin artırılması bütün hallarda vacibdir”.
"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də "Şərq”ə açıqlamasında bildirib ki, o, Mətbuat Şurasının statusunun artırılması ilə bağlı məsələyə çox kəskin reaksiya verənləri anlamır. Baş redaktorun sözlərinə görə, burada sadəcə reketçiliklə məşğul olan və media adına iddia edənlərin narazı mövqeyini anlamaq mümkündür:
"Əgər Mətbuat Şurasının səlahiyyətləri artarsa, bu, reketçiliklə məşğul olan "jurnalistlərin” əl-qolunu bağlayacaq. Mətbuat Şurası xeyli vaxtdır fəaliyyət göstərən bir qurum kimi kifayət qədər formalaşıb. Düzdür, beynəlxalq müstəvidə oxşar təşkilatlar fonunda Azərbaycanın təcrübəsi çox deyil. Amma nəzərə almaq lazımdır ki, MŞ Azərbaycanda formalaşandan sonra daha öncə dünyanın heç bir yerində baş verməyən proseslər yaşandı. Yəni internet media resursları çoxaldı, saytlar, portallar hədsiz dərəcədə artdı. Belə vəziyyət daha aktiv formada çağırışlara cavab verməyi zəruri etdi. Mətbuat Şurası da özünün təcrübəsindən çıxış edərək müvafiq addımlar atdı, bütün mümkün vasitələrdən istifadə etdi. Eyni zamanda qanunvericiliyə də müvafiq dəyişiklik edildi. Təbii ki, qanunvericiliyin təkmilləşməsinə hər zaman ehtiyac var. Bəs ictimai tənzimləmə mexanizmləri özünü doğrulda bildimi? Peşəkar və ənənəvi mediaya münasibətdə bu cür mexanizmlər özünü pozitiv şəkildə büruzə verdi və bir çox neqativ amillərin qarşısı alındı.
Məncə, Mətbuat Şurasının bu istiqamətdə əldə etdiyi uğurları təqdir etmək lazımdır. Bu qurum bir institut kimi özünü təsdiq edib. Lakin mövcud səlahiyyətlər çərçivəsində, xüsusən internet medianın inkişaf etdiyi bir dövrdə təsirli çalışma ortaya qoymaq mümkün deyil. İnsanların şəxsi həyatına müdaxilə kobud şəkildə baş verir, şəxsi informasiyaların təhlükəsizliyi dünyanın qlobal məsələsinə çevrilir. Həmçinin, dövlətlərin və medianın özünün informasiya təhlükəsizliyi önəmli problemə dönür. Bütün bunlara cavab vermək və vəziyyəti tənzimləmək üçün aktiv tənzimləmə mexanizminə malik olmaq lazımdır. Bu baxımdan mən tamamilə MŞ sədrinin mövqeyini bölüşürəm. Hesab edirəm ki, onun arqumentləri tamamilə əsaslıdır. Bu arqumentlər uzun təcrübə nəticəsində ortaya çıxıb”. E.Mirzəbəyli bildirib ki, Amaşovun təklifi prosesləri kənardan izləyən bir şəxsin təklifi deyil: "Eyni zamanda hansısa maraqlı tərəfin də təklifi deyil. Bu fikirlər Azərbaycanda medianın hüquqi baxımdan tənzimlənməsini arzulayan və peşəkar medianın inkişafını istəyən bir insanın yanaşma tərzidir. Bu baxımdan Azərbaycandakı peşəkar media qurumları Əflatun Amaşovun fikirlərini birmənalı şəkildə dəstəkləyəcək. Əslində, bu məsələ yeni deyil, daha öncə də MŞ sədri tərəfindən gündəmə gətirilib. Vaxtı ilə mən də bununla bağlı təşəbbüslə çıxış etmişəm və prosesə dəstək vermişəm. İndi də düşünürəm ki, məsələnin gündəmə gətirilməsi çox önəmli amildir. Mətbuat Şurasının qurultayı öncəsi bu məsələnin müzakirəsi zəruridir”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb