Hərəkətə maneə yoxdursa, obyektlərin istifadəsinə icazə veriləcək
Bakının "Koroğlu” metrostansiyasında yeni ticarət obyekti açılması haqda mətbuatda xəbərlər yayılıb. Məlumatlara görə, həmin obyektin gül salonu kimi fəaliyyət göstərəcəyi bildirilir.
İnformasiyanı dəqiqləşdirmək üçün "Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq. N.Paşayev faktı "Şərq”ə təsdiq edərək bu barədə hələki metropoliten rəhbərliyi tərəfindən son qərarın verilmədiyini açıqlayıb: "Hazırda o obyektdə təmir işləri gedir. Çünki həmin obyekt sərnişinlərin hərəkətinə maneə yaratmır. Ancaq rəsmi qərar verilməyib və icarə müqaviləsi bağlanmayıb. Lakin obyektin ticarət məqsədilə istifadəsinə icazə verilə bilər”.
Qurum rəsmisi həmçinin bunun əvvəlki ticarəti bərpa etmək mənasına gəlmədiyini söyləyib: "Bu o demək deyil ki, ticarət əvvəlki formada davam etdiriləcək. Yəni kim nə istəyir, gətirib Bakı metrosu keçidlərində satacaq və ya obyekt tikəcək. Buna icazə verilməyəcək. Yalnız satış imkanları olan metrostansiya ərazilərində müəyyən məhsulların satılmasına icazə verilə bilər. Bu obyektlərdə gül, kitab satıla bilər. Həmçinin şərait imkan verərsə, aptek kimi fəaliyyət göstərməsi də mümkündür”.
Metropoliten sözçüsü gələcəkdə metro ərazisində sərnişinlərin hərəkətinə mane olmayan, təhlükəsizlik baxımından heç bir problem yaratmayan obyektlərin tikilə biləcəyini də istisna etməyib: "Bakı metrosu üçün ilk növbədə sərnişinlərin rahatlığı vacibdir. Çünki biz sərnişindaşıma xidməti göstəririk. Əgər sərnişinlərin hərəkətinə, təhlükəsizliyinə problem yaratmayacaqsa, belə ticarət obyektlərinin istifadəsinə icazə verilə bilər”.
Həmsöhbətimiz bir müddət öncə, Bakı Metropoliteni ərazisindəki son ticarət köşklərinin sökülməsinə və kompensasiya ödənilməsi məsələsinə də aydınlıq gətirib: "20 Yanvar” metrostansiyasındakı bəzi ərazilər metropolitenin balansında idi. Keçən ildən həmin ərazidəki
ticarət köşklərinin ticarət müqaviləsi uzadılmadı və ləğv edildi. Amma orada yerləşən digər ticarət obyektləri isə bizim ərazidə deyil”.
Məlumat üçün qeyd edək ki, keçən il böyük narazılığa səbəb olan Bakı Metropoliteni ərazisindəki ticarət obyektlərinin təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə bağlanması qərara alınmış və ticarət obyektləri sökülmüşdü.
Vüqar Şahinoğlu