Mikayıl Cabbarovun kadr islahatını zəruri edən AMİLLƏR...

"Vergilər Nazirliyi həm şəffaf fəaliyyəti ilə seçilən, həm də iqtisadi islahatlara təkan verən nazirlik olmalıdır”.
Bu sözləri "Sherg.az”a ötən gün yeni vergilər naziri Mikayıl Cabbarovun 64 nəfəri tutduğu vəzifədən azad etməsinə münasiət bildirərkən "Kontitusiya” Araşdırmalar Mərkəzinin sədri Əliməmməd Nuriyev söyləyib. 
O vurğulayıb ki, nazirlik yalnız vergi toplamaqla məşğul olmamalıdır, həm də vergi ödəyicilərini stimullaşdırmaq istiqamətində də addımlar atmalıdır:
"Vergi qanunvericiliyin daimi təkmilləşdirilməsi prosesi getməlidir ki, vergi ödəyicilərinin sayı artsın, vergi administrasiyası təkmilləşdirilsin. Eyni zamanda bəzi hallarda sahibkarlar, vergi ödəyiciləri vergi orqanlarının fəaliyyətindən narazılıq edirdilər. Xüsusilə yoxlamaların bir sıra hallarda əlavə vergi ödəyicilərinə yüklənməsi ilə bağlı etirazlar olurdu.
Bu günlərdə ali məhkəmənin sədr müavini son illərdə 1200-ə yaxın vergi ödəyicisinin Vergilər Nazirliyinə iddia qaldırdığını bildirdi. Qeyd olunurdu ki, bu iddiaların 66 faizi vergi ödəyicilərinin xeyrinə təmin edilib. Vergilər Nazirliyi də vergi ödəyicilərinə qarşı çox iddialar qaldırır. Bəzi hallarda bu iddialar əsaslı olmurdu. Vergi ödəyicilərinin şikayətlərinə baxılması üçün müvafiq struktur yaradılmışdı”.
Əvvəlki dövrdə Vergilər Nazirliyində qohumların vəzifələrə təyin edilməsi hallarına yol verildiyini diqqətə çatdıran Ə.Nuriyev vurğulayıb ki, bir-birinə tabeçilik şəraitində fəaliyyət aparılması maraqların toqquşmasına gətirib, çıxarırdı:
"Məsələn, nazirlikdə müavinlərdən birinin nazirin tələbə yoldaşı olduğu bildirilmişdi. Və həmin şəxsə böyük etimad göstərilmişdi. Səhv etmirəmsə, o şəxs Raqif Qurbanov idi, indi isə vəzifədən azad edilib. R. Qurbanovun da sui-istifadə hallarına yol verməsi ilə bağlı iddialar səsləndirilirdi. Bu iddiaların nə dərəcədə həqiqət olub-olmadığını isə yalnız araşdırma nəticəsində bilmək olar.
Yeni nazir peşəkardır. M. Cabbarov iqtisadi işlərlə bağlı yaxşı məlumatı olan şəxsdir. Eyni zamanda vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı ilə bağlı qərarlar verir. Ona görə, bu sahədə islahatların həyata keçirilməsi genişləndiriləcək”.
Ə.Nuriyev vergi orqanlarında sistem dəyişikliyinin baş verəcəyini də bildirib. Onun sözlərinə görə, sahibkarların, vergi ödəyicilərinin fəaliyyətinə mane olan qurumlar ləğv ediləcək:
"Nazirliyin daxilində yeni qurumlar yaranacaq. Çox vəzifəli şəxsin azad edilməsinə baxmayaraq, nazirlikdə peşəkar çalışanlar da kifayət qədər çoxdur.
2018-ci il dövlət büdcəsi təsdiq ediləndə vergi orqanlarının üzərinə vergilərin toplanması ilə bağlı ciddi məsuliyyət düşdüyü qeyd edildi. Lakin bu məsələni həyata keçirərkən diqqətli olmaq lazımdır. Vergi yükünü artırmaqla məsələni həll etmək olmaz. Bu ölkəyə investisiya axının azalmasına, daxili investorların ölkəni tərk etməsinə gətirib, çıxara bilər. Elə optimal vergi sistemi qurulmalıdır ki, sərmayədarlar daha çox investisiya qoysunlar, vergiləri rahatlıqla ödəsinlər.
Hesab edirəm ki, nazir vergi sahəsinin təkmilləşdirilməsi ilə bağlı qonşu ölkələrin təcrübəsinin öyrənilməsi, müsbət tərəflərin tətbiqi ilə bağlı tapşırıqlar verəcək”.
Qeyd edək ki, işdən azad edilən şəxslər keçmiş vergilər naziri Fazil Məmmədovun dövründə vergi ödəyicilərinə divan tutmağı ilə tanınır.
Vergi ödəyicilərinin ən çox şikayətləndiyi bu şəxslərdən hələ də vəzifədə qalanı var. Yəqin ki, yaxın günlərdə onlar da tutduqları vəzifədən azad olunacaqlar.
Aysel Aslan