Millət vəkili həmkarlarına qarşı çıxdı: “Əgər vəkillər peşəkar olmazsa...”






"Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam çox əhəmiyyətlidir. O fikirlə razı deyiləm ki, vəkilliyə qəbulda test imtahanı ilə bağlı hansısa dəyişiklik edək. Çünki biz fiziki şəxslərin qanuni nümayəndəlik institutunu ləğv edəndə arqumentimiz ondan ibarət idi ki, Konstitusiyaya görə dövlət peşəkar hüquqi müdafiəni təmin etməlidir”.

"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli deyib: "Biz qanunvericilikdə düzəliş etdik və hazırda məhkəmələrdə hüquqların müdafiəsi yalnız Vəkillər Kollegiyasının üzvü tərəfindən aparıla bilər. 

Əgər vəkillər peşəkar olmazsa, onlar məhkəmə çəkişmə prinsipinin tətbiqində zəif görünə bilərlər. O arqumenti qəbul edə bilmərik ki, ittihham tərəfi, yəni prokurorlar bütün test mərhələlərini keçsin, amma vəkillər bundan keçməsin”. 

Deputat deyib ki, problemin həlli yolu bundan ibarət deyil: "Sonuncu test imtahanı göstərdi ki, orada iştirak edənlər imtahanı müvəfəqiyyətlə veriblər. Təcrübə onu göstərir ki, həm dövlət qulluğunda, həm də hakimlərin seçkisində ikinci və növbəti mərhələ əhəmiyyət kəsb edir. 

Yalnız yazılı test imtahanı vermək peşəkarlığın yeganə göstəricisi deyil. Prezidentin imzaladığı sərəncamdakı müddəaların tətbiqi vəkillərin sayının artırılmasına gətirib çıxaracaq. Nəticə belə olmalıdır ki, ədalət mühakiməsini həyata keçirən tərəflər peşəkarlıq baxımından eyni səviyyədə hazırlıqlı şəxslər olsun”.

Qeyd edək ki, bəzi deputatlar vəkilliyə qəbulun sadələşdirilməsinin məqsədəuyğun olduğunu deyiblər.

Anar