Millət vəkili SOS siqnalı verdi

Feysbukda radikal çağırış edən şəxs mütləq üzə çıxarılmalıdır
Bu gün din mövzusunu ölkəmizdə kövrək məsələyə çevirmək istəyən siyasi dairələr, xarici qüvvələr mövcuddur

Cavid Həsənov (Hasanov) adlı feysbuk istifadəçisi şəxsi hesabında dini radikal çağırışlar edərək insanları mübarizəyə səsləyir. Telefon nömrəsini belə qeyd edən bu gənc bir neçə dəfə "Gəncədə Allah yolunda mübarizə olacaq, qatılmaq istəyən möminlər filan nömrə ilə əlaqə saxlasın” tipli statuslar paylaşıb. O, bu mübarizənin dinsizlərə- imansızlara qarşı həyata keçiriləcəyini də qeyd edib.
Sözügedən çağırışın təhlükəli tendensiya olduğunu vurğulayan Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc hesab edir ki, mütləq məsələ ətrafında araşdırma aparılmalı və bu çağırışın mahiyyəti öyrənilməlidir: 

"Xatırladım ki, ilin əvvəllərində DTX xüsusi təyinatlıları tərəfindən ifşa edilərək bir qismi zərərsizləşdirilən terrorçuların planı haqqında ictimaiyyətə geniş məlumatlar verildi. Bəlli oldu ki, həmin qrup Azərbaycan ərazisində seriya terror hücumları həyata keçirmək üçün planlar qurublar. Hücumların hədəfi isə hüquq-mühafizə orqanlarının, nazirliklərin inzibati binaları, strateji əhəmiyyətli digər obyektlər və dövlət ali təhsil müəssisələri olub. Bundan əlavə qruplaşma pul və qənimət ələ keçirmək üçün Bakıdakı şərab evlərinə, mağazalara, lombardlara, Şimal bölgəsində fəaliyyət göstərən iş adamlarına, yerli icra hakimiyyəti başçılarına silahlı hücumlar planlaşdırıb. Onlar bununla cəmiyyətdə qorxu yaratmağa cəhd ediblər ki, bizim yerimiz hər yerə çatır”.

900-ə yaxın azərbaycanlının İŞİD-in tərkibində vuruşmasının DTX tərəfindən müəyyən edildiyini qeyd edən millət vəkilinin sözlərinə görə, artıq İŞİD çevrəsində çəmbər daraldığına görə, neçə illərdir proqnozlaşdırılan təhlükə Azərbaycanın astanasındadır: 

"Biz illərdir bəyan edirdik ki, cihad adı ilə Suriyaya döyüşməyə gedən azərbaycanlıların geri qayıtması ölkəmiz üçün ciddi başağrısı yaradacaq. Terror qruplaşmaları elə şəbəkədir ki, ora qoşulan gənclər birdəfəlik canlarını qurtara bilmirlər. Bunu ona görə vurğulayıram ki, həmin adamların İŞİD-ə cəlb olunması zamanı sosial şəbəkələrdən geniş bir şəkildə istifadə olunmuşdu. Bu gün din mövzusunu ölkəmizdə kövrək məsələyə çevirmək istəyən siyasi dairələr, xarici qüvvələr mövcuddur”.

Gəncənin Azərbaycanın sabit bölgələrindən biri olduğunu qeyd edən Z.Oruc deyib ki, Aşura günündə yaşanan epizodik anlaşılmazlığı çıxmaq şərti ilə orada hər hansı bir dini, ictimai-siyasi, sosial narazılığın kütləvi xarakter almasına dair faktlar verilməyib: 

"Belə olan təqdirdə insanları orta əsrin, bəlkə də islamın ilk illərinin çağırışları ilə mübarizəyə səsləmək ciddi hüquqi məsuliyyət yaradır. Ola bilsin ki, bu məsələnin daxili dayağı yoxdur. Xaricdəki hansısa qüvvələrin əli ilə bu addım atılıbsa, deməli, psixoloji həmlə vasitəsilə cəmiyyəti test edib, reaksiyaları öyrənirlər. Hesab edirəm ki, müvafiq təhlükəsizlik orqanları özlərinin mükəmməl izləmə mexanizmləri ilə bu məsələni araşdırıb, həmin qüvvələri asanlıqla aşkar edib, təhlükəsinin nə dərəcədə real olduğunu müəyyən edəcəklər”.

Şəymən