
Millət vəkilləri vətəndaşların gününə “ağladı”
“Krediti olan insanları acınacaqlı vəziyyətdən çıxarmaq üçün addımlar atılmalıdır”

Ötən gün Milli Məclisin növbəti toplantısı keçirilib. İlk öncə millət vəkili Sona Əliyevanın Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvlüyündən çıxarılaraq İnsan hüquqları komitəsinə üzv qəbul edilməsi barədə müraciəti səsə qoyularaq qəbul edilib.
Parlamentdə həmçinin "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib. Saziş barədə millət vəkili Ziya Səmədzadə məlumat verib.
Tahir Kərimli Azərbaycanla Amerika arasındakı sazişin təsdiqinə etiraz etdi
Müzakirələr zamanı millət vəkili Tahir Kərimli sazişdə bir sıra məqamlara etiraz edib. Deputat deyib ki, saziş sənədində bir sıra ziddiyyətlər var ki, bu müddəalara aydınlıq gətirilməlidir. Onun sözlərinə görə, təhlükəsizliyimizlə bağlı sənəddə aydın olmayan ifadələr qeyd olunub. Deputat həmkarı Siyavuş Novruzov isə T.Kərimli ilə razılaşmayıb: "Saziş hər iki ölkənin razılığı ilə hazırlanıb. Biz ABŞ-a hava nəqliyyatından birtərəfli qaydada istifadə etməsinə icazə vermişik. Azərbaycan hökuməti ilə ABŞ hökuməti arasında hava nəqliyyatı haqqında sazişin təsdiq olunması zərurətdir. 11 sentyabr terrorundan sonra beynəlxalq terrorizmlə mübarizəyə qoşulan Azərbaycan ABŞ təyyarələrinin öz hava məkanından keçməsinə icazə verib. ABŞ təyyarələri yük və sərnişindaşımaları üçün Azərbaycanın hava məkanından istifadə etməkdədir. Bu saziş isə beynəlxalq əhəmiyyət daşıdığından onu qanunla dəyişdirmək mümkün deyil. Yalnız tərəflər müqavilədə birtərəfli qaydada şərt qoya bilərlər. Necə ki, Azərbaycan Ermənistanla bağlı beynəlxalq sənədlərdə şərt qoyur. ABŞ-la iqtisadi, siyasi və strateji əməkdaşlıq davam etdirilməlidir. Bizim iqtisadi, siyasi əlaqələrimiz var, bundan sonra da davam edəcək”.
Vitse-spiker Ziyafət Əsgərov isə qeyd edib ki, T.Kərimlinin toxunduğu məsələlər daha çox təhlükəsizliklə bağlıdır: "Ola bilsin ki, biz elə bir insana lisenziya verərik və sonradan məlum olar ki, bu adam terrorçudur. Saziş bizim əl-qolumuzu açır ki, belə halda saziş imzalayan tərəflərdən biri müəyyən addımlar ata bilsin”.
"Hələ ki imkanımız buna çatır”
İclasda Əmək Məcəlləsinə yeni dəyişikliyin edilməsi təklif olunub. Təklifə görə, 3 yaşınadək uşaqlarını təkbaşına böyüdən valideynlərə qısaldılmış iş vaxtı rejimi şamil edilə bilər. Məcəllənin hazırkı variantına əsasən, qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və I, II qrup əlil olan işçilər, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar üçün 36 saatdan artıq olmamalıdır. Məcəlləyə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə əsasən isə qısaldılmış iş vaxtı adı sadalanan kateqoriyadan olan insanlarla yanaşı, 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə də şamil olunacaq. Layihədə qeyd edilir ki, belə valideynlər üçün qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Əmək Məcəlləsinə təklif olunan dəyişiklik iş şəraitinin ailə öhdəlikləri ilə uzlaşdırılması üçün onlara qısaldılmış iş vaxtının müəyyən edilməsi və bu zaman əmək haqqının bütöv saxlanılması, uşağa qulluqla bağlı problemlərinin qismən də olsa həll edilməsi məqsədi daşıyır.
Millət vəkili Fazil Mustafa təklif edib ki, burada güzəşt 3 yaşa kimi deyil, uşaqların məktəbəqədər dövrü, 6 yaşa kimi tətbiq edilməlidir: "Bəzi valideynlər var ki, onlar övladlarını bağçaya qoya bilmir. Yaşadığı ərazidə bağça olmur və ya imkansızlıqdan baxçaya apara bilmir. O ailələrin vəziyyəti nəzərə alınaraq məktəbəqədərki dövrə qədər olan uşaqları da bu siyahıya salmağı təklif edirəm. Düşünürəm ki, bu o qədər də böyük xərc tələb etmir, saat fərqi az olur və iş saatına o qədər də mənfi təsir etmir. Bu, insanların vəziyyətinin yüngülləşdirilməsi baxımından faydalı olar”.
Vitse-spiker Ziyafət Əsgərov deputata cavab olaraq qeyd edib ki, dövlətin bu gün imkanı hələ buna çatır: "Xərc tələb etmir dediniz. Amma bunu hesablamaq lazımdır”.
15 min manatdan 20 min manatadək cərimə...
Dünənki iclasda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər də müzakirə edilib.
Dəyişiklik banka aidiyyəti olan şəxslər və ya aidiyyəti olan şəxs adından hərəkət edən şəxslərlə əməliyyatların aparılması qaydalarının pozulması ilə bağlıdır.
Təklif edilən dəyişikliyə əsasən banklara və bank olmayan kredit təşkilatlarına aid olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 2 min manatdan 2 min 500 manatadək miqdarda, hüquqi şəxslər 15 min manatdan 20 min manatadək miqdarda cərimə ediləcəklər. Səhmdar cəmiyyətlərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək miqdarda, hüquqi şəxslər 10 min manatdan 15 min manatadək miqdarda cərimə ediləcək. Digər hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulmasına, həmçinin belə əqdlərlə əlaqədar qanunla müəyyən edilmiş qaydada məlumatların təqdim edilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək miqdarda, hüquqi şəxslər 5 min manatdan 10 min manatadək miqdarda cərimələnəcəklər.
Çox dəhşətli mənzərə yarana bilər
Qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Fazil Mustafa deyib ki, kreditlərlə bağlı intiharların sayı artıb: "Əsas məsələ vətəndaşa dəstək verməkdir. Banklara dəstək verilir. Amma hələ də vətəndaşlara dəstək verilməsi hallarını görmürük. Dollarla kredit götürən insanlar devalvasiyanı proqnozlaşdıra bilməzdilər. Vətəndaşların kredit borcları ilə bağlı yaxın vaxtlarda Milli Məclisdə qanunlara dəyişikliklərin müzakirəsini gözləyirəm. Krediti olan insanları acınacaqlı vəziyyətdən çıxarmaq üçün addımlar atılmalıdır. Bu günlərdə suyun qiyməti qalxdı. Məlumatlar var ki, "Azərişıq” və "Azəriqaz” da Tarif Şurasına qiymətlərin artması ilə bağlı müraciət ediblər. Sabah onlarda da qiymət artımı baş verdikdə, bu özünü ərzağın qiymətinin daha da bahalaşmasında göstərəcək. Dollar krediti məngənəsində əzilən insanların, borclu vətəndaşların bir də o zaman hallarını təsəvvür edək. Çox dəhşətli mənzərə yarana bilər. Yenə də deyirəm ki, bu dollar kreditləri ilə bağlı vətəndaşa da, banklara da, dövlətə də zərər gətirməyən addım atılmalıdır”.
"Bir aydır gözləyirik ki, təkliflərimizə cavab verilsin”
İqtisadçı deputat Vahid Əhmədov xatırladıb ki, bank sistemində yaranmış problemlərlə bağlı bank rəhbərlərinin Milli Məclisə dəvət edilməsi təklif olunub: "Amma bu, baş vermədi. Mən və həmkarım Əli Məsimli xüsusi təkliflər paketi hazırlayaraq müvafiq qurumlara və Milli Məclisin spikerinə təqdim etmişik. Bir aydır gözləyirik ki, təkliflərimizə cavab verilsin. Mən yenə də öz təklifimdə qalıram. Bank rəhbərlərini komitələrə və Milli Məclisə dəvət etmək lazımdır. Faktiki olaraq, banklarda fiziki və hüquqi şəxslərə kredit verilməsi dayandırılıb, bank sistemində likvidlik və digər problemlər qalır”.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, V.Əhmədov və Ə.Məsimlinin təklifləri bu günlərdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunacaq: "Bütövlükdə bank sektorunda yaranmış vəziyyət dərindən araşdırılmalıdır. Banklar son illər xeyli əsassız gəlirlər əldə ediblər. Həmkarlarımız haqlı olaraq bildirirlər ki, həmin gəlirlərin bir hissəsindən devalvasiya nəticəsində ziyan çəkmiş vətəndaşlar üçün istifadə edə bilərik. İnanıram ki, bu məsələ ilə bağlı konsensusa nail ola biləcəyik”.
Müzakirələrdən sonra qanuna dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.
Anar Bayramoğlu