Zahid Oruc: “Artım məsələsini sosial mediada yalandan tirajlayıb, parlamentin nüfuzuna zərbə vurmaq istəyirlər”
Bir müddətdir, sosial şəbəkələrdə və bəzi saytlarda Milli Məclis deputatlarının maaşlarının 800 manat artırıldığı barədə məlumatlar dolaşır. Bildirilib ki, 2018-ci ildə Milli Məclisin saxlanılma xərcləri 25 milyon 432 min manat təşkil edir.
Ayrılan vəsaitin 68.8 faizini əməkhaqqı xərcləri təşkil edəcək.
Bununla bağlı "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanunun 21-ci maddəsinə dəyişiklik ediləcəyi də iddia olunub.
Milli Məclisin İşlər müdiri xidmətinin Maliyyə şöbəsinin müdir müavini Cavid Möhbalı isə Milli Məclisin deputatlarının əmək haqlarında heç bir artım baş vermədiyini deyib. O qeyd edib ki, bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir: "Deputatların maaşlarının 800 manat artması ilə bağlı məlumatlar əsassızdır. Kimlərsə məsələni qarışdırır. 2018-ci ilin büdcəsində MM-ə ayrılan vəsaitin artmasından irəli gələrək deputatların xarici ezamiyyət xərclərində artım nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə müəyyən artımdır, lakin qeyd olunan rəqəm qədər deyil. Deputatların əmək haqqında isə heç bir artım yoxdur. Artım olsaydı, bunu ilk olaraq biz bilərdik. Çünki əməkhaqqını deputatların kartlarına biz köçürürük. Bizə isə belə bir tapşırıq, təlimat gəlməyib”.
Millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında məsələyə daha geniş aydınlıq gətirib:
- Parlamentdə büdcə müzakirələri keçirilən zaman millət vəkillərinin böyük əksəriyyəti pensiyaların, əməkhaqlarının, təqaüdlərin artırılmasının əhalinin həssas təbəqələri üzrə aparılmasını vacib hesab etmişdi. Ancaq cəmiyyətdə elə bir mənzərə yaradılıb ki, guya ki, parlamentdə deputatların imtiyazı, sosial şəraiti və maaş təminatlarının artırılması uğrunda mübarizə gedir. Bu çox yanlış yanaşmadır. İnsanların hakimiyyətin istənilən qoluna qarşı tələbkar mövqedə olması başadüşüləndir. Amma millət vəkillərini maaş davası aparan bir təbəqə kimi qələmə vermək aşırı aqressiyadır.
Xalqın təmsilçilərinin sosial durumu sadə vətəndaşların durumundan kəskin şəkildə fərqlənməməlidir. Hesab edirəm ki, Türkiyə, Belçika, Almaniya və s. kimi ölkələri nümunə gətirmək doğru yanaşma deyil. Türkiyədə parlament üzvünün 8 min lirə alması bizə əsas vermir ki, həmin məbləğə iddia edək. Biz parlament binasındakı avadanlıqların, qurğuların köhnə olduğunu qaldırmışdıq. Xüsusən də informasiya texnologiyaları ilə ciddi çatışmazlıqlar var deyə, əlavə vəsaitə ehtiyac duyulduğu deyilib. Onu da nəzərə alaq ki, parlamentdə yüzlərlə ölkə ilə dostluq qrupu mövcuddur.
Hər hansı ölkəyə kiçik səfərin həyata keçirilməsi belə xeyli miqdarda vəsait ayrılmasını tələb edir. Sırf maliyyə səbəbindən son iki ildə səfərlər qat-qat aşağı düşmüşdü. Bunlar gözə alınaraq ötənilki büdcə ilə builki arasında bir qədər artım olub. Bunu isə millət vəkillərinin maaş artımı kimi qələmə veriblər. Deputatların maaşına 800 manat əlavə olunması xəbərinin insanlarda qıcıq və narahatlıq doğurması normaldır. Çünki bu rəqəm əhalinin bütün kateqoriyalarının orta aylıq əməkhaqqından yüksəkdir. Hesab edirəm ki, bu məlumat sistemli şəkildə sosial mediada tirajlanıb. Görünür, müəyyən mərkəzlər parlamentin ictimai nüfuzuna zərbə vuraraq siyasi xal qazanmaq istəyir.
Eyni zamanda bəzi millət vəkillərinin ölçüb-biçilməmiş açıqlamalarından istifadə edib, bütün Məclis üzvlərinin xar edilməsi üçün onlar haqqında təhqiredici materiallar hazırlayırlar. Halbuki Milli Məclisdə xalqımıza və dövlətimizə son dərəcə ləyaqət və fədakarlıqla xidmət edən həmkarlarımız kifayət qədərdir. Onların zəhmətini dəyərləndirməyib, hamını tərəzinin eyni gözünə qoymaq, bir arşınla ölçmək yaxşı hal deyil. Milli Məclis üzvü olaraq bəyan edirəm ki, 2018-ci ildə parlament üzvlərinin maaşı və onlara verilən müavinətlərə nəinki 800 manat, heç 8 manat da əlavə edilməyib.
Şəymən