Milli Məclis mənasız işlərə vaxt itirir

Guya filmdə siqaret çəkmək səhnələri göstərilməsə, siqaret çəkənlərin sayı azalacaq?
Rasim Balayev: "Onda narkomaniyadan bəhs edilən filmlər çəkməyək ki, orda narkotika təqdim edilir?"


Bu günlərdə Milli Məclisdə müzakirə zamanı spiker Oqtay Əsədovla komitə sədri Rəfael Hüseynov arasında mübahisə olub. Qeyd edək ki, filmlərdə tütün məhsullarının göstərilməsinə qadağa qoyulması qanunda öz əksini tapıb. Elə millət vəkili ilə spiker arasında gərginlik də bu səbəbdən yaranıb. Məlumat üçün qeyd edək ki, Milli Məclisdə qərara alınıb ki, bundan sonra çəkilən ekran əsərlərində, filmlərdə, tamaşalarda tütün məhsullarının, spirtli içkilərin göstərilməsinə qadağa qoyulsun.

Vitse-spiker Ziyafət Əsgərov da teatr tamaşalarında və filmlərdə siqaretin məhdudlaşdırılmasının aradan qaldırılması təkliflərinə münasibət bildirib: "Hollivud filmlərinin 95 faizindən siqaretlərin reklamı yığışdırılıb. Rusiyanın Dövlət Dumasında isə qərar qəbul ediblər ki, həm oynanılan teatr tamaşalarında, həm də çəkilən kinofilmlərdə siqaret çəkmək yığışdırılsın. Mövcud filmlərdə də üzərinə "kölgə” salınsın".

Z.Əsgərov Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynovun səsləndirdiyi iradlara da cavab verib: "Deyirsiniz ki, teatr tamaşasında və filmlərdə siqaret çəkməmək Azərbaycan Konstitusiyasında yaradıcılıq azadlığına ziddir. Buna çox təəccübləndim. Adi bir vətəndaş desəydi, başadüşülən olardı. Amma bunu parlamentin komitə sədri deyir. Başa düşmürəm, siqaretin teatr və kino yaradıcılığına nə aidiyyəti var?! Onda siz tələbələrinizə deyin, "Azərbaycan ədəbi mühitində siqaretin Konstitusiya hüququnda rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə etsinlər. Baxaq görək, bəlkə doğrudan da nəsə var?”.

Qeyd edək ki, R.Hüseynov bunun yaradıcılıq azadlığına zidd olduğunu deyib.

Yaradıcılıq prosesinə yeni qanun layihəsi məhdudiyyət yaradacaqmı? Ümumiyyətlə, yaradıcı insanların fəaliyyətinə məhdudiyyət nə qədər doğrudur? Hər hansı ekran əsərində, filmdə və ya tamaşada obrazın xarakterini açarkən bəzən siqaretdən və ya spirtli içkidən istifadə vacib element sayıla bilər. Belə olan halda yaradıcı insanlar nə etməli, film çəkilərkən bu kimi məqamları hansı köməkçi elementlər vasitəsilə əvəzləməyə çalışmalıdırlar? Ümumiyyətlə, yaradıcılıq nöqteyi-nəzərindən bu, doğru qərar oldumu?

Keçmiş sovetlər dönəmində çəkilən «Əsgər atası» filmini yəqin hər biriniz xatırlayırsız. Müharibənin keşməkeşli əzablarından keçən ata, əsgər oğlunun axtarışında olur. Filmdə bir neçə kadrda əsgər atasının tütündən istifadə etməsi və əslində bunu edərkən cizgilərində olan mənalı mimikaları unutmaq mümkün deyil. Əlində siqaret olan əsgər atası həyatın acısını unutmaq, bir az da özünə təsəlli vermək üçün tütün çəkərək sakitləşmək istəyir. Bəli, siqaret çəkmək səhhətə ziyandır. Amma real həyatda bu məhsuldan istifadə edilir və bəzən insanlar onunla sakitləşdiklərini düşünürlər. Əgər film real insan həyatını ayrı-ayrı personajların dili ilə çatdırmağa çalışırsa, onda real olanları inkar etmək doğrudurmu? Onda çəkilən filmlərin real həyata aidiyyəti yoxdusa, ona inanan tamaşaçı olacaqmı? Axı hər bir ekran əsəri, təqdim olunan hər bir tamaşa tamaşaçını inandırmaq və bu inama söykənərək düşündürməyə məcbur etmək məqsədi daşımış olur.

Bəs kino sahəsində peşəkarlar, kino insanları bu barədə nə düşünür? Yaradıcılıq prosesinə məhdudiyyət yaradıcılığı boğmaq demək deyil ki?

Suallarımızı Xalq artisti, ömrünün yarısından çoxunu kinoya həsr edən Rasim Balayevə ünvanladıq. Rasim Balayev Milli Məclisdə qəbul edilən qanuna hər bir insanın əməl etməsinin vacibliyini vurğulasa da, eyhamını da dilə gətirdi: 

«Əgər qanun qəbul edilibsə, bununla razılaşmağa məcburuq. Dövlətin qanunu nə tələb edirsə, onu da etməliyik. Şəxsi fikrimə gəlincə, yaradıcılıq məhdudiyyəti sevmir. Bu gün yaradıcı insanlara, onların yaradıcılıq prosesinə məhdudiyyət qoymaq, fikrimcə, yanlış seçimdir. Baxın, filmdə, tamaşada obraz gərəyi elə bir məqam yarana bilər ki, orda siqaretdən, içkidən istifadə etmək mütləqdir, bu, obrazın xarakterini açmağa təsir edə biləcək ən vazkeçilməz element sayıla bilər. Bəzən obraz səndən bunu tələb edir. Rejissor bu elementdən kadrda istifadə etməyə məcbur qala bilər. Yoxsa obraz xarakterini aça bilməz. Rasim Ocaqovun filmlərində də bunu görmək mümkündür. Onun «Otel otağı» filmində qəhrəmanın siqaretdən istifadəsi belə, psixoloji baxımdan o obrazı açmağa təsir edə bilən elementlərdən sayıla bilər bəlkə. Ayrı-ayrı kadrlarda filmin qəhrəmanı siqaret çəkərək həyat yolunu bir də nəzərdən keçirir. Rejissor təxəyyülü bu kadrı bu şəkildə görüb tamaşaçıya təqdim etmək istəyib. Sən rejissora deyə bilməzsən ki, belə görmə, belə baxma, filmə belə yanaşma. 

Elə bir çox Hollivud filmlərində də bu kimi məqamları misal çəkmək olar. Film insan həyatını, cəmiyyətimizdə baş verən ayrı-ayrı taleləri özündə əks etdirən bir yaradıcılıq məkanıdır. Sən reallığı dana bilməzsən. Guya filmdə siqaret çəkilməsi təqdim edilməsə, siqaret çəkənlərin sayı azalacaq? Ya da siqaret çəkən şəxs daha tütün məhsulundan istifadə etməyəcək? İnanın, bu düşüncə ilə yanaşmaq özü gülünc görünür. Bununla nəyəsə nail olmaq olmaz. Siqaretin zərərli tərəflərini başqa təbliğat üsullarından istifadə etməklə də çatdırmaq olar. Amma onu göstərməyə qadağa, ondan uzaqlaşmaq üçün çıxış yolu deyil. Ümumiyyətlə, yaradıcılıq aləmində belə məhdudiyyətlər məntiqsizdir. Onda narkomaniyadan bəhs edilən filmlər çəkməyək ki, orda narkotika təqdim edilir? Bu, nə qədər normaldır? Qadın təcavüzünü əks etdirən film, kadr çəkməyək ki, bu doğru deyil, pis təsir edə bilər. Bu filmdir. Film həyatın gerçəkliklərini əks etdirir. Gəlin bundan sonra yazarlara, yazıçılara da qadağa qoyaq ki, əsərlərinizdə siqaret sözündən istifadə etməyin. Bu mümkündürmü? Bir az məsələlərə daha geniş rakursdan yanaşmaq lazımdır. Biz hələ də cılız təfəkkürlə düşünməyə üstünlük veririk. Problem siqareti göstərmək deyil. Problem onun yaratdığı fəsadı aça bilmək bacarığıdır».
Kinooperator, rejissor Eldəniz Quliyev də «Şərq»ə açıqlamasında Milli Məclisin bu qərarını əsassız hesab etdi. «İstənilən halda yaradıcılıq prosesinə məhdudiyyət yaratmaq doğru deyil. Biz 21-ci əsrdə yaşayırıq. Bu günün trendləri fərqlidir. Bu gün həyata daha fərqli tərəflərdən baxmaq mümkündür. Film, kino, teatr sahəsində olan insanların yaradıcılıq işlərinə maneə yaratmaq, məhdudiyyət qoymaq incəsənəti, mədəniyyəti boğmaq deməkdir. 

Mən bilmirəm niyə Milli Məclisdə bu məsələyə bu qədər önəm verilməsinə zərurət hiss olunub. Bizim daha qlobal, sosial əhəmiyyəti bundan daha ağır olan problemlərimiz var ki, onlarla bağlı müzakirələr aparılsın. O qədər ciddi problemlərimiz var ki, onların həllinə çalışaq. Yoxsa filmdə tütün məhsulunu təqdim etmək dünyanın sonu demək deyil. Siqaretdən istifadə edən insanlar varsa, bu, real həyatımızda mövcuddusa, gizlətməklə nə əldə etmiş oluruq? Bundan sonra roman yazılarkən də yazıçıya şərt qoyulsun ki, əsərində bu kimi elementləri qeyd etmək olmaz. Əgər bu qadağalar varsa, demək ki, yaradıcılıq prosesini iflic etmək üçün bəhanələr də yaranır. Bu, doğru deyil. Onda filmdə erməni obrazını da heç kim canlandırmasın. Düşməndir, bu da mənfi təsir göstərə bilər. Onda filmdə mənfi obraz da təqdim edilməsin, bu da tamaşaçıya psixoloji təsir edə bilər. Bu, nə qədər normal yanaşmadır sizcə? 

Rəhmətlik Məlik Dadaşov «Fəryad» filmində erməni obrazını o qədər inandırıcı yarada bilib ki, tamaşaçıda obraza, hətta obrazı yaradana qarşı kin yaranır. Bu, yaradıcılıq prosesidir. Məlik Dadaşov erməni obrazını yaradanda erməni olmadı ki. O filmdə ermənilərin içki məclisində bir insana mənəvi işgəncə verməyin ən iyrənc üsulundan istifadə edirlər. Bunu rəhmətlik Ceyhun Mirzəyev rejissor kimi çox mükəmməl şəkildə təqdim etməyə çalışmışdı. İçki məclisindən sonra ermənilərin insanlığa sığmayan hərəkətlərini daha necə təsirli şəkildə təqdim etmək mümkün olar? Axı bunlar həm də gerçək həyatda olanlardı. Onda ermənilərin içki içərkən düşdükləri iyrənc görüntünü də göstərməyək ki, içki göstərmək doğru deyil. Bəs bu kadrları başqa necə göstərmək olardı? Bilirsiz, məsələyə gəlin bu qədər dar pəncərədən baxmayaq. Bəzən yaradıcılıq məhsullarının təqdimatında psixoloji məqamlar, adi görünə bilən, amma filmdə, vacib elementlərdən sayılan hər hansı köməkçi element ola bilər ki, rejissor bununla tamaşaçıya təsir edə bilər. Ona görə də sən rejissora, ssenaristə qadağa qoya bilməzsən ki, çəkdiyin filmdə, təqdim etdiyin tamaşada bu elementdən, bu əşyadan, bu qidadan, bu məhsuldan istifadə edə bilməzsən. Əgər o detal olmasa, rejissor bəlkə də həmin an təxəyyülündə qurmaq istədiyi kadrı sənə çatdıra bilməz. Deyək ki, filmdə cinayətkar hadisə yerini tərk edərkən tütünün qalığını yerə atmalıdır ki, filmin növbəti proseslərində cinayətkarın izinə düşmək üçün bu, vacib element sayıla bilsin. Siqaretin yerinə rejissor yerə qələm atmağa məcbur buraxıla bilməz. 

Axı biz film çəkirik. Yəni həyatı əks etdirən kadr təqdim edirik. Məhdudiyyətlər yaranarsa, onda sənin çəkdiyin filmə maraq da qalmaycaq, inam da. Yenə də qeyd edirəm, bu qərarı qəbul edərkən görən film mütəxəssisləri ilə müzakirəyə ehtiyac duyublar, ya sadəcə məsələyə yalnız qanun dəyəri ilə baxmağa çalışıblar. Fikrimcə, Milli Məclisdə belə bir qanunu müzakirə etməyin özü boş vaxt itkisi olub. Bu zamanı daha dəyərli və millət üçün vacib olacaq məsələlərin həlli istiqamətinə istifadə edə bilərdilər».

Tahirə Məmmədqızı