“Milli Məclisdə uşaqların hüququnu qoruyan bir millət vəkili yoxdur”

Yusif Bəkirov: “Zahid Oruc elə danışanda elə bil başımdan bir qaynar qazan su tökdülər”
“Heç düşünmürlər ki, maddi imkanı olmayan valideyn özəl bağçalara necə uşaq göndərəcək? Axı bunlar kimə xidmət edir!?”


Millət vəkili Zahid Oruc uşaq bağçalarının fəaliyyətində olan nöqsanları nəzərə alaraq bağçaların özəlləşdirilməsini təklif edib. Hər kəsi övladının körpə yaşlarından təhsilə başlamasında maraqlı olmağa çağıran millət vəkili bağçaların Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilməsinin səhv qərar olduğunu deyib.

Nəticədə rayonlarda əksər bağçalar mövcudluğunu kağız üzərində saxladılar. Bu vəziyyət isə yerli icra hakimiyyəti orqanlarının marağına işləyir. Belə ki, onlar müxtəlif vəsitələrə barmaq uzada bilirlər. Çünki reallıqda bağça fəaliyyət göstərmir. Deputat təklif edir ki, bağçalar dövlət statusu daşımasınlar. Dünyada "bağça əlçatanlığı” deyilən bir termin olduğunu vurğulayan Z. Oruca görə, Azərbaycanda isə sovet dövründə dövlətin tabeliyində qalan bağçalar hələ də dövlətin üzərində yük olaraq qalır. Nəticədə hökumət bu sahə ilə bağlı vəsait ayırmalı olur. Onun sözlərinə görə, bağçalar özəl sahə olarsa, düşünürəm ki, xidmət və təhsil yüksək səviyyədə olar. Sahibkarlar hər yerin imkanlarına uyğun bağça və ya bağça şəbəkələri açarlar.

Millət vəkilinin bağçaların özəlləşdirilməsi təklifi Uşaq hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirovu hiddətləndirib:

- Axı Zahid Oruc bu təklifi hansı təcrübəyə dayanaraq verib. Dünyada "bağçaların əlçatanlığı” deyiləndə özəlləşmə məsələsi ön plana çıxarılmır. "Bağçalar hələ də dövlətin üzərində yük olaraq qalır” nə deməkdir! İnandırım sizi ki, elə bil başımdan bir qaynar qazan su tökdülər. Abstrakt dünyadan danışır, deyəsən, Zahid Oruc. Əgər onun bu təklifi nəzərə alınsa, Azərbaycan dövlət bağçalarını özəlləşdirən ilk dövlət olacaq. Bağçalara ayrılan dövlət vəsaiti isə Milli Məclisin və digər dövlət qurumlarının büdcəsinə əlavə olunacaq. Beləcə, Azərbaycan məmurları, millət vəkilləri uşaqların hesabına varlanacaq. Bu isə bağçaların ləğv olunması deməkdir. Hansı ağıllı biznesmen bağçaları özəlləşdirib, onun inkişafına çalışar? Bağçalar sosial obyektdir. Belə çıxır ki, dövlət məktəblərini də özəlləşdirməliyik. Orada da rüşvət, korrupsiya var. Verilən təhsilin də keyfiyyəti yoxdur. Dövlət yalandan niyə maliyyə ayırsın ki!? Hansı dünya ölkəsində dövlət bağçalarını özəlləşdirməklə rəqabət mühiti yaradırlar. Axı bir dənə misal çəksinlər ki, filan ölkədə bağçalar dövlət statusu daşımır, hamısı özəlləşib. Çəkə bilməzlər, çünki yoxdur axı! Amma mən misal çəkirəm ki, Almaniyada bağçaların 98 faizi dövlət büdcəsindən maliyyələşir. Özəl bağçalara uşaq yazdırmağa hansı valideynin pulu çatar? Yenə birtəhər kasıblar uşaqlarını dövlət bağçalarına qoyurlar. Belə çıxır ki, bütün bağçaları özəlləşdirib, kasıb-kusubun uşaqlarını bundan da məhrum etmək istəyirlər!? Vallah, bu təklifdən sonra mən millət vəkillərindən hər şey gözləyərəm. O boyda Milli Məclisdə bir deputat yoxdur ki, uşaqların hüquqlarını müdafiə eləsin? Heç düşünmürlər ki, maddi imkanı olmayan valideyn özəl bağçalara necə uşaq göndərəcək? Axı bunlar kimə xidmət edir!?

Bağçaların yenidən Təhsil Nazirliyinin tərkibinə qaytarılması ehtimalına gəldikdə isə Liqa sədri deyib ki, Əlinin papağını Vəlinin, Vəlinin papağını da Əlinin başına qoymaqla problem həll edilmir: "Bizim üçün uşaq bağçalarının hansı dövlət qurumunun tabeliyində olmasının heç bir fərqi yoxdur. Əsas odur ki, uşaq bağçalarında yaxşı şərait olsun. Valideynlərə bürokratik əngəllər yaradılmasın, rüşvət alınmasın. Uşaqları normal təlim-tərbiyə etsinlər, təhsil versinlər. Onsuz da ki, icra orqanları ilə Təhsil Nazirliyi bu sahə üzərindən əməkdaşlıq edir. Uşaq bağçalarının hansı qurumun tabeliyinə verilməsi ətrafında aparılan müzakirələr "yorğan davası”ndan başqa bir şey deyil. Yığılan rüşvət, mənimsənilən pullardır insanları dinc oturmağa qoymayan. Yoxsa ki, bunlar uşaqların gələcəyini düşündüyü üçün bu cür təkliflər vermirlər ki?! İndiyə qədər uşaqlara qoyulan "daskı”nı icra nümayəndələri yığıb, bundan sonra da nazirlik əməkdaşları yığsın istəyirlər, vəssalam!”.

Şəymən