“Milli Şura” radikal dindarlara üstünlük verməklə “öldü”

Sosial şəbəkədə cəbhəçilər arasında ciddi narazılıqlar yaşanır
Mitinqlərə adam yığa bilməyən "Milli Şura” 24 sentyabr aksiyasını təxirə salıb. Əslində radikal müxalifətin xalqın etimadını itirməsi faktı son iki həftədir təşkil olunan mitinqlərdə özünü əyani surətdə göstərməkdədir. Özlərini ana müxalifət liderləri kimi təqdim edən Əli Kərimli, Arif Hacılı və başqaları xarici ölkələrin Azərbaycandakı səfirlərinin gözünə kül üfürsələr də, reallıqda ətraflarına qohum-əqrəbadan, tanış-bilişdən əlavə adamlar toplaya bilmirlər. Bunun ən başlıca səbəbi onların milli və dövlətçilik maraqlarına zidd, öz şəxsi mənafelərinə hesablanmış siyasət yürütmələridir.
Demokratiyadan, azad seçkidən, fikir rəngarəngliyindən dəm vuran "demokratlar” rəhbərlik etdikləri təşkilatları 20 ildir diktatura rejimi ilə idarə edirlər. Bu adamlar sədr kürsüsünü heç kimlə bölüşmək istəmir, hər cür vasitə ilə müxalifətdə yeni düşüncənin, yeni liderlərin üzə çıxmasının qarşısını alırlar. Müsavatın seçki şousundan sonra "qeyrətə” gəlib qurultay keçirən AXCP sədri Ə.Kərimli partiya rəhbərliyinə digər namizəd Sahib Kərimlini təhqir və təhdid etdirməklə, təsiri altında olduğu media qurumlarında onun əleyhinə təbliğat aparmaqla rəqibini sıradan çıxarıb. Sonra da alternativsiz namizəd kimi yenidən partiyaya rəhbərlik edib. Təbii olaraq, istər AXCP-də, istərsə də Müsavatda sadə partiya üzvləri bunu görür, zaman-zaman yollarını bu təşkilatlardan və "liderlərdən” ayırırlar. Belə saxtakarlıqları görən, partiyadaxili intriqaları müşahidə edən sıravi üzvlər sonradan səsləndirdikləri ən müxtəlif bəyanatlarda, radikal müxalifət funksionerlərinin, partiya sədrlərinin iç üzünü bir daha açıb ortaya qoyublar. Bu kimi müxtəlif səbəblərdən parçalanan, elektoratı, sosial bazası dağılan radikal müxalifət növbəti dəfə riyakarlığa əl ataraq özünü gündəmə gətirmək istəyir. Qərb səfirliklərinin qarşısında sözün əsl mənasında dilənçilik edən, onlardan maddi-mənəvi dəstək alan radikallar ölkə daxilində ictimai asayişi pozmağa, zorakı yolla siyasi hakimiyyəti dəyişməyə səbəb ola biləcək çağırışlar edirlər. Dünənə kimi "demokratiya” libasına bürünənlər indi yeni formada meydana atılırlar. 
"Milli Şura”nın 2014-cü il mitinqində İŞİD terror təşkilatının bayrağını ucaltdıran Ə.Kərimli bu dəfə "Ölülər” əsərinin qəhrəmanı kimi kütlə qarşısına çıxır. Azərbaycan xalqından heç bir halda dəstək ala bilməyən AXCP sədri dini radikallardan istifadə etməyə çalışır və bununla özünü ideoloji baxımdan ifşa edir. Dünənə qədər Qərb dəyərlərini təbliğ edən Ə.Kərimli islam pərdəsinə bürünərək, mütəşəkkil silahlı dəstə və cinayətkar birlik yaradan, hakimiyyəti zorla ələ keçirməyə və ya devirməyə çalışan, hazırda isə törətdiyi əmələ görə həbsdə cəza çəkən radikal dindarlar Mövsüm Səmədov və Taleh Bağırzadənin "müdafiəçisi” rolunu oynayır. Onların tərəfdarı sayılan radikal dindarlara qucaq açır. AXCP sədrinin təsiri altında olan "Milli Şura”nın keçirdiyi 11 sentyabr mitinqində radikal dindarların olması, aksiyadakı çıxışlarda onlara dəstək xarakterli fikirlərin yer alması buna əyani sübutdur. Mənsub olduğu dinin heç bir tələbini yerinə yetirməyən, bir dəfə də olsun məscidin qapısından içəri girməyən Ə.Kərimli və tərəfdarları bu gün "mollalıq” edirlər. Təsadüfi deyil ki, mitinq zamanı Kərimli, Nurəddin Məmmədli və digər çıxışçılar aksiyaya az adam qoşulmasından hiddətlənərək, mitinqə biganə qalanları cəhənnəmlə hədələyiblər. Mitinqin aparıcısı İlham Hüseyn isə mitinqi rədd edən ziyalıları təhqir etməkdən belə çəkinməyib. 
Göründüyü kimi, radikal müxalifət xarici səfirliklərdən aldığı böyük miqdarda vəsait hesabına üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək üçün bütün vasitələrə əl atır. Budur Ə.Kərimli və onun dəstəsinin zehniyyəti. Lakin belə vəziyyət, xüsusən Qərb dəyərlərini təbliğ etdiyini iddia edən siyasi bir təşkilatın əsas elektorat kimi radikal dindarlara üstünlük verməsi düşərgə daxilində də narazılığa səbəb olub. Sosial şəbəkələrdə cəbhəçilər arasında açılan müzakirələr, orada yer alan narazı fikirlər, həmçinin radikal dindarların öz feysbuk profillərində müxalifətə inamsızlıq nümayiş etdirmələri buna sübutdur. Artıq radikal dindarlar da onlardan alət kimi istifadə edildiyinin fərqindədirlər. Buna görə də "Milli Şura”nın ötən şənbə keçirilən mitinqində əvvəlkindən dəfələrlə az adam iştirak etdi. Vəziyyətin bu cür olmasının bir səbəbi də Azərbaycan mediasının xalq, milli və dövlətçilik maraqlarından çıxış etməsidir. Ölkə mətbuatının sağlam təbliğatı nəticəsində radikal dindarlarla bərabər, sadə etirazçı elektorat da onlardan istifadə edildiyini anladı və növbəti mitinqə getmədilər. Yəqin elə bu səbəbdəndir ki, "Milli Şura” dünən qəfildən sentyabrın 24-nə təyin etdiyi mitinqi keçirməmək barədə qərar qəbul edib. Təşkilatın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev iddia edib ki, növbəti mitinqin keçirilməməsinin səbəbi sonuncu aksiyada baş verənlərdir. Göründüyü kimi, sentyabrın 24-də növbəti dəfə biabır olmaqdan ehtiyat edən "Milli Şura” geri çəkilərək icazə verilmiş mitinqi keçirməkdən boyun qaçırır. Əslində isə səbəb sadədir. Son iki aksiyada əyani şəkildə gördülər ki, artıq onları dəstəkləyən yoxdur.
İsmayıl