Mirmahmud Mirəlioğlu təsdiqlədi:"Namizədliyim irəli sürüldü"






Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının(KXCP) mətbuat xidmətindən yayılan məlumata görə, KXCP sədri Mirmahmud Mirəlioğlunun prezidentliyə namizədliyi irəli sürülüb. Xəbərə görə, bu barədə partiyanın Ali Məclisinin yanvarın 29-da keçirilən toplantısında qərar qəbul edilib.

Xatırladaq ki, oktyabrın 17-də Azərbaycanda prezident seçkiləri keçiriləcək. KXCP-yə kimi Müsavat Partiyası prezident seçkilərinə qatılmaqla bağlı qərar verib. Müsavatın prezidentliyə namizədi partiyanın keçmiş başqanı İsa Qəmbərdir.

Yayılan xəbərlə bağlı "Şərq”ə danışan KXCP sədri Mirmahmud Mirəlioğlu prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib: 

"Partiyanın qərarıdır. İllərdir ki, bu məsələnin müzakirəsi gedirdi. Nəhayət ki, qərar qəbul edildi və namizədliyim irəli sürüldü. Mən də partiyanın aldığı qərara hörmətlə yanaşıram. Hesab edirəm ki, indiki şəraitə və mövcud şərtlərə uyğun olaraq doğru qərar verilib”.

Partiya sədri bildirib ki, seçki mühitinin demokratikləşməsi KCXP-nin hər zaman irəli sürdüyü ilk tələbdir:

"Bu istiqamətdə mövqeyimizi və mübarizəmizi davam etdirəcəyik. Həmçinin, seçki məcəlləsinin təkmilləşdirilməsi, seçki komissiyasının tərkibi və s. məsələlər də hər zaman gündəmdədir. Bunlar heç vaxt aktuallığını itirə bilməz”.

"Uzun müddət əməkdaşlıq etdiyiniz partiyalar namizədliyinizə dəstək verəcəkmi?” sualına isə M.Mirəlioğlu belə cavab verib: "Bilmirəm, bu, zamanın işidir”.

Məlumat üçün bildirək ki, M.Mirəlioğlu 1980-cı illərin əvvəli- 1990-cu illərin sonlarında milli-demokratik hərəkatın fəal iştirakçılarından olub. 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib. 1995-cı ildə Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra birinci çağırış Milli Məclisin üzvü olub. 2000-ci ildə M.Mirəlioğlu parlamentə deputat seçilsə də mandatdan imtina edib.

İsmayıl