Aureliya Qriqoriu ermənilərin girov götürdüyü azərbaycanlıları müdafiə edəcək
Moldovalı ombudsman Aureliya Qriqoriu ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevi müdafiə edəcəyini bəyan edib. Ombudsman separatçı Dağlıq Qarabağ rejiminin qeyri-qanuni ittiham etdiyi azərbaycanlı girovların hüquqlarının müdafiəsi məsələsini avropalı hüquq müdafiəçiləri arasında qaldıracağını bildirib. Azərbaycanlı girovların məhkəməsinin qeyri-qanuni olduğunu deyən ombudsmanın sözlərinə görə, faktla bağlı informasiyalar kifayət qədər olmadığından, dünya bu məsələyə heç bir reaksiya vermir:
"Dünya Dağlıq Qarabağ münaqişəsinə ikili standart bəsləyir. Təəssüflər olsun ki, insan hüquqlarının pozulma faktlarının qiymətləndirilməsində siyasi prioritetlər rol oynayır”. Moldovalı ombudsmanın dəstəyinə münasibət bildirən Vəkillər Kollegiyasının üzvü, hüquq müdafiəçisi İradə Cavadova təşəbbüsündən dolayı ombudsman xanıma öz təşəkkürünü bildirib: "O xanım Azərbaycandakı bəzi adamlardan daha tez və daha səmimi mövqe nümayiş etdirib. Yaxşı olardı ki, bizim ombudsman da bu məsələni beynəlxalq aləmdə qaldırsın. Haqlı olan tərəf bizik. Ona görə də bütün beynəlxalq qurumları, təşkilatları bizə dəstək olmağa çağırır və bütün dünyaya car çəkirik. Girovlarımızın hazırkı vəziyyəti çox pisdir. Biz bilmirik, indi onların başına nə oyunlar açırlar. Hesab edirəm ki, vətəndaş cəmiyyətləri də bu məsələdə dövlətə yardım etməlidir”.
Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyətinin sədri Novella Cəfəroğlu da deyib ki, Aureliya Qriqoriu hər zaman Azərbaycanın yanında olub. Buna görə də hüquq müdafiəçiləri ona təşəkkür məktubu yazaraq öz minnətdarlıqlarını bildiriblər: "Bizim yanımızda onun hörməti çox
böyükdür. Ən ağrılı günlərimizdə yanımızda olan, Azərbaycanın tərəfini tutan xanıma nə lazımdırsa, etməyə hazırıq. Buyursun gəlsin Azərbaycana, biz ona layiq olduğu hörməti və izzəti göstərərik”.
N.Cəfəroğlunun fikrincə, məsələnin ombudsman səviyyəsində beynəlxalq təşkilatlar qarşısında qaldırılması çox yaxşı olar: "Azərbaycanı hər tərəfdən vururlar. Ona görə də başqa ölkələrin bizə dəstəyi çox önəmlidir”.
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı da moldovalı ombudsmanın təşəbbüsünü alqışlayıb: "Kimsə Azərbaycanı dəstəkləyirsə, hüquqlarımızı müdafiə edirsə, Dağlıq Qarabağ problemini gündəmə gətirirsə və xüsusən girovlarımızın azadlığı ilə bağlı addımlar atırsa, biz ancaq alqışlamalı və həmin şəxsə bütün gücümüzlə dəstək verməliyik. Girovlarla bağlı mövqe bir daha moldovalı ombudsmanın cəsarətindən xəbər verir və onun əsl hüquq müdafiəçisi olduğunu göstərir. Deməli, bu xanım tək öz ölkəsində deyil, dünyadakı bütün insanların hüquqlarının qorunması üçün çalışır. Əgər o, uzaq Azərbaycan ölkəsinə bu qədər can yandırırsa, görün öz ölkəsində insan hüquqlarını necə müdafiə edir?”.
İsmayıl