Moskva iqtisadiyyatını bu vəsait hesabına qaldırmaq istəyir





Rusiya Yaxın Şərqin iqtisadiyyatına 10 milyon dollar investisiya qoyan xarici investorlara vətəndaşlıq verilməsini sadələşdirəcək.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, hazırda bu təklif nəzərdən keçirilir.

Maraqlıdır, Rusiyanın vətəndaşlıq üçün nəzərdə tutduğu məbləğin müqabilində vətəndaşlıq almaq istəyən investorların sayı arta bilərmi?

Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənovun fikrincə, Rusiya hökuməti sanki 10 milyon həcmdə məbləğ sahiblərini cəlb etməklə bir növ iqtisadiyyatını inkişaf etdirmək istəyir. Onun sözlərinə görə, Rusiya elə bir strategiya yürüdür ki, sanki miqrasiya məsələləri vasitəsilə bilavasitə dövlətin inkişafına çalışır:

"Amma şübhəsiz ki, burda hədəf investorların gətirəcəyi məbləğdir. Belə böyük həcmdə məbləğlər bir çox dövlətlərdə var. Bu hal bir daha onu göstərir ki, Rusiya dövləti onun vətəndaşlığını əldə etmək istəyən şəxslərin bu vəsaiti yatırmaqla bilavasitə Rusiya iqtisadiyyatına yardım etməsində maraqlıdır. Ola bilsin ki, gələcəkdə başqa dövlətlər də 10 milyon və ya bundan artıq vəsait müəyyənləşdirsin. Amma görünür Rusiya hökuməti iqtisadiyyatını bu vəsait hesabına qaldırmaq istəyir. Digər tərəfdən, Rusiya onun vətəndaşlığını almaq istəyən kifayət qədər imkanlı insanların ölkəyə cəlb olunmasında maraqlı olduğunu göstərir. 

Sanki Rusiya hökuməti həmin insanlar üçün bir növ sığınacaq məkanına çevrilir. Və bununla da Rusiya həmin həcmdə sərmayə yatıran insanlara fövqal bir şərait yaratmağı nəzərdə tutur. Yəni tək vətəndaşlıqdan söhbət getmir. Burda müəyyən əlverişli biznesin yaradılması və digər məsələlərdə təhlükəsizliyin təmin olunması nəzərdə tutulur. Hər halda Rusiyanın təklif etdiyi şəraitdən yararlanaraq onun iqtisadiyyatına 10 milyon dollar yatıracaq insanların nə qədər olduğunu zaman göstərəcək”.

Yeganə Bayramova