"Moskva İrəvana silah verməklə məqsədini açıqlayır" - Yeni savaş ola bilərmi ?

"Rusiya öz vassalı olan Ermənistana dəfələrlə silah satıb və bağışlayıb”.
Bunu "Sherg.az”a Rusiyanın Ermənistana müasir silahların və hərbi avadanlıqların alınması üçün 100 milyon dollar dövlət ixrac krediti verməsinə münasibət bildirərkən siyasi şərhçi Azər Rəşidoğlu deyib.
 O bildirib ki, Kreml bununla Azərbaycana münasibətini sərgiləyir:
"Əslində, bölgədə vəziyyət xeyli dərəcədə gərgindir. Rusiya əsas təhlükə mənbəyi olaraq qalmaqdadır. SSRİ-ni bərpa etmək niyyətində olan Rusiya dünyadakı nizamı da qarışdırmağa cəhd göstərir. Bölgəni Rusiyanın təsirindən azad eləmək üçün variantlar tapmaq lazım gələcək. Məsələn, Bakı-Ankara-Tiflis hərbi koalisiyasının müzakirəsi belə variantlardan ola bilərdi. Bu baxımdan, rusların Qarabağ separatçılarını yeni savaşa sövq etməsi variantı da meydana çıxır.
Türkiyə-Azərbaycan-Gürcüstan hərbi blokunun yaradılması Rusiyanı daha da aqressivləşdirə bilərdi. Lakin yaranmış vəziyyətdən bəhrələnmək üçün belə bir sənədin imzalanması son dərəcə mühüm görünür. Qarabağın azadlığı yolunda hər zaman bir nömrəli və ənənəvi problem Rusiya faktoru sayılıb. İllər öncə olduğu kimi bu gün də əksər siyasilər hesab edir ki, Azərbaycan Rusiyanı neytrallaşdıra bilsə, Qarabağ problemi də həll olunar. Qarabağ problemini Rusiya yaradıb, mövcud münaqişənin dondurulmuş vəziyyətdə qalmasının əsas müəllifi də Moskvadır. Kreml istəmir ki, münaqişə həll edilsin, əks təqdirdə bölgədə öz mövqeyini qoruyub saxlaya bilməyəcək”.
Qarabağı işğal edən dövlətin Ermənistan deyil, Rusiya olduğunu vurğulayan A.Rəşidoğlu bəyan edib ki, Moskvanın prosesə müdaxiləsi olmasaydı, İrəvan Bakının qarşısında aciz qalardı:
"İrəvan özü etiraf edir ki, Rusiyanın forpostudur. Bu baxımdan, münaqişənin müəllifi də Moskvadır. Düzdür, Azərbaycan Rusiya amilini nəzərə almalıdır. Lakin heç bir halda biz Rusiyaya etibar edə bilmərik. Moskva İrəvana silah verməklə öz məqsədini açıqlayır. Moskva separatçını müdafiə edir. Lakin istənilən halda erməni ordusu Azərbaycan orudusundan zəifdir və biz öz torpaqlarımızı azad etmək gücündəyik”.
Qeyd edək ki, müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub.
Aysel Aslan