Moskvanın Qarabağ münaqişəsinin həllində Bakının xeyrinə addım atacağı ehtimalı böyükdür

"Putin bəyan etdi ki, Kreml bundan sonra da Minsk qrupunun həmsədri kimi münaqişənin həllinə öz real dəstəyini verəcək"
"Prezident İlham Əliyevin Rusiyaya səfəri Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişafına təkan verəcək”. Bunu "sherg.az”a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. 
Dövlət başçısı İlham Əliyevin Soçidə rusiyalı həmkarı Vladimr Putinlə görüşünü və tərəflər arasında imzalanan müqavilələri şərh edən analitik vurğulayıb ki, bu cür addımlar şimal qonşumuzla olan əməkdaşlığın genişlənməsinə xidmət edir: "Liderlər arasında baş tutan görüşün və Putinin açıqlamalarının səmimi olduğu ortada idi. Görünən odur ki, bundan sonra ikitərəfli münasibətlərin inkişafında fərqli mövqe tutulacaq. 
Ümid edirik ki, dövlət başçılarının təması lazımi nəticələr verəcək. İki ölkə arasında bir çox sahədə, o cümlədən iqtisadi sektorda müəyyən inkişaf var. Prezident İlham Əliyevin səfərindən sonra iqtisadi əlaqələr daha da güclənəcək. Rusiya ilə ikitərəfli münasibətlərin iqtisadi tərəfi də çox vacibdir. Çünki iqtisadi əməkdaşlıq sferasının genişləndirilməsi hər iki dövlət üçün sərfəlidir”.

"Görünən odur ki, bundan sonra ikitərəfli münasibətlərin inkişafında fərqli mövqe tutulacaq"

Ekspert bildirib ki, tərəflər arasındakı mühüm məqamlardan biri də Dağlıq Qarabağ münaqişəsinin həlli və Rusiyadan alınan silah-sursatdır
"Rusiya rəhbəri bu məsələdə səylərini davam etdirəcəyini söylədi. Moskvanın Dağlıq Qarabağ münaqişəsinin həllində Bakının xeyrinə addım atacağı ehtimalı böyükdür. Putin bəyan etdi ki, Kreml bundan sonra da Minsk qrupunun həmsədri kimi münaqişənin həllinə öz real dəstəyini verəcək. Hər halda Kreml rəhbəri açıq fikrini dilə gətirdi və Moskvanın Azərbaycana strateji tərəfdaş kimi yanaşdığını vurğuladı. Bu strateji tərəfdaşlığı daha da inkişaf etdirərək, strateji müttəfiqliyə çevirmək uğrunda iş gedir. Yaxın zamanda bunun reallaşması mümkündür.”.
İsmayıl