Müəllim şagirdə çırtma da vura bilməz

Məktəblərdə baş verən istənilən insidentdə rəhbərliyin, pedaqoji kollektivin günahı var
Neçə gündür ki, gündəmi müəllim-şagird əlbəyaxası zəbt edib. Bir neçə gün əvvəl 53 saylı orta məktəbin birinci sinif şagirdi Dənizin saçlarının müəllim tərəfindən yolunduğu xəbəri yayıldı. Lakin sonra bu xəbər təkzib edildi və bildirildi ki, kiçik qızın başında dermatoloji problem var, saçı da bu səbəbdən tökülüb, buna görə də qızcığaz məktəbə gəlmir. Üstündən bir gün keçmiş Sumqayıtdakı 37 saylı orta məktəbin altıncı sinif şagirdi Pünhanın döyülməsi xəbəri gəldi. Amma bu dəfə də xəbər düz çıxmadı.
KİV-ə bununla bağlı məlumat ötürən valideyn nə oldusa, əvvəlcə dediklərini dandı. Gözünün altı qaralmış şagird də müəllimədən deyil, sinif yoldaşından yumruq yediyini etiraf etdi.
Hesab etsək ki, həqiqətən də məlumatların xəbər saytlarına ötürülməsində qüsurlara yol verilib. Hətta bunun özü də məktəblərdəki duruma, müəllim-şagird, müəllim-valideyn münasibətlərinə daha ciddi nəzər salmaq üçün yetərlidir. Axı niyə, nə səbəbə bu tip informasiyalar yayılmalıdır? Atalar məsələdir; od olmayan yerdən tüstü çıxmaz.
Elə isə baş vermiş və ya tutaq ki, baş verməmiş insidentlərdə müəllimlərin suçu nə qədərdir, şagirdlərin, valideynlərinki nə qədər?
Respublika Təhsil Şurasının sədri, təcrübəli pedaqoq Əjdər Ağayev "Şərq”ə açıqlamasında pedaqogikanın öz qayda və tələbləri olduğunu dedi:
- Pedaqogikada cəzalandırma və rəğbətləndirmə qaydaları var. Getsinlər, "Pedaqogika”nı öyrənsinlər. Müəllimənin şagirdi tənbeh etmək, danlamaq, şagirdə töhmət vermək, bir sinifdən başqa sinfə yerini dəyişmək hüququ var. Amma şagirdə fiziki güc tətbiq etmək, vurmaq, döymək olmaz. Müəllim şagirdə bir çırtma da vura bilməz. Hətta şagirdin tənbeh məqsədilə güncə qoyulması da məqbul sayılmır, baxmayaraq ki, bu, konkret fiziki güc tətbiqi hesab edilmir, amma hər halda fiziki bir hərəkətdir və şagirdə tətbiq edilməməlidir. Yuxarı siniflərdə bunu heç etmək olmaz. İbtidai siniflərdə isə bəzən bu metoda əl atılır. Amma yaxşı olar ki, etməsinlər. Çünki pedaqogikada şagirdin cəzalandırılması metodlarına bu, aid deyil.
Ə.Ağayev hesab edir ki, məktəblərdə baş verən istənilən insidentdə məktəb rəhbərliyinin, pedaqoji kollektivin günahı var:
- Deməli, məktəbdə müəllimlərlə, şagirdlərlə, həmçinin valideynlərlə maarifləndirici iş aparılmır, məktəblə ailələrin əlaqəsi zəifdir, valideynlərlə görüşmürlər, ailələrlə maraqlanmırlar. Elə ailələr var, eqoistdirlər, öz uşaqlarını hamıdan üstün bilirlər. Bilirsiz, mən ailələr barəsində "imkanlı, imkansız” ifadələrini işlətmək istəmirəm. Çünki insanlara münasibət insanın tipindən asılıdır. Elə insanlar var, təkəbbürlüdürlər və bu xüsusiyyət onların varlı-kasıb olmasından da asılı deyil. Elə imkanlı ailələr var ki, mərifətli, alicənabdırlar. Böyük-kiçik yeri biləndirlər. Bəziləri də fərqlidir. Yəni, insanın müəllimə və ya başqa birisinə münasibəti onun imkanlı-imkansız olmasından asılı deyil. Amma varlı, vəzifə sahibi olan valideynlər də var ki, uşaqlarına bir kimsənin "gözün üstdə qaşın var” deməsinə təhəmmül etmir. Bilirsiz, bunlar hamısı ailədə tərbiyədən asılıdır. Uşağın necəliyi də ailənin göstəricisidir. Hər uşaq bir ailədən çıxır və məktəbdə də, cəmiyyətdə də ailəsini təmsil edir. Ona baxıb ailəsinə, ata-anasına qiymət verirlər. Bəzən şagirdlər müəlliməni hövsələdən çıxarır. Amma gərək müəllim təmkinini qorusun, kobud ifadələr işlətməsin, şagirdi təhqir etməsin, mənliyini alçatmasın. Uşaq yeniyetmə yaşında bu cür hallara qarşı həssas olur və alçaldılmasını uzun müddət unuda bilmir. Müəllim valideynlə işləməlidir. Onu məktəbə çağırmalı, söhbət etməli, vəziyyəti bildirməlidir. Uşağın dərsdə özünü necə apardığını valideynə deməlidir. Valideyn uşaqla bağlı birinci özü ölçü götürməli, uşağın tərbiyəsi ilə məşğul olmalıdır. Sinifdə özünü apara bilməyən şagird tənbeh olunmalıdır, amma heç bir halda şagirdə fiziki güc tətbiq etmək olmaz. Buna qətiyyən yol verilməməlidir.
"Təmiz Dünya” İctimai Birliyinin hüquqşünası Məlahət Nəqiyeva təkcə məktəbdə deyil, ümumiyyətlə, cəmiyyətdə aqressivliyin artdığını söylədi:
- Biz qadın hüquqları ilə bağlı tez-tez məhkəmə proseslərində iştirak edirik. Bəzən ailə münaqişələrinin həlli zamanı uşaqlar da məhkəməyə dəvət edilir. Onda görürük ki, uşaq atasının onu döydüyünü deyir və buna görə də anası ilə yaşamaq istədiyini bildirir. Deməli, ailələrdə uşaqlara qarşı şiddət, zorakılıq faktları mövcuddur. Uşaqlar təkcə məktəbdə, ictimai yerlərdə zorakılığa məruz qalmır, ailə daxilində də uşaqlarla kobud davranılır, tez-tez döyülür, təhqir olunurlar. Bütün bunlar uşaqların psixologiyasına çox mənfi təsir edir və onların hafizəsində dərin iz buraxır. Valideynlər birdəfəlik anlamalıdırlar ki, fiziki zora məruz qalmış, həm özünün, həm də valideyninin döyüldüyünü müşahidə etmiş uşaq böyüyəndə zorakılığa meylli olur. Çox zaman uşaqların tərbiyəsində yanlışlığa yol verilir. Məsələn, küçə uşaqları ilə münasibətdə valideynlər həmişə çalışırlar ki, məhz onların övladı üstün olsun. Səni vurublarsa, sən də vur, prinsipi ilə uşaqlarını böyüdürlər. Sinifdə dava-dalaş salan da belə mühitdə böyümüş uşaqlardır. Müəllimənin günahı budur ki, sinifdəki uşaqların xarakterinə bələd deyil. Müəllimə hər bir uşağı yaxşı tanımalıdır, kiminlə necə rəftar edilməsini bilməlidir. Ailələri də tanımalıdırlar, hansı ailə mehribandır, səmimidir, hansı ailə dikbaşdır. Şagirdlərlə də buradan çıxış edərək rəftar edilməlidir.
M.Nəqiyeva hesab edir ki, məktəblərdə baş verən insidentlərdə yalnız məktəbi günahkar bilmək düzgün deyil:
- Məktəblə ailə qarşılıqlı əlaqədə olmalıdır. Uşaq günün bir neçə saatını məktəbdə olur, böyük hissəsini isə evdə. Uşaq evdə gördüyü tərbiyəni cəmiyyətdə nümayiş etdirir. Məktəbin əhəmiyyətli rolu bundan ibarətdir ki, o, uşaqların düzgün təlim-tərbiyəsini təşkil etməlidir, uşaqları düzgün istiqamətə yönləndirməlidir. Ailənin öz vəzifəsi, məktəbin öz vəzifəsi var. Şagird özünü pis aparırsa, ilk növbədə valideyn məktəbə dəvət edilməli, onunla söhbət aparılmalıdır. Şagirdlərin müəllim tərəfindən tənbeh edilməsi pedaqogikanın bir üsuludur. Ancaq hər şagird öz yaş dövrünə görə tənbeh edilməlidir. Amma təəssüf ki, bizdə müəllimlərin şagirdləri vurması, döyməsi faktları həmişə olub. Görünür, bəzi müəllimlər uşaq vaxtı məktəbdə M.Ə.Sabirin "əti mənim, sümüyü sənin” ifadəsini yaxşı əzbərləyiblər. Elə müəllimlər var ki, danışıqları çox kobuddur, uşaqlarla kobud davranırlar. Məktəblərdə psixoloqlar olmalıdır və onlar müəllimlərlə də, şagirdlərlə də daim işləməlidirlər.
Məlahət Rzayeva