Müəllimindən hamilə qalan məktəbli qızın həyatı təhlükədədir

“Təmiz Dünya” buna görə qızın Bakıya gəlməsi və sığınacaqda yerləşdirilməsini daha məqsədəuyğun hesab edir



Şamaxıda müəllimi tərəfindən təcavüzə məruz qalmış məktəbli qızın paytaxtdakı sığınacaqlardan birinə yerləşdiriləcəyi gözlənilir. "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova belə bir təkliflə Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyətindən isə qızın valideynləri ilə danışacaqlarını və razılıq olarsa, məktəblinin Bakıya göndəriləcəyini bildiriblər.

Görəsən, təcavüzlə üzləşmiş məktəblinin Bakıya gətirilməsi hansı zururətdən doğur?

Məsələni dəqiqləşdirmək üçün M.Zeynalova ilə əlaqə saxladıq. M.Zeynalova "Şərq”ə açıqlamasında bildirdi ki, təklif yalnız yeniyetmə qızın mühafizəsi məqsədi daşıyır:

- Oxşar situasiyalarda zərərçəkmiş tərəfin basqıya, hədə-qorxuya məruz qalması görünən hallardır. Biz düşünmürük ki, hazırda həmin qız sakit bir şəraitdədir. Bizdə olan məlumata görə, qız hazırda bibisigildə qalır. Niyə öz evlərində, ailəsinin yanında deyil? Bu da bizi qıza qarşı təzyiq olmasını düşünməyə əsas verir. Yəqin ki, evdəkilərin hadisəyə münasibəti birmənalı deyil. Bunun özü də hardasa başadüşüləndir. Çünki məktəbli bir qızın hamilə qalması faktına ailə üzvlərinin, həmçinin kənd camaatının da sakit qalacağını gözləmək inandırıcı olmazdı. Ona görə də biz belə hesab etdik ki, qızın Bakıya gəlməsi və sığınacağa yerləşdirilməsi təhlükəsizlik baxımından daha məqsədəuyğun olar. Bu məqsədlə də Şamaxı Rayon İcra Hakimiyyətinə zəng etdim, təklifimizi bildirdim. Onlar da qızın ailəsi ilə əlaqə saxlayacaqlarını və ailənin razılığı olarsa, qızın Bakıya göndəriləcəyini dedilər.

M.Zeynalova bu günlərdə "Ümid Yeri” Cəmiyyətinin bu məsələ ilə bağlı Şamaxıya səfər edəcəyini də bildirdi:

- "Ümid Yeri”nin Şamaxıda mərkəzi fəaliyyət göstərir. Biz onlarda da görüşüb məsələni müzakirə edəcəyik və məktəbli qızın taleyi ilə bağlı dolğun məlumat əldə etməyə çalışacağıq. Çünki qıza əlimiz çatmır, bilmirik, hazırda hansı durumdadır, həyatına təhlükə varmı?

M.Zeynalova baş vermiş hadisə ətrafında müəmmaların da çox olduğunu dedi:

- Belə xəbərlər gəzir ki, dölün ana bətnində məhv edilməsini istəyirlər. Qız özü bunu istəyirmi, yoxsa yox, bu, məlum deyil. Çünki əgər qız buna razı deyilsə, amma kimlərsə tərəfindən basqıya məruz qalırsa, burada artıq zorakılığa cəhd var. Tibbi ekspertiza rəy verib ki, qız bakirədir, amma guya seksual xarakterli hərəkətlərlə hamilə qalmaq mümkündür. Bu, heç də inandırıcı deyil. Hadisə ətrafında çoxlu suallar var. İlkin məlumatlara görə, qıza təcavüz etmiş şəxsə CM-nin 152-ci maddəsiylə (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) cinayət işi açılıb. Bu maddə 3 ilədək azadlıqdan məhurmetmə cəzasını nəzərdə tutur. Yetkinlik yaşına çatmayan qıza qarşı həqiqətən də seksual xarakterli hərəkətlər edilibsə, həm də bu hərəkətlər zorakılıqla müşayiət olunursa, bu maddənin nəzərdə tutduğu cəza çox yüngüldür. O qıza dəymiş mənəvi zərbəni heç ölçmək mümkün deyil. Həm də məktəbli iddia edir ki, müəllim bundan əvvəl də ona qarşı zorakılıq hərəkətləri edib, onu soyunub şəkil çəkdirməyə məcbur edib. Bunlar hamısı çox ciddi araşdırma və təsdiqlənəcəyi təqdirdə ağır cəzanın tətbiqini şərtləndirir. İctimaiyyət olaraq biz belə hadisələrə laqeyd qalmamalıyıq. Bu gün bir məktəbliyə təcavüz edib, bir-iki il cəza çəkib azadlığa çıxacaqsa, sabah bundan da ağır, bundan da dəhşətli hadisələr baş verə bilər.

Məlahət Rzayeva