Müəllimlərin imtahanı: İnam artır

“Təhsil Nazirliyinin hazırkı siyasəti sübut edir ki, əvvəlki yanaşmalarla təhsilin yüksək səviyyədə inkişafı mümkün deyilmiş”



Təhsil Nazirliyinin bu il müəllimlərin işə qəbulu ilə əlaqədar keçirdiyi imtahan prosesi ilə bağlı narazılıq yaranıb. Nazirlik rəsmiləri isə imtahanın qeyri-şəffaf keçirildiyinə dair səsləndirilən iddiaların əsassız olduğunu qeyd edib və deyib ki, müəllimlərin narazılığı nə imtahanda, nə də imtahandan sonra bitir. 24 bal yığan bir namizəd milçəkdən şikayət edib.

Guya ki, zalda milçəklər ona yazmağa imkan verməyib. Narazı qalanların başqa bir iddiası zallardakı sarı kartlı masalarla bağlıdır. İddiaya görə, tapşırılanlar həmin masada oturdulur və onlara cavablar ötürülür.
Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədovun sözlərinə görə, telefonundan 3 saatlıq da olsa uzaqlaşmaq istəməyənlər, telefonları əllərindən alınanlar, bu səbəbdən hətta imtahan nəticəsini belə təhlükə altında qoyanlar imtahanın təşkilinə irad bildirir, çanta və mobil telefonları qoymaq üçün yer olmamasından şikayətlənirlər. Sektor müdiri qeyd edib ki, imtahan prosesinin təşkilində şəffaflığın təmin olunduğuna şübhə yaradan hər hansı səbəb yoxdur. R.Məmmədov əlavə edib ki, bütün sistemə nəzarət mexanizmi var və şəffaf şəkildə imtahanların keçirilməsinə nail olunub.

Tarixçi-alim, təhsil eksperti Kamran Əsədov MİQ imtahanlarının nəticələri haqqında düşünərkən inamın daha da artdığını deyib: 

"Təhsil Nazirliyinin hazırkı siyasəti sübut edir ki, əvvəlki yanaşmalarla təhsilin yüksək səviyyədə inkişafı mümkün deyilmiş. MİQ imtahanında iştirak edən müəllimlərin böyük əksəriyyəti əvvəlki nəsillərdən fərqli olaraq tam orta məktəbi bitirmək üçün mərkəzləşdirilmiş qaydada test üsulu ilə buraxılış imtahanı veriblər. Həmçinin də uzun hazırlıqdan sonra ali məktəblərə TQDK tərəfindən keçirilən imtahanlar nəticəsində qəbul olublar. Ali məktəblərdə hər nə qədər nöqsanlar olsa da, əvvəlki illərlə müqayisədə öz biliyi ilə oxuyub, qiymət alan tələbələrin sayı artıb. Müəllim olmaq istəyənlər MİQ imtahanlarına ciddi hazırlaşıblar.

Bütün bunlardan sonra ümumi şəkildə MİQ imtahanında iştirak edənlərin təxminən 50 faizə qədəri keçid balını toplayıb. Yaxud iştirakçıların yarısı keçid balını toplamayıb. Halbuki, imtahanda az bal toplayaraq müəllim ola bilməyənlər bir neçə il öncə imtahansız olaraq hamısı, kütləvi şəkildə, təyinatla müəllim kimi fəaliyyətə başlayırdı. Əvvəlki on illərdə formal olaraq, ancaq sənədləşmə xatirinə keçirilən orta, ali məktəb imtahan mərhələlərini başa vurub, məktəblərə müəllim göndərilənlərin hansı bilik səviyyəsində olduğu indiki prizmadan daha aydın görünür”.

K.Əsədovun sözlərinə görə, MİQ imtahanına çox az müddətli hazırlıq dövründə paralel olaraq bu qədər vakant yerlərin müəyyən olunması, bir neçə günə imtahanların obyektiv, uğurla başa çatması, təhsil sahəsində strateji hədəflərin düzgün müəyyənləşdirilməsinin göstəricisidir: 

"Nazirliyin istənilən mürəkkəb vəziyyətdə məsuliyyəti öz üzərinə götürə bilən operativ, çevik, təşkilatçı kadrları, iş heyəti var. Təhsildə illərlə yığılıb qalmış problemlərin həlli yolu, ilk növbədə məsələyə yanaşma tərzi, işlək mexanizmin düzgün seçilməsi və icrasından ibarətdir”.

Ekspert deyib ki, bu qədər gənc insanın işsiz qalması narahatlıq doğursa da, digər tərəfdən də növbəti illər üçün müəllim olmaq istəyənlərin, hazırda pedaqoji ali təhsil alanların məsuliyyətini artırır: "Müəllim olmaq istəyənlərin MİQ imtahanlarına hazırlaşması üçün müvafiq mənbələr, ədəbiyyat, kitablar məsələsinə yenidən sistemli şəkildə baxılması, pərakəndə, çoxu qüsurlu olan, mücərrəd, bəzən çaşdırıcı kitablardan xilas olmaq kimi məsələlər aktuallıq kəsb edir. Bu ərəfədə faydalı, səmərəli, çox öyrənməyin ancaq ümumi işə xeyri var. Keçid balını toplamayanlar da zəif tərəflərini daha yaxşı görüb düzgün mənbələrdən istiqamət almalıdır”.

Pedaqoji təhsil verən ali məktəblərin fəaliyyətində əsaslı islahatlara ehtiyac duyulduğunu qeyd edən K.Əsədov hesab edir ki, məzunlar təhsil aldığı dövrdə ixtisasları üzrə sistemsiz formada elmi biliklərlə tanış olmaq əvəzinə, ixtisasları üzrə mükəmməl biliklər əldə etməlidir: 

"Ali təhsil zamanı müəllimlik peşəsinin sirləri öyrənilmir, əslində məzunlar ancaq orta məktəbdə dərs deyəndən bir neçə il sonra müəllim olurlar. Ali məktəbin verdiyi müəllimlik diplomu sonradan fəaliyyət zamanı bir daha reallaşmış olur. Nöqsanlar, çatışmazlıqlara faciə kimi baxmaq lazım deyil, ortaya çıxarılmasa, müəyyən edilməsə onları vaxtında aradan qaldırmaq da mümkün deyil. Əsas olan odur ki, məsələlərə pozitiv düşüncə ilə yanaşmaq üçün kifayət qədər reallıq var. İnam daha da artır!”

Şəymən