“Müəllimlikdən şərəfli və yüksək ad yoxdur” – Bu ada hörmət yenidən artır





"Prezidentin təhsil və müəllimlər barədə çıxışını çox yüksək qiymətləndirirəm”.

Bunu "Sherg.az”a açıqlamasında Əməkdar müəllim Almaz Həsrət deyib.

Prezident tərəfindən Əməkdar müəllim adına layiq görülən A.Həsrət müəllim nüfuzunun artırılması istiqamətində dövlət tərəfindən atılan addımlara görə rəhbərliyə öz minnətdarlığını bildirib.

Ekspert deyib ki, ötən 5-6 il ərzində təhsil sahəsində sözün həqiqi mənasında silkələnmə baş verib:

"Müəyyən təyinatlardan və islahatlardan sonra təhsildəki bəzi neqativ hallar, qüsurlar aradan qaldırıldı. Əvvəllər mövcud olan problemlərə, görə müəllimlər öz peşələrindən uzaqlaşmağa çalışırdılar. Həmçinin, müəllim adına və nüfuzuna xələl gətirən fikirlər səsləndirilirdi. Sosial şəbəkələrdə də illər öncə bu məsələ gündəmdə idi. Ancaq şükürlər olsun ki, son illər müəllimə hörmət yenidən qayıtmağa başladı. Sübut olundu ki, ən bacarıqlı, qabiliyyətli, davranışında, nitqində və əməlində dürüst olan müəllimlər auditoriya qarşısına çıxanda heç bir problem yaşanmır”.

A.Həsrət vurğulayıb ki, müəllimlik adına ləkə gətirmək istəyən müəyyən qüvvələr var idi. Ancaq dövlət rəhbərliyi problemləri ortaya çıxardı və tezliklə aradan qaldırdı: 

"Son iki-üç ildə müəllim, alim, ziyalı, nurlu və işıqlı insan obrazı yenidən öz layiqli yerini almağa başladı. Müəllimlik peşəsinə nəinki xanımların, hətta kişilərin də rəğbəti, meyli artmaqdadır. Kiçik problemlər də getdikcə həllini tapmaqdadır. Bu da müvafiq qurumun rəhbərliyində təhsili bilən adamın olması, yəni cənab Prezidentin uğurlu kadr təyinatı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev deyirdi ki, "müəllimlikdən şərəfli və yüksək ad yoxdur”. Dövlət başçısı da məhz bu adı müəllimə geri qaytarır”.

Qeyd edək ki, Prezident İlham Əliyev bir qrup mədəniyyət və incəsənət adamları ilə görüşündə təhsil sahəsindəki uğurlardan da danışıb. Dövlət başçısı bəyan edib ki, artıq cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır: "Digər sahələrdə islahatlar aparılır və aparılmalıdır. Təhsil sahəsində islahatlar aparılır və deyə bilərəm ki, müəllim peşəsini seçən abituriyentlərin sayı kəskin artıb. Yəni, cəmiyyətdə müəllim peşəsinə ənənəvi hörmət qayıdır və bu, islahatlar nəticəsində mümkün olub. Təhsil sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, 3200-dən çox məktəbin tikilməsi əlbəttə ki, böyük dəyişikliklərə gətirib çıxardı”.

İsmayıl