“Almaniyanın Amerika ilə münasibətləri də soyuqlaşıb. Fikrimcə, Merkel tezliklə siyasi arenadan çəkilməli olacaq”
“Müharibə hər zaman masadadır”
Fərrux Məmmədov: “Rusiya Dağlıq Qarabağ ətrafında sadəcə siyasi şou göstərməklə məşğuldur, diqqətli olmalıyıq”
“Almaniyanın Amerika ilə münasibətləri də soyuqlaşıb. Fikrimcə, Merkel tezliklə siyasi arenadan çəkilməli olacaq”
“Almaniyanın Amerika ilə münasibətləri də soyuqlaşıb. Fikrimcə, Merkel tezliklə siyasi arenadan çəkilməli olacaq”
Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nə zaman baş tutacağı bəlli deyil. Ancaq görüş vaxtı daraldıqca düşmən tərəfin siyasi cığallığı müşahidə olunmaqdadır. Bu cığallıq müharibə təhdidlərindən tutmuş "diplomatik” gedişlərə qədər özünü büruzə verməkdədir. Ermənistan rəsmilərinin verdikləri bütün bəyanatlar iyun görüşünün təxirə salınmasına hesablanıb.
Ermənistan tərəfinin ciddi-cəhdlə mövcud "status-kvo”nu saxlamağa çalışması Azərbaycanla yanaşı, vasitəçi dövlətləri də narahat etməkdədir. Qarşı tərəfin boyun qaçırmasına baxmayaraq, prezidentlərin növbəti görüşünün baş tutacağına ümidlər böyükdür. Məlumatlara görə, hazırda ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşdə müzakirə olunacaq məsələlərin detalları üzərində iş aparırlar. Ancaq əksəriyyət hesab edir ki, işğalçı Ermənistana real iqtisadi və siyasi təzyiq edilmədən danışıqlar prosesindən irəliləyiş gözləməyə dəyməz. Proseslərlə bağlı "Şərq”ə müsahibə verən NATO Əməkdaşlıq İnstitunun prezidenti Fərrux Məmmədov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cərəyan edən prosesləri şərh edib...
- Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü gözlənilir. Həm Azərbaycan tərəfinin, həm də beynəlxalq güclərin görüşün müsbət nəticə verəcəyinə ümidləri var. Sizin baş tutacaq növbəti görüşdən gözləntiniz nədir?
- Prezidentlərin mütəmadi görüşməsi mütləqdir. Çünki bu kimi görüşlər münaqişənin həlli istiqamətində kiçik də olsa müsbət addımlar sayılır. Hətta bəzi hallarda görüşlər bizim üçün əhəmiyyət kəsb edir. Biz işğala məruz qalan tərəfik və dünya birliyi Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edir. Bu, bizə əlavə dividendlər qazandırır. Ancaq məsələ ondadır ki, belə görüşlər hər hansı problemin birdəfəlik çözülməsi anlamına gəlmir. Dağlıq Qarabağ münaqişəsi artıq qlobal problemlərin tərkib hissəsidir. Problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması isə Rusiyanın çöküşünün başlanğıcı deməkdir. Bax, sırf bu məsələ problemin həllinə əngəl törədir. Yəni Azərbaycanın Dağlıq Qarabağ problemi qlobal siyasi məsələlərdə açar rolunu oynayır. Bu baxımdan münaqişənin həlli o qədər də sadə deyil. Mürəkkəb bir hərbi siyasi prosesdir.
- Münaqişənin həlli istiqamətində ilk dəfədir ki, bu qədər fəallıq nümayiş etdirilir. Xüsusən, Rusiyanın "fəallığı” diqqət çəkir. Necə düşünürsüz, Moskvanın məqsədi Ermənistana təzyiq edərək problemi həll etməkdir, yoxsa "status-kvo”nu saxlamaq?
- Rusiya heç zaman münaqişənin həllində maraqlı olmayıb və olmayacaq. Tarixə baxdığımızda görürük ki, Rusiya son 25 ildə sadəcə işğalçı siyasəti yürüdüb və heç bir problemin həllində iştirakçı olmayıb. Əksinə, problem yaradan tərəfdir. Dağlıq Qarabağın, Abxaziyanın, Cənubi Osetiyanın işğalı, Moldovanın ərazisinə təcavüz, Krımın ilhaqı, Ukraynanın Şərq hissəsində separatizm siyasəti, Suriyada təxribat və s. Yüzlərlə belə misal gətirərək Kremlin əsas siyasi mahiyyətini ortaya qoya bilərik. Rusiyanın atdığı addımlar bizə doğru analiz etmək imkanı verir ki, Moskva münaqişə tərəfdarıdır. Rusiya Dağlıq Qarabağ ətrafında sadəcə siyasi şou göstərməklə məşğuldur. Ona görə də hər zaman diqqətli siyasət yeritməliyik.
- Danışıqlar masasında tərəflərin, xüsusən Azərbaycanın narazı qaldığı, razılaşmadığı bir çox məsələlər var. Rayonların mərhələli şəkildə qaytarılması, rus "sülhməramlılarının” bölgəyə yeridilməsi, Dağlıq Qarabağın statusu və s. Sizcə, hansı həll paketi Azərbaycanın maraqlarına nisbətən uyğun gəlir?
- Azərbaycan tərəfi haqlı olaraq narazı qalır. Axı biz işğal edən yox, işğala məruz qalan tərəfik. Əsas tələbimiz bütün torpaqların qeyd-şərtsiz Azərbaycana qaytarılması və daha sonra birgə yaşayış prosesinə start verilməsidir. Dağlıq Qarabağa rus "sülhməramlılarının” yerləşdirilməsi isə ümumiyyətlə yanlış addımdır. Yaddan çıxarmayın, rus qoşunları sadəcə işğal edir, onlar sülh ordusu deyil. Amma torpaqlar qaytarıldıqdan sonra əraziyə müvəqqəti BMT-nin sülhməramlıları yerləşdirilə bilər. Məncə, bu, Azərbaycan dövlətinin də maraqlarına xidmət etmiş olar. Əks halda, heç bir siyasi proses bizim dövlətçiliyimizə xeyir gətirməyəcək. Əksinə, milli təhlükəsizliyimizi təhdid altına salar.
- Ən son variant müharibə ehtimalıdır. Əksəriyyət əmindir ki, hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə Azərbaycan Ordusu düşməni əzəcək. Regionda marağı olan beynəlxalq güclər genişmiqyaslı savaşa imkan verərmi?
- Müharibə hər zaman masada olan və aktuallığını qoruyan siyasi hərbi prosesdir. Eyni zamanda mütləqdir, çünki torpaqları istənilən formada geri qaytarmalıyıq. Bu, ölkəmizin mənəvi haqqıdır. Lakin savaş sadəcə hərbi prosesden ibarət deyil. İstənilən münaqişədə siyasi dəstək daha çox önəmlidir. Azərbaycan hazırkı prosesdə özünə siyasi tərəfdaşlar toplamalıdır. Türkiyə, Pakistan, Ərəb ölkələri, Avropa dövlətləri və ABŞ bizim əsas müttəfiqlərimizdir. Dünya güclərini öz tərəfimizə çəksək, sabah heç kim Azərbaycana təzyiq etməyəcək. Bu, olduqca strateji məsələdir.
- Almaniya Bundestaqının erməni "soyqırımı” ilə bağlı qərarı da çox müzakirə olundu. Sizcə, bu məsələ Dağlıq Qarabağ münaqişəsinə hansı yönüylə mənfi təsir edə bilər?
- Almaniya Bundestaqının qərarı istər tarix, istər də siyasi baxımdan kökündən yanlış strateji addımdır. Bu qərarla Almaniya yüz illik müttəfiqini bir növ satmış oldu. Lakin bir şeyi ayırd edək ki, bu qərar alman hökumətinə aiddir, xalqa və dövlətə deyil. Alman dövlətinin başında duranlar çox yaxşı bilirlər ki, Avropanın milli təhlükəsizliyi Türkiyədən asılıdır. O ki qaldı məsələnin ikinci tərəfinə, əslində alman Bundestaqının Dağlıq Qarabağla bağlı da qətnaməsi mövcuddur. O qətnaməyə görə, torpaqlarımız qeyd-şərtsiz azad olunmalıdır. Əlbəttə, məsələlər fərqlidir, lakin hər ikisi türk dövlətlərinə aiddir. Almaniya Avropada söz sahibidir. Bu ölkə ilə münasibətləri yüksək saxlamaq lazımdır. Düşünürəm ki, alman hökuməti yalnış qərarlarını düzəldəcək.
- Angela Merkelin "Rusiya münaqişədə açar rolunu oynayır” ifadəsi də birmənalı qarşılanmadı. Ekspertlərə görə, Merkel Moskvanı problemə "hakim” təyin edir. Buna münasibətiniz necədir?
- Ümumiyyətlə, Merkel hökuməti son iki ildə siyasi proseslərdə geridə qalır. Digər tərəfdən kansler daxildə də getdikcə nüfuz itirir. Merkel və ətrafının Ukrayna siyasəti də tam şəkildə fiasko ilə nəticələndi. Qərarsız siyasi oyunları onları çətin duruma saldı. Bu baxımdan Merkelin hər hansı siyasi fikri normal qarşılanmalıdır. Onun istənilən açıqlaması hazırkı vəziyyətlərini göstərir. Putinə görə, Almaniyanın Amerika ilə münasibətləri də soyuqlaşıb. Fikrimcə, Merkel tezliklə siyasi arenadan çəkilməli olacaq. Türkiyə və Ukrayna siyasəti Merkelin qətiyyətsiz olmasını önə çıxardı. Bu isə Avropanın gələcək təhlükəsizliyi üçün təhdiddir. Amerika bir neçə dəfə Merkelə xəbərdarlıq edib və ehtiyatlı olmasını tövsiyə edib. Məncə, Almaniya ictimaiyyəti yeni lider üzərində düşünməlidir. Əks halda, dövlət nüfuzdan düşəcək”.
İsmayıl