“Müharibə qaçılmaz olacaq”
“Hamı gözəl bilir ki, savaş başladığı təqdirdə, Azərbaycan düşmən ölkənin ordusunu tamamilə əzəcək”
Cəbhə xəttində gərginlik davam edir. Təxribatçı hücumlarından vaz keçməyən Ermənistan tərəfi ciddi itkilər verməkdədir. Təbii olaraq, atışmaların intensivləşməsi və bölgədəki vəziyyətin nəzarətdən çıxması beynəlxalq aləmin də narahatlığına səbəb olur. Regionla bağlı maraqları olan dövlətlər tərəflər arasında müharibənin geniş miqyas almasına mane olmaq üçün təsirli addımlar atmağın zəruri olduğunun fərqindədirlər.
Elə ötən gün Helsinkidə toplanan ATƏT-in Misnk Qrupunun həmsədrlərinin məqsədi də gərginləşən vəziyyəti mümkün qədər stabilləşdirmək olub. Artıq beynəlxalq aləm Ermənistanın təxribatları nəticəsində Azərbaycanın səbrinin daşdığının fərqindədir. Həmsədrlər və beynəlxalq qurumlar anlayırlar ki, Azərbaycan hər an öz torpaqlarını işğaldan azad etmək üçün hərbi varianta əl ata bilər. Ona görə də səylərini artırmağa başlayıblar. Ancaq bütün zamanlarda olduğu kimi, Ermənistan yenə də danışıqlar prosesini pozmaqda və mövcud status-kvonun saxlanılmasında maraqlıdır. Bu isə Azərbaycanın qətiyyən marağında deyil. Azərbaycanın mövqeyi Ermənistanın işğal etdiyi torpaqlardan qeyd-şərtsiz çıxmasıdır. Sülhə nail olmağın yeganə yolu budur. Əks təqdirdə, müharibə qaçılmaz olacaq.
"Müharibə bu dəfə bütün Ermənistanı əhatə edəcək”
Cəbhə xəttindəki gərginliyi şərh edən məşhur araşdırmaçı-jurnalist, Karnegi Fondunun analitiki Tomas de Vaal da deyib ki, əgər münaqişə yenidən alovlanarsa, bu, Ermənistan və Azərbaycan arasında tammiqyaslı müharibəyə çevriləcək. Analitikin sözlərinə görə, ölkənin hüquqi ərazisinin 14 faizini təşkil edən torpaqları geri qaytarmağa Azərbaycanın daha çox stimulu var: "Qoşunların təmas xəttindən gələn siqnallar daha həyəcanlıdır. Yanvar təmas xəttində adətən sakit ay sayılır, amma bu il 12 nəfər həlak olub və 18 nəfər yaralanıb”. De Vaalın fikrincə, təmas xəttində istənilən yanlış hesablama müharibənin alovlanmasına səbəb ola bilər: "Erməni helikopteri Azərbaycanın mövqelərinə hücum etməsə də, tərəflərin razılaşdığı qeyri-rəsmi beş kilometrlik qadağan zonasına daxil olub. Vəziyyəti gərginləşdirən əsas amil budur”.
Ermənistan rəhbərliyi ölkə ictimaiyyətində Azərbaycan xofu yaratmağa çalışır
Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri cəbhədəki gərginliyin Ermənistanda, Rusiyada və dünyada gedən geosiyasi proseslərlə bağlı olduğunu deyib: "Sarkisyan hakimiyyəti Dağlıq Qarabağdakı proseslərə tam nəzarət edə bilmir. Ölkədə hakimiyyətə qarşı olan ictimai narazılıq rus əsgərinin erməni ailəsini qətl etməsindən sonra kuliminasiya nöqtəsinə çatıb. Ona görə də insanların diqqətini həm bu hadisələrdən, həm də ciddi iqtisadi sarsıntılardan yayındırmaq üçün mütləq mənada ictimai fikri başqa istiqamətə yönəltmək lazımdır. Bu istiqamət isə Qarabağda baş verən hərbi gərginliklə bağlıdır. Erməni hökuməti çalışır ki, cəbhədəki vəziyyəti gərginləşdirməklə ölkədə Azərbaycan xofu yaratsın. Yəni ermənilərə deyirlər ki, siz nə vaxt qarnınızın qayğısına qalacaqsınız, o zaman Azərbaycan Ordusu hücum edib hamınızı qıracaq. Belə bir qorxunu ictimai fikirdə bərpa etmək Sarkisyan hakimiyyətinin maraqlarına xidmət edir.
Rusiya da gərginliyin artmasında maraqlıdır
Politoloqun sözlərinə görə, Qərbin iqtisadi sanksiyaları fonunda əzilən, eyni zamanda Şərqi Ukrayna ərazilərində bataqlığa düşən Rusiya məğlubiyyətinin əvəzini başqa cəbhələrdə almaq istəyir: "Yəni Moskva bu davranışları ilə Qərbin maraqlarını təhdid edir və çalışır ki, Qərb dövlətləri iqtisadi sanksiyalardan vaz keçsinlər. Amma istənilən halda hər iki dövlətin yaratdığı təxribatlara Azərbaycan birmənalı cavab verməlidir. Çünki cəzasızlıq mühiti qarşı tərəfi daha da stimullaşdırır. Fikir verirsinizsə, helikopterin vurulması hadisəsindən sonra çox ciddi mənada Ermənistan tərəfi Azərbaycandan qorxmağa başlayıb. Bunu nəinki Rusiya, həmçinin düşmən ölkəyə havadarlıq edən digər ölkələrdə də anlayırlar. Hamı gözəl bilir ki, savaş başladığı təqdirdə Azərbaycan düşmən ölkənin ordusunu tamamilə əzəcək. Son günlər erməni təxribatının qarşısını məharətlə alan Silahlı Qüvvələrimiz bunu bir daha sübuta yetirdi. Ordumuz düşmənə nəfəs aldırmaq fikrində deyil.
Vəziyyət çox təhlükəlidir və hər an nəzarətdən çıxa bilər
Müharibənin başlama ehtimalına gəldikdə isə siyasi ekspert bəyan edib ki, istənilən təxribat hadisəsi böyük savaşa yol aça bilər: "Yaxınlaşan təhlükəni artıq dünya gücləri də hiss edir. Sülhə nail ola bilmədiklərinin fərqində olan beynəlxalq güclər ən azından atəşkəsi bərpa etmək üçün hərəkətə keçiblər. Həmsədrlərin toplanması və problemi müzakirə etməsi də atəşkəsin ömrünü uzatmaq məqsədi daşıyır. Çünki vasitəçilər bundan artığını bacarmırlar. Şübhəsiz ki, Qərb dünyası yeni bir savaşın çıxmasında maraqlı deyil. İndiki status-kvo beynəlxalq güclərin işinə yarayır. Ona görə ki, hələlik gündəmdə olan Ukrayna məsələsi var. Amma vəziyyətin gərginləşəcəyi istisna edilmir. Bu məsələdə İran faktorunu da nəzərə almaq lazımdır. Çünki İran hərbi gərginliyin fonunda həm Azərbaycana, həm də Ermənistana təzyiq vasitəsini qoruyub saxlaya bilir.
Gərginliyin səbəbi həmsədrlərin işğalçı Ermənistanın nazı ilə oynamasıdır
Politoloq Fikrət Sadıqov deyib ki, həmsədrlərin və ya digər beynəlxalq qurumların cəbhə xəttində artan gərginliyin qarşısını almaq üçün atdıqları addımlar nəticə verməyəcək. Çünki indiki gərginlik elə həmin həmsədrlərin işğalçı Ermənistanın nazı ilə oynamasının nəticəsidir: "Təcavüzkar erməniləri sadəcə quru çağırışlarla, bəyanatlarla yola gətirmək mümkün deyil. Nə qədər ki, vasitəçilər seyirçi mövqe tutacaqlar, atəşkəs mütəmadi pozulacaq, gərginlik də səngiməyəcək. Çünki dünya güclərinin Ermənistana laqeyd münasibəti düşməni cəsarətləndirir.
İsmayıl