“Müharibə şəraitində ordu cəmiyyətə açıq ola bilməz”
“Həmin deputatlar getsinlər öz seçicilərinin problemləri ilə maraqlansınlar”
"Ordu ilə bağlı məsələlər barədə çıxış edərkən bir qədər həssas olmalıyıq. Biz müharibə şəraitindəyik. Hər bir neqativ hal düşmən tərəfindən bizə qarşı istifadə olunur”. Bunu ötən gün Milli Məclisdə "Silahlı Qüvvələr haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən müdafiə nazirinin müavini, general Kərim Vəliyev deyib. Orduya ictimai nəzarət haqqında danışan general bildirib ki, onsuz da tez-tez hərbi hissələrdə komitələrin, deputatların, müxtəlif təşkilatların görüşü təşkil olunur:
"Hərbi hissələrdə keçirilən görüşlərdə iştirak edənlər real vəziyyəti görürlər. 50-yə yaxın media nümayəndəsi Müdafiə Nazirliyində qeydiyyatdan keçib və onlar müraciət etdikləri zaman reportajlar hazırlamaq üçün hərbi hissələrə və ön cəbhəyə buraxılırlar. Təbii ki, bu zaman məxfilik də nəzərə alınır. Eyni zamanda Ombudsman İnstitutu da bu prosesdə iştirak edir”.
Spiker Oqtay Əsədov bəyan edib ki, Milli Məclis hərbi məsələlərdə özünü məsuliyyətli sayır. Sədr generalı narahat olmamağa çağırıb: "Unutmaq lazım deyil ki, burada tənqidi fikir səsləndirən hər deputat Azərbaycan Ordusundakı hər məsələyə görə özünü məsuliyyətli sayır, cavabdeh hesab edir. Milli Məclisdə çıxışlar edilir. Amma bəzən jurnalistlər məsələni kontekstdən çıxarıb yayırlar”.
Xatırladaq ki, məsələ parlamentdə gündəmə gətiriləndə bir qrup deputat müharibə şəraitindən dolayı ordunun qapalı qalmasını, medianın ordu ilə bağlı hər şeyi açıq yazmasının yanlış olduğunu dilə gətiriblər. Lakin digər deputatlar isə bildiriblər ki, ordu cəmiyyətə, xüsusən mediaya açıq olmalıdır. Əks halda orduda gedən proseslərlə bağlı ictimaiyyətdə müəyyən dezinformasiyalar yayılır. Mövzu KİV nümayəndələri arasında da birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı "Şərq”ə danışan, tanınmış tədqiqatçı jurnalist, ehtiyatda olan baş leytenant, "www.azim.az” portalının baş redaktoru Təbriz Vəfalı bildirib ki, informasiya müharibəsində qələbə qazanmaq və üstünlüyü əldə saxlamaq üçün elektron və yazılı media orqanlarının əməkdaşları ilə sıx əməkdaşlıq etmək lazımdır. Lakin ekspert müharibə şəraitində olan Azərbaycanda ordunun cəmiyyətə və mediaya açıq olması barədə deputatların dediklərini qəbul etmədiyini deyib. Onun sözlərinə görə, hərbi telekanal və ya internet televiziyasının yaradılması, ordumuzla bağlı xəbərlərin və çəkilişlərin müxtəlif dillərdə yayımlanması siyasi və hərbi nüfuzumuzun artmasında və vətəndaşlarımızın orduya inamının güclənməsində mühüm rol oynaya bilər:
"Bu məsələdə problem dövlət və hərbi sirlərin qorunması, hərbi qulluqçularımızın, strateji hərbi obyektlərin, hərbi hissələrin və bazaların təhlükəsizliyinin təmin edilməsidir. Xatırlatmaq istəyirəm ki, elan olunmamış Qarabağ müharibəsinin başladığı ilkin dövrlərdə hərbçilərimizin tutduqları döyüş mövqeləri, silah-sursat, hərbi texnika və digər hərbi məsələlərlə bağlı məqalələrin yazılması və fotoşəkillərin çəkilməsi, onların qəzetlərdə dərci, televiziya çəkilişlərinin aparılması, radioxəbərlərin yayımlanması Azərbaycana çox baha başa gəldi. Ermənilər bəzən danışılanlardan, yazılanlardan, fotoşəkillərdən və telekadrlardan döyüş mövqelərimizin yerlərini və bizimkilərin hərbi güclərini öyrəndilər. Top mərmisi, "Kristal” və "Alazan” raketləri ilə xeyli döyüşçümüzü şəhid etdilər. Bəzi döyüşçülərimiz yaralandı, müəyyən strateji döyüş nöqtələri düşmənlərin əllərinə keçdi. Ona görə də müharibə şəraitində olan Azərbaycanda ordunun cəmiyyətə, mediaya açıq olması barədə deputatların dediklərini qəbul etmirəm. Təkcə, Müdafiə Nazirliyinin deyil, Azərbaycan Respublikasının digər hərbi birləşmələri, strateji obyektləri də cəmiyyətə və mediaya qapalı olmalıdır. Mən bu fikirləri həm zabit, həm də jurnalist kimi bildirirəm. Jurnalistlər yazmağa başqa mövzu tapa bilmirlərmi? Deputatların başqa işləri-gücləri yoxdurmu? Madam millət vəkilləri ordunun cəmiyyətə və mediaya açıq olmasını istəyirlər, onda dövlət sirrinin, hərbi sirrin qorunması ilə bağlı qanunvericilik sənədlərinin dəyişdirilməsini də gündəmə gətirsinlər. Çünki qanun dövlət və hərbi sirrin yayılmasını qəti qadağan edir və buna görə məsuliyyət daşınır. Deputatlardan soruşuram, əgər hər hansı bir media orqanının, jurnalistin ordu haqqında yazdığı və yaydığı xəbərdən sonra hərbi qulluqçuların həyatları ciddi təhlükə altında qalarsa, ordunun mediaya açıq olmasını istəyən millət vəkilləri buna görə məsuliyyəti öz üzərlərinə götürəcəklərmi? Təbii ki, xeyr. Həmin deputatlar getsinlər öz seçicilərinin problemləri ilə maraqlansınlar. Ölkəmizdə mövcud olan problemlər barədə məsələ qaldırsınlar, təkliflər irəli sürsünlər və layihələr hazırlasınlar. Əgər həmin deputatlar bu cür açıqlamalarla media orqanlarına daha yaxın olacaqlarını düşünürlərsə, yanılırlar”.
Təbriz Vəfalı Müdafiə Nazirliyi, Respublika Baş Prokurorluğu, Hərbi Prokurorluq və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarından ibarət koordinasiya şurasının yaradılmasını təklif edib:
"Həmin şuranın nəzarəti altında Azərbaycan Silahlı Qüvvələrində zabit kimi hərbi qulluq keçmiş, ehtiyata buraxılmış və hazırda ölkə mediasının tanınmış simalarından olan populyar jurnalistlərin ordu ilə bağlı xəbərlər və yazılar yazmasına şərait yaradılmalıdır. Çünki onlar hərbi sirrin nə olduğunu, nəyi yazmağın, nəyi danışmağın, nəyin şəklini çəkməyin vacib olduğunu digər jurnalistlərdən, xüsusilə də xanım jurnalistlərdən daha yaxşı bilirlər. Hər şey ciddi nəzarət altında olmasa, hərbi sirrin qorunması və hərbi təhlükəsizliyimiz ciddi təhlükə altına düşər”.
Mövzu ilə bağlı "Şərq”ə açıqlama verən "Azadinform” informasiya agentliyinin rəhbəri Niyaz Niftiyev isə Azərbaycan Silahlı Qüvvələrinin tam qapalı olmasının əleyhinə olduğunu deyib: "Ordu cəmiyyət, xüsusən də media üçün açıq olmalıdır. Çünki ordu cəmiyyətin üzvlərindən formalaşır, insanlar nə baş verdiyindən xəbərdar olmalıdır.
Vətəndaş cəmiyyətinin üzvləri, xüsusən də bu sahədə ixtisaslaşmış jurnalistlərin hərbi hissələrə girib-çıxmalarında problem görmürəm.
Əlbəttə, media bu prosesdən sui-istifadə etməməlidir. Ordu ilə bağlı, xüsusən də dövlət sirrinə aid edilən məlumatların yayılması onsuz da qanunla qadağan edilib. Normal KİV-lərin bu məsələdə sui-istifadə hallarına yol verə biləcəklərini düşünmürəm. Kim yol verəcəksə, onlar da qanunlara cavab verəcək”.
İsmayıl